Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3610/2025 25.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh etibardan sui-istifadə və aldatma yolu ilə əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə ələ keçirdiyi, 7500 manat pulunun və ödənilmiş 95 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə İddiaçı oğlu İlqar Bayramovu Sumqayıt şəhər İcra Hakimiyyətində işləyən “Humay” adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhərində yerləşən tütün fabrikində komputer mühəndisi işinə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 11 yanvar 2022-ci il tarixdə İddiaçı yaşadığı ünvan 1 ünvanında sonuncudan 7500 manat pul vəsaitini ələ keçirməklə zərərçəkmiş İddiaçı ümumilikdə xeyli miqdarda - 7500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göründüyü kimi cavabdeh etibardan sui-istifadə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 7500 manat pulunu ələ keçirmişdir. Bu əməllər məhkəmə qaydasında sübuta yetirilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli, 1(060)-221 /2023 saylı hökmü ilə (hakim Z.Hacıyev) Cavabdeh (xx xxxxxxxx 1969-cu il tarixdə Ermənistan Respublikası, Sisyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Azəriqaz” Sumqayıt Qaz İstismar Sahəsində mühəndis işləyən, əvvəllər məhkum edilməmiş, Sumqayıt şəhəri, 40-cı Məhəllə, ev 197, mənzil 243də qeydiyyatda olub, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal Abşeron binası, ev 4, mənzil 126-da yaşamış, barəsində "xxxx" qətimkan tədbiri seçilməklə hazırda PX-in 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona vurulan ziyan öz təsdiqini tapsa da, şəxs əməlini etiraf etsə də bu günə qədər ona olan borcundan bir qəpik belə ödənilməmişdir. Bu səbəbdən mülki qaydada pulu ödənilsin deyə məhkəməyə iddia ərizəsi vermək qərarına gəlmişdir. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-221/2023 saylı hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək "xxxx" qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından həbs edilməsi hökm edilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-362/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli, 1 (060)-221 /2023 saylı hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara aınmışdır.
Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
--439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
10. Belə ki, mülki iş materialları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı aldadaraq ondan oğlu İlqar Bayramovu Sumqayıt şəhərində yerləşən tütün fabrikində kompyüter mühəndisi işinə düzəltməsi üçün 7500 manat məbləğində pul vəsaiti almışdır.
11. Məhz qeyd edilən əməl də nəzərə alınmaqla Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-221/2023 saylı hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-362/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli, 1 (060)-221 /2023 saylı hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Beləliklə, cavabdehin qeyd olunan işin müqabilində iddiaçıdan 7500 manat məbləğində pul vəsaiti alması qanuni qüvvəsini almış məhkəmə hökmü əsasında öz təsdiqini tapır. Hazırda iddiaçı cavabdeh tərəfindən ona 2750 məbləğində pul vəsaitinin ödənilməsini tələb edir.
13. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə uyğun olaraq qeyd edilən hökm hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir.
14. Qeyd olunan maddəyə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət əməlinin olub-olmaması və bu əməlin kim tərəfindən törədilməsi ilə bağlı cinayət işinə baxmış məhkəmənin hökmdə gəldiyi nəticələr mülki işə baxan məhkəmə üçün məcburidir.
15. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
16. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı).
17. Beləliklə cavabdehin iddiaçının hesabına əsassız varlanması halı təqdim edilmiş sübutlar (yuxarıda adı qeyd edilən hökm) əsasında öz təsdiqini tapmışdır.
18. Məhkəmə hesab edir ki, Cavabdeh 7500 (yeddi min beş yüz) manat pul vəsaiti və 95 (doxsan beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Nəticə:
19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat pul vəsaiti və 95 (doxsan beş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva