Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3605/2024 13.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia qaldıraraq, onun və uşaqlarının Sumqayıt şəhəri, 2-ci mikrorayon, 31/71 saylı evin 21-ci mənzilinə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2006-cı il tarixdə el adəti ilə toy edib ailə qurmuş və o, cavabdehlərin yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, 31/71 saylı evin 3 otaqlı 21-ci mənzilinə gəlin köçmüşdür. Toydan əvvəl valideynlərinin ona cehiz şəklində verdikləri əmlakları birlikdə yaşayıb birgə təsərrüfat idarə etmək məqsədilə mübahisəli mənzilə yerləşdirmişdirlər. xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçməklə ailə münasibətlərini rəsmiləşdirmişdirlər. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı iki uşaqları anadan olmuşdur. O, mübahisəli mənzilə gəlin köçəndə mənzil dövlət mənzil fonduna aid olmuş və mərhum nənəsi X2 adına olmuşdur. xx.xx.2010-cu il tarixdə mənzil nənəsinin adına özəlləşdirilmiş və nənəsi xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Mübahisəli mənzil Sumqayıt şəhəri, 2-ci mikrorayon, 31/71 saylı evin 3 otaqlı 21-ci mənzilindən ibarətdir və hələ də mərhum nənəsinin adınadır. Toylarından sonra o, bu günə kimi cavabdehlərlə birlikdə bu mənzildə yaşamış, birgə təsərrüfat aparmış və bu gün də yaşayır. Hesab edir ki, onun və uşaqlarının cavabdehlərin ailə üzvü kimi həmin mənzilə cavabdehlərlə birlikdə istifadə hüquqları yaranmışdır. Çünki o, cavabdehlərin evinə onların istəyi və razılığı ilə gəlin gəlmiş, 18 ildən artıq müddət ərzində onlarla birgə təsərrüfat aparmaqla iki uşaq dünyaya gətirmiş, ana olmuşdur. Onunla Cavabdeh1 arasında rəsmi nikah qeydiyyatı mövcuddur, onun həyat yoldaşıdır. Birgə nikahdan iki azyaşlı uşaqları var. Ona görə də hesab edir ki, onun və azyaşlı uşaqlarının mübahisəli mənzilə olan istifadə hüquqları məhkəmə qaydasında tanınmalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 2006-cı ildə sözügedən mənzilə gəlin köçmüşdür. Mənzil nənəsinin mükiyyəti olmuş, nənəsi rəhmətə getdikdən sonra mənzili qaynanasına hədiyyə etmişdir. Dəfələrlə həmin mənzilə qeydiyyata alınmaqla bağlı müraciət etsə də, qaynanası razı olmamışdır. Qaynanası Cavabdeh2dır. Digər cavabdehlər Qazax şəhərində yaşayırlar. Cavabdeh1 əmisi oğludur. Mənzil 1988-ci ildən nənəsinin mülkiyyətində olmuşdur. Qeyd olunan mənzil qaynanasının adına deyildir. Miras əmlak heç kim tərəfindən qəbul olunmamışdır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddiaçının tələbi ilə razıdır. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 bacılarıdır.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
7. AZ-İ 272901 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 01 sentyabr 2006-cı il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1237 nömrəsi ilə qeydiyyat aparılmışdır.
8. AZ-İ 814319 saylı və AZ-İİ 390448 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X9 xx.xx.2006-cı ildə, X4 xx.xx.2010-cu ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh1, anası isə İddiaçıdır.
9. 6 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 200 nömrəli arayışdan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 31/71, 21 saylı mənzil 3 otaqlıdır, sahəsi 48,40 kv.m-dir, mənzil xx.xx.2010-cu il tarixdə ******* nömrəli çıxarışa əsasən X2 adınadır, Cavabdeh2, X4, X5, X6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 ailə üzvləridir.
10. 6 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası X3, qonşu Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 31/71, mənzil 27-də yaşayan X7, qonşu Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 31/71, mənzil 35-də yaşayan X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, qonşuların dediyinə görə İddiaçı ünvan 1-ə xx.xx.2006-cı ildən gəlin gəlmiş, bugünə qədər həmin ünvanda ailəsi ilə birlikdə yaşayırlar.
11. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 23 iyun 2010-cu ildə qeydiyyata alınmışdır.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
13. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:
53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçını, onun nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
15. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 31/71 saylı evin 21 saylı mənzili X2 adına daşınmaz əmlakın dövlət reyestrində 23 iyun 2010-cu ildə qeydiyyata alınmışdır. Həmin mənzil 03 avqust 1988-ci il tarixli order əsasında onun sahibliyində və istifadəsində olmuşdur. X10 2016-cı il tarixdə vəfat etmişdir. İddiaçı hazırda həmin mənzilə 2006-cı ildə gəlin köçdüyünü, X2 nənəsi olduğunu bildirir və sözügedən mənzilə onun və uşaqlarının da istifadə hüququnun tanınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən X2 adına vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Xidmətlər Portalında” vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı sorğu edilmiş, lakin onun adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir.
16. İddiaçı hazırda həmin mənzildə qeydiyyata olan şəxsləri cavabdehlər qismində qoyaraq sözügedən mənzil üzərində onun və uşaqlarının istifadə hüququnun tanınmasını məhkəmədən xahiş edir. Halbuki sözügedən mənzilin mülkiyyətçisi vəfat etmiş və ondan qalmış miras əmlakla bağlı vərəslik işi açılmamışdır.
17. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin öz qərarlarında formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, hüquq və azadlıqların müdafiəsinin ən mühüm elementi olan məhkəmə qarşısında iddiaçı və ya cavabdeh qismində iddia qaldırmaq və ya müdafiə olunmaq hüququnun realizəsi üçün, ilk növbədə, prosessual qaydalara dəqiq riayət olunması mütləqdir. Məhz bu məqsədlə Mülki Prosessual Məcəllə ilə qanunverici mülki məhkəmə icraatının ümumi qaydalarını, prinsip və şərtlərini təsbit etmiş, işdə iştirak edən şəxslərin, o cümlədən tərəflərin dairəsini və onlara qarşı irəli sürülmüş tələbləri, həmçinin hüquq və vəzifələrini müəyyən etmişdir.
18. Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
19. Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir.
20. İstinad olunan prosessual normaların tələblərindən göründüyü kimi, iş üzrə tərəflər yalnız iddiaçı və cavabdehdir. Tələb etmək hüququ olan şəxs iddiaçı, iddiaya cavab vermək vəzifəsi olan şəxs isə cavabdehdir.
21. Lakin hazırki işdə iddiaçının üzərində özünün və uşaqlarının istifadə hüququnun tanınmasını tələb etdiyi mənzilin mülkiyyətçisi vəfat etdiyindən, həmin mənzildə qeydiyyatda olan şəxsləri cavabdeh qismində qoymuşdur ki, məhkəmə hesab edir ki, həmin şəxslər hazırki iddia üzrə cavabdehlik daşımır.
22. İddiaçıya izah olunsun ki, hazırki iddia ilə mübahisə predmeti olan mənzilin mülkiyyətçisi X2 vərəsələrinə qarşı iddia ilə məhkəməyə müraciət edə bilər.
23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin ediməməlidir.
Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva