Məhkəmə qərarları › İş №2(060)-3626/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3626/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3626/2020 08.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi ilə İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı «borcun tutulması tələbinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı «borcun tutulması tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, A(b)/090 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə üzrə 12.530 manat əsas borc və 50.760 manat cərimə borcu olmaqla, cəmi 63.290 manat borcun və 30.40 manat dövlət rüsumunun iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxxxxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cii il tarixli A(b)/090 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqaviləyə əsasən, Cəmiyyət tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivi, B kompleksi, 2 saylı yaşayış binasında ümumi sahəsi 47 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 35.250 manat olan 21 saylı mənzil hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 ay müddətinə cavabdehə satılmışdır. Belə ki, xx.xx.2013-cü il tarixli A(b)/090 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqaviləsinin 1.1, 1.2, 2.1-ci bəndlərinə müvafiq olaraq cavabdeh (Alıcı) razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı Cəmiyyət sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. X1 1.4-cü bəndinə görə, “Alıcı” aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdiriklmiş iş gün liçiin əmlakın ümumi dəyərinin 0.1% miqdarında cərimə ödəyir. Müqavilə üzrə daşınmaz əmlakın 41.940 manat təşkil etdiyinə görə xx.xx.2015-ci il tarixdə ödənilməyən günlərə görə əmlak dəyərinin 0.1% miqdarında hesablanmış cərimə məbləği 50760 manat təşkil edir. Beləliklə, Cavabdeh xx.xx.2013-cü il tarixli A(b)/090 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 12.530 manat və 50760 manat cərimə borcu yaranmışdır. Həmin müqaviləyə Satıcının alqı-satqı müqaviləsi ləğv olunduğu halda “xxxxxxxxxxx" MMC bu müqavilədə nəzərdə tutulan hesablanmış cəriməni ödənilən məbləğdən çıxaraq qalıq məbləği vahid əmlak satıldıqdan sonra geri qaytarmalıdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilir. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğuyer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilədən görünür ki, iddiaçı “xxxxxxxxxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cii il tarixli A(b)/090 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqaviləyə əsasən, Cəmiyyət tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivi, B kompleksi, 2 saylı yaşayış binasında ümumi sahəsi 47 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 35.250 manat olan 21 saylı mənzil hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 ay müddətinə cavabdehə satılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 4096 nömrəli maliyyə arayışından görünür ki, Cavabdehmüqaviləsi üzrə iddiaçıya 12.530 manat əsas borc və 50.760 manat cərimə borcu olmaqla, cəmi 63.290 manat borcu vardır. İş materiallarında olan bildirş və xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh borcunu ödəməsi üçün “xxxxxxxxxxx” MMC tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 50.760 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 500 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il tarixli, A(b)/090 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə üzrə 12.530 manat əsas borc və 500 manat cərimə borcu olmaqla, cəmi 13.030 manat borc iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli, A(b)/090 nömrəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilə üzrə 12.530 manat əsas borc və 500 manat cərimə borcu olmaqla, cəmi 13.030 (on üç min otuz) manat borc iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar