Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-362/2022 21.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, tikintidə fəhlə işləri ilə məşğul olur. Cavabdehin sifarişi əsasında onun Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi ünvanında olan qarajında 2020ci ilin oktyabr ayında söküntü betondan çıxmış armaturları düz vəziyyətə gətirərək Cavabdeh təhvil vermişdir. Cavabdehin sifarişi ilə ona təhvil verdiyi 15 ton armatura görə cavabdeh ona zəhmət haqqı olaraq 1000 manat ödəməyi öhdəsinə götürmüşdür. İşləri görəndən və armaturları Nadirə təhvil verəndən sonra o, pulu ödəməkdən imtina etmişdir . O, məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər Pİ-nin 2-ci Polis Bölməsinə müraciət etmişdir. 2-ci Polis Bölməsində araşdırma zamanı Cavabdeh ona 300 manat ödəyəcəyini bildirmişdir. O isə cavabdehlə razı deyil. 2-ci Polis Bölməsi məsələ ilə əlaqədar olaraq 15.10.2021-ci il tarixli məktubu ilə ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Onun Cavabdeh sifarişi əsasında betondan çıxmış armaturları düzəldərək təhvil verdiyini Zaur və Vahid adlı şəxslər təsdiq edə bilərlər. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 1000 (min) manat və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 1030 (min otuz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. 19.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki,iddia tələbini qəbul etmir. İddiaçı ondan polisə də şikayət etmiş, polis bölməsinə gedərək izahatını vermişdir. İddiaçını taksi sürücüsü kimi tanıyır və onların arasında belə bir söhbət olmamışdır. İddiaçı tərəfindən sübut ediləcəyi təqdirdə tələb olunan pulu ödəməyə razıdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçının və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında bildirmişdir ki, iddiaçı ilə bir kəndəndirlər. Cavabdeh isə qonşu kənddəndir. İddiaçını 2019-cu ildən tanıyır, 3 ay birlikdə işləmişlər. Onlar armatur düzəltmiş, Nadir isə satmışdır. O, günlük 15 manat almışdır. Bəhmən isə pulu gündəlik götürməyib sonda birdəfəlik almaq istəmiş, Nadir isə onun pulunu verməmişdir. 12.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X1 izahatında göstərmişdir ki, 2 ildir ki, Nadiri tanıyır. Özü Nadirin qarajı ilə üzbəüz sexdə işləyir. Bəhmən Nadirin qarajında işləyir, bütün yay boyu əyri armaturları düzəltdirmişdir. Onların arasında məbləğlə bağlı hansı razılıq əldə olunmasından xəbəri yoxdur. İş materiallarında olan AR DİN Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanan 25.10.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının 28.09.2021-ci il tarixdə DİN-in rəhbərliyinə, həmçinin Sumqayıt şəhər Prokurorluğuna edilmiş müraciətinə baxılmış, ona qeyd etdiyi xüsusatlarla əlaqədar aidiyyatı üzrə məhkəmə orqanına müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan AR Sumqayıt Bələdiyyəsi Xəzər Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 1270 №-li, 21.10.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Xəzər Bağçılıq Cəmiyyəti ərazisində daxili tanınması üçün adlandırılan küçə M.Müşfiq küçəsi, bağ №287 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə iclasında iddiaçı və şahidlərin verdiyi izahatlar və iş materiallarında olan sübutlar əsasında müəyyən edildi ki, İddiaçı həqiqətən 2020-ci il tarixdə Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi ünvanında olan Cavabdeh məxsus qarajda armaturların düz vəziyyətə gətirilməsi ilə bağlı xidmət göstərmişdir. Cavabdeh isə ona zəhmət haqqı olaraq 1000 manat ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bundan əlavə məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 739-cü maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar). Məhkəmə hesab edir ki, tərəflər arasında qarşılıqlı xidmət göstərilməsi müqabilində öhdəlik münasibətləri olmuş, Cavabdeh pul ödəməyinə dair öhdəlik götürmüş, lakin nəzərdə tutulan öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə qeyd olunan xüsusatlara hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Cavabdeh məhkəmə mübahisəsindən xəbərdar olmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, İddiaçı tərəfindən verilən tələbi təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə əgər iddiaçı sübut etsə pul məbləğini ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 1000 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-362/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-362/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver