Məhkəmə qərarları › İş №2(060)-3629/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3629/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3629/2021 16.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, İddiaçı Bank “xxxx” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank «xxxx» ASC Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank «xxxx» ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 19.06.2019-cu il tarixli EHKN-00096-17/19A saylı kredit müqaviləsindən irəli gələn 10.03.2021-ci il tarixə ödənilməmiş 1774,94 manat əsas borc, 276,93 manat faiz borcu, 110,13 manat cərimə borcu və iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumu Cavabdeh tutularaq Bank «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bank “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 19.06.2019-cu il tarixli EHKN-00096-17/19A saylı kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 2700 manat məbləğində, faizləri aylıq əsasla, əsas məbləği isə mövcud müqavilənin bitmə tarixinədək qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit xətti müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləyinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı məhkəməyə teleqramla müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: Bank ilə Cavabdeh arasında bağlanılmış 19.06.2019-cu il tarixli EHKN-00096-17/19A saylı Kredit müqaviləsindən görünür ki, Bank borcalana 36 ay müddətinə illik 26% ödəmək şərti ilə 2700 manat məbləğində kredit verməyi, borclu isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, kredit və hesablanmış faizi razılaşdırılmış müddətdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Borc barədə maliyyə arayışından görünür ki, 10.03.2021-ci il tarixə borcalanın Banka 1774,94 manat əsas borc, 276,93 manat faiz borcu, 110,13 manat cərimə borcu olmaqla, ümumilikdə 2162 manat borcu mövcuddur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış fazilər hər ay ödənməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 110,13 manat dəbbə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş tələbin məbləğinə münasib olaraq 02 manat iddiaçıya aid edilməli, 28,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1774,94 manat əsas borc, 276,93 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 2101,87 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,40 manat iddiaçı Bank «xxxx» ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. MPP-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1774,94 manat əsas borc, 276,93 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 2101,87 (iki min bir yüz bir manat səksən yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,40 (iyirmi səkkiz manat, qırx qəpik) manat iddiaçı Bank «xxxx» ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar