Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3603/2021 26.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X6 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X2 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 2014-cü il 18 iyun tarixli kredit müqaviləsi üzrə 10840, 21 manat əsas borc, 6175, 84 manat faiz borcu, 1044,03 manat cərimə və 18.06.2019-cu il tarixdən 12.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1015,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19075,93 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-cü il 13 iyun tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Sumqayıt” filialında 120 ay müddətinə 30000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2014-cü il 18 iyun tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25%-lə 60 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən, 31/8 nömrəli evin 5 nömrəli mənzili 2014-cü il 13 iyun tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2014-cü il 18 iyun tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2021-ci il martın 12-dək Cavabdeh1 2014-cü il 18 iyun tarixli kredit müqaviləsi üzrə banka 10840,21 manat əsas, 6175,84 manat faiz, 1044,03 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 18060.08 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İş üzrə məhkəmə tərəfindən məhkəmə-mühasibatlı vəqiymətləndirmə ekspertizaları təyin edilmiş və iş üzrə icraat ekspert rəyləri alınanadək dayandırılmışdır. Müvafiq ekspert rəyləri məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ekspert rəyləri ilə razılaşır. Qeyd olunanlara əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh Məhbubə Məşədiyeva xx.xx.1956-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin mənzildə ondan başqa Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Ayan Məşədiyeva qeydiyyatdadırlar. Cavabdeh2 xx.xx.1978-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh Məhbubə Məşədiyeva arasında bağlanmış 13 iyun 2014-cü il tarixli, 4-G-1-0-602-14 saylı əsas kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 120 ay müddətinə, illik 30000 manat kredit limiti ayrılmışdır. Eyni tərəflər artasında bağlanmış 18.06.2014-cü il tarixli 4-G-1-0-602-14-(1) saylı istehlak krediti müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə, illik 25 faizlə 20000 manat kredit vermişdir. Kreditin cavabdehə verilməsini işdə olan kassa məxaric orderi də təsdiq edir. Ödəniş cədvəlinə əsasən cavabdeh Məhbubə Məşədiyeva iddiaçıya 60 ay müddətinə hər ay 587,03 manat, sonuncu ay isə 586,63 manat ödəniş etməli idi. Eyni tərəflər arasında bağlanmış 13.06.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh Məhbubə Məşədiyevanın xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzili kreditin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ilə cavabdehlər Məhbubə Məşədiyeva və Cavabdeh2 arasında bağlanmış 18.06.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Məhbubə Məşədiyevanın iddiaçı qarşısında kredit öhdəliyi üzrə zaminliyi öz üzərinə götürmüşdür. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzili cavabdeh Məhbubə Məşədiyevanın xüsusi mülkiyyətindədir. RX seriyalı, ******* saylı çıxarışa əsasən həmin mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən cavabdehə 03.02.2021-ci il tarixdə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. İşdə olan maliyyə arayışına əsasən cavabdeh Məhbubə Məşədiyevanın 12.03.2021-ci il tarixinə banka əsas borc üzrə 10840,21 manat, faiz borcu üzrə 6175,84 manat, cərimə üzrə 1044,03 manat, 1015,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 19075,93 manat təşkil edir. İşdən göründüyü kimi iddiaçı tərəfindən göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində 11.02.2021-ci il tarixində qeydə alınmışdır. İşin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4748 saylı, 14.07.2021 il tarixli ekspert rəyində göstərilmişdir ki, cavabdeh Məhbubə Məşədiyevanın kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi 18.06.2019-cu il tarixinə əsas borc üzrə 12140,21 manat, faiz borcu üzrə 7309,06 manat, maliyyə arayışının tərtib edildiyi 12.03.2021-ci il tarixinə əsas borc üzrə 10840,21 manat, faiz borcu üzrə 12505,35 manat təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında "xxxx" MMC-nin 29.09.2021-ci il tarixli qiymətləndirmə hesabatında Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzilinin bazar dəyəri 33800 manat, likvid dəyəri isə 28000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh Məhbubə Məşədiyeva arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 60 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh Məhbubə Məşədiyeva kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka borcu qalmışdır. İş üzrə verilmiş ekspert rəyində Məhbubə Məşədiyevanın əsas borcu iddia ərizəsində göstərilən məbləğdə, faiz borcu isə bir qədər artıq göstərilmişdir. Bu səbəbdən iddia ərizəsində göstərilən məbləğdə əsas və faiz borcu cavabdeh Məhbubə Məşədiyevadan iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iddiaçı gecikməyə görə 1103,95 manat məbləğində əldən çıxmış fayda tələb edir ki, ekspert rəyində 12.03.2021-ci il tarixinə hesablanmış həmin məbləğ 5196,29 manat təşkil edir. Bu səbəbdən məhkəmə iddia ərizəsində göstərilən məbləğdə əldən çıxmış fayda məbləğinin cavabdehdən tutulmalı olması qənaətinə gəlir. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 10840,21 manat əsas borc məbləğinə 1044,03 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Məhbubə Məşədiyevanın iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşldur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Məhbubə Məşədiyeva ilə birgə məsuliyyət daşıyır. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzili iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı Məhbubə Məşədiyevanın kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, Məhbubə Məşədiyevanın kredit borcu üzrə tələb həmin ipoteka predmetinə yönəldilməli, mənzil açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Göründüyü kimi "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirilməsi barədə 29.09.2021-ci il tarixli hesabatında ipoteka predmetinin likvid qiyməti 28000 manat məbləğdə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mənzilin qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait cavabdeh Məhbubə Məşədiyevanın kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği cavabdehdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. İpoteka predmeti olan mənzildə qeydiyyatda olan şəxslərin mənzil satıldıqdan sonra mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları ilə bağlı məhkəmə qeyd edir ki, həmin məsələlər ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra həll edilməli məsələlərdir ki, hazırkı halda iddiaçı ipoteka predmeti olan mənzilin mülkiyyətçisi olmadığı üçün iddia tələbi tələbi həmin hissədə təmin edilə bilməz. Bununla yanaşı qeyd edilməlidir ki, “İpoteka haqqında” Qanunda göstərilmişdir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar (59.4.). MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehlər Məhbubə Məşədiyevaya və Cavabdeh2 aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 10840,21 manat, faiz borcu üzrə 6175,84 manat, cərimə üzrə 1044,03 manat, 18.06.2019-cu il tarixdən 12.03.2021-ci ilədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1015,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 19075 (on doqquz min yetmiş beş) manat 93 (doxsan üç) qəpik məbləğində pul cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. X1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərracda satılsın. Mənzilin satışından əldə edilmiş vəsait hesabına X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. Mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ X2 və Cavabdeh2 ümumi qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ X4 qaytarılsın. Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzilinin ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hazırkı qətnamə Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən 31/8 nömrəli evin 5 nömrəli mənzilinə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3603/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3603/2021
26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver