Məhkəmə qərarları › İş №2(060)-3607/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3607/2024

09.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3607/2024 09.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh təsisçisi və direktoru olduğu "xxxx" MMC ilə 20 dekabr 2023-cü il tarixli “Avtomobil icarə müqaviləsi” bağlayaraq, mülkiyyətində olan **-HG-*** dövlət qeydiyyat nişanlı “X1” markalı nəqliyyat vasitəsini hər günü 100 manat olmaqla, 2 gün müddətinə icarəyə götürüb (müqavilənin 1.1 və 3.1-ci bəndi). Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh icarə haqqını icarə müddətinin sonuncu günü olan 22 dekabr 2023-cü il tarixdə ödəməli olsa da, cavabdeh icarə haqqı olan 200 manatı iddiaçıya ödəməkdən bu günədək imtina edib. Bundan başqa, Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamaqla və vicdanla, ehtiyyatla, mülki hüquqda mövcud olan dürüstlük prinsiplərinə uyğun olaraq idarə etməklə bağlı şərtlərini (2.4.1 və 2.4.2-ci bəndləri) pozaraq 20 dekabr 2023-cü il tarixdə Bakı-Quba yolunu 77.8-ci kilometrində surət həddini aşdığı üçün ona 50 manat, 22 dekabr 2023-cü il tarixdə isə ünvan 1 ünvanında dayanma-durma qaydalarını pozduğunu üçün 20 manat miqdarında cərimə yazılmışdır. Lakin, dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdeh göstərilən inzibati xəta pozuntusuna görə 70 manat miqdarında cəriməni ödəməkdən imtina edib. Yuxarıda göstərilənlərdən göründüyü kimi, cavabdehin iddiaçıya ümumilikdə 270 manat (200 manat icarə haqqı və 70 manat inzibati cərimə) borcu yaranıb. Dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdeh 270 manat pulu ödəməkdən imtina edib. Göstərilənləri nəzərə alaraq Cavabdeh icarə haqqı olan 200 manat, inzibati cərimə olan 70 manat, müqavilə üzrə icarə müddətinin bitmə tarixi olan 22 dekabr 2023-cü il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə göndərildiyi 15 aprel 2024cü il tarixədək, 115 gün müddətində əsas borcdan yaranmış 310,5 (üç yüz on manat əlli qəpik) manat faiz borcunun (270 manat/ 100 % = 2,7 manat X115 gün = 310,5 manat) və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 610,5 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşin faktiki halları və iş üzrə toplanmış sübutlara əsasən Cavabdeh mülkiyyətdə olan **-HG-*** dövlət qeydiyyat nişanlı, “X1” markalı nəqliyyat vasitəsini hər günü 100 manat olmaqla 2 gün müddətinə icarəyə götürüb. Lakin, cavabdeh cəmi 200 manat icarə haqqını iddiaçıya ödəməkdən imtina edib. Bundan başqa, cavabdeh yol hərəkəti qaydalarını pozduğu üçün 50 manat və 20 manat miqdarında olmaqla iki dəfə inzibati qaydada cərimə edilib. Lakin cavabdeh inzibati cərimələrin cəmi məbləği olan 70 manat pulu da, ödəməkdən imtina edib. Beləliklə, cavabdehin iddiaçıya 270 manat (200 manat icarə haqqı və 70 manat inzibati cərimə) əsas borcu yaranıb. Bundan başqa, cavabdehin iddiaçıya əsas borcdan əlavə 310,5 manat faiz borcu (270 manat / 100 % = 2,7 manat x 115 gün = 310,5 manat) yaranıb. Belə ki, tərərflər arasında bağlanmış müqavilənin 2.2.11-ci bəndinə əsasən icarəyə verən İcarəçidən müqavilə dəyəri, həmçinin vurulmuş zərərə və digər ödənişlərin gecikməsinə görə gecikdirilən hər gün üçün müqavilədə nəzərdə tutulan miqdarda faiz tələb etmək hüququna malikdir. Həmin Müqavilənin 2.4.7-ci bəndinə əsasən müqavilə dəyərini, istifadə zamanı təqsiri nəticəsində yaranmış bütün növ xərcləri vaxtında ödəmək, ödənişləri gecikdirdiyi halda bu müqavilədə nəzərdə tutulmuş faizləri ödəmək icarəçinin vəzifəsidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan ödənişlərin gecikməsinə görə icarəçi hər gün üçün gecikdirilən məbləğin 1%-i miqdarında faiz ödəyir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən icarəçinin faiz öhdəliyi bütün növ ödənişlərin gecikdirilməsi zamanı təbiq edilir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən icarəçinin gecikmə ilə bağlı öhdəliyi faizdir və heç bir orqan və məhkəmə tərəfindən hesablanmış faiz dəbbə pulu, cərimə və şair kimi qiymətləndirilərək, məbləğ azaldıla bilməz. Göstərilənlərə əsasən, Cavabdeh 270 manat əsas borc və müqavilə üzrə icarə müddətinin bitmə tarixi olan 22 dekabr 2023-cü il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə göndərildiyi 15 aprel 2024-cü il tarixədək, 115 gün müddətində əsas borcdan yaranmış 310,5 manat faiz borcunun (270 manat/100 % = 2,7 manat x 115 gün = 310,5 manat) dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən imtina edib. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən "xxxx" MMC cavabdehə iki dəfə pretenziya məktubu ilə müraciət edərək pulun ödənilməsini tələb etsə də, cavabdeh borcunu ödəməkdən yenə də, imtina edib. Odur ki, cavabdehdən 270 manat əsas borcun, 310,5 manat faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 610,5 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Göstərilənlərə əsasən Cavabdeh icarə haqqı olan 200 manat, inzibati cərimə olan 70 manat, müqavilə üzrə icarə müddətinin bitmə tarixi olan 22 dekabr 2023-cü il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə göndərildiyi 15 aprel 2024-cü il tarixədək, 115 gün müddətində əsas borcdan yaranmış 310,5 manat faiz borcunun (270 manat /100 % = 2,7 manat X115 gün = 310,5 manat) və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 610,5 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı tərəfindən məhkəməyə ərizə göndərilərək, işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmi edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, “ünvan tam deyil” qeydi ilə bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, BA303442 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür k, “X1” minik markalı, ** HG *** dövlət nömrə nişanlı avtomobil İddiaçı məxsusdur.

9. İş materiallarında olan icarəyə verən "xxxx" MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 40 nömrəli avtomobil icarə müqaviləsinə əsasən icarəyə verən “X1” minik markalı, ** HG *** dövlət nömrə nişanlı avtomobili icarəçiyə bu müqavilədə nəzərə tutulan müddətdə icarəyə verməyi, icarəçi müqavilə dəyərini icarəyə verənə ödəməyi öhdəsinə götürür.

10. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi bu müqavilənin 1.1-ci maddəsində göstərilən nəqliyyat vasitəsinin bir günlük icarə haqqı olan 100 manat pulu müqavilə imzalandığı anda icarəyə verənə ödəyir.

11. İş materiallarından görünür ki, ** HG *** dövlət nömrə nişanlı avtomobilə 20 dekabr 2023-cü il tarixdə sürücü tərəfindən Bakı-Quba yolunu 77.8-ci kilometrində surət həddi aşdığı üçün 50 manat, 22 dekabr 2023-cü il tarixdə isə ünvan 1 ünvanında dayanma-durma qaydalarını pozduğu üçün 20 manat miqdarında cərimə yazılmışdır.

12. İş materiallarında olan Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, icarəyə verən "xxxx" MMC ilə icarəçi Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 40 nömrəli avtomobil icarə müqaviləsi bağlanmış, Cavabdeh icarə müqaviləsinin şərtlərini pozaraq, öhdəliyini icra etməmişdir. Hazırda İddiaçı xx.xx.2023-cü il tarixli, 40 nömrəli avtomobil icarə müqaviləsinə əsasən ödənilməmiş icarə haqqını, ona hesablanmış faiz borcunu və cərimə borcunu cavabdehdən tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsi müəyyən edilməlidir.

15. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.

17. Belə ki, iş materiallarından görünür ki, sözügedən avtomobil (“X1” minik markalı, ** HG *** dövlət nömrə nişanlı) İddiaçı mülkiyyətində olsa da, avtomobil icarə müqaviləsinin tərəfləri "xxxx" MMC ilə Cavabdehdur. Həmçinin hazırda tələb edilən borc məbləği məhz avtomobil icarə müqaviləsinin şərtlərinin pozulması əsasında yaranmış borc məbləğidir.

18. Belə ki, icarəyə verən "xxxx" MMC ilə icarəçi Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 40 nömrəli avtomobil icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən icarəçi müqavilənin 2.4-cü bəndində nəzərdə tutulan vəzifələrini pozduğu halda icarəyə verən qarşısında tam maddi məsuliyyət daşıyır və buna görə də, bu müqavilə nəzərdə tutulan pul məbləğini icarəyə verənə ödəyir.

19. Göründüyü kimi iddiaçının subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir.

20. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair dair iddia tələbi rədd edilməlidir.

21. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar