Məhkəmə qərarları › İş №2(060)-364/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-364/2023

14.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-364/2023 14.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, atası X1, iddiaçının nümayəndəsi, Vəkil2, cavabdehin nümayəndəsi, Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən və qeyri-yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kvadrat metr sahəyə və həmin 10 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 7, ümumi sahəsi 144 kvadrat metr olan iki otaqlı mənzilinə iddiaçının istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon Babək 21 küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evin 1-ci blokun, 7-ci mərtəbə ümumi sahəsi 72 kvadrat metr olan mənzilə görə 27 iyul 2007-ci ildə fiziki şəxs Hüseynov Şakir Hüseyn oğlu ilə müqavilə bağlamışdır. Müqavilədə mənzilin 1 kvadrat metr sahəsi üçün 500 manat ödənilməsinə razılaşmış və həmin məbləğin 37 815 manatını nağd şəkildə ödənilmişdir. Pulun ödənildiyi vaxt bina 7-ci mərtəbəsinə qədər tikilmişdi. Müəyyən müddətdən sonra tikintinin aparılması dayandırılmışdır. Bundan sonra Şakir Hüseynovun həbsdə olduğu iddiaçıya məlum olmuşdur. Şakir Hüseynov vəfat etdikdən sonra onun varisi hal-hazırda tikinti işlərini davam etdirir. Həmin müqavilədə göstərilən pulun 37815 manatı nağd, qalan hissəsi isə tikinti materialları ilə iddiaçının atası tərəfindən əvəzləşdirilmişdir. Hüseynov Şakir Hüseyn oğluna ödədiyi 72000 manat pul onların iki otaqlı mənzillə bağlı idi. Hər dəfə mənzilə görə pul ödədikdə Şakirin özü, olmayanda həmin tikintidə işləyən Telman müqaviləni imzalayırdı. 72 000 manat ödənildikdən sonra ünvanda göstərilən tikintidə yoxlama getdiyi vaxtda iddiaçı atası ilə birlikdə Şakirlə görüşmüşdür. Həmin vaxt onlara bildirilmişdir ki, ikinci mənzili verə bilmirlər, 1-ci mərtəbədə ofis üçün 72 kvadrat metr sahə iddiaçıya verilməsi Telmana tapşırılmışdır. Ondan sonra iddiaçı Telman və Şakirlə görüşə bilməmişdir. Şakir Hüseynov vəfat etdiyi üçün iddiaçı tələbini onun oğluna qarşı yönəltmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3095/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3095/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 6773/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3095/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş aidiyyatı üzrə baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 2007-ci il tarixli müqavilə kimi istinad etdiyi kağız müxtəlif müdaxilələrlə hazırlanmış, saxtalaşdırıldığı gözlə görünür və bu səbəbdən müqavilə hesab edilə bilməz. Cavabdeh tərəfindən 2016-cı ildə “Şakir" Mənzil Tikinti Koperalivi təsis olunmuşdur. Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmişdir. Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən idarə olunur. Ən əsası isə iddiaçının eyni tələb üzrə idddia ərizəsinə mahiyyəti üzrə baxmış Nərimanov Rayon Məhkəməsi iddiaçının istinad etdiyi müqaviləni mötəbər hesab etməmiş və istifadə hüququnun tanınması üçün əsasların müəyyən olunmadığı barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, müqavilə iki ayrı-ayrı möhürlə möhürlənmiş, müxtəlif imzalarla imzalanmış və iddiaçı pul ödənişlərini müxtəlif şəxslərə ödənildiyini göstərməklə, mənzili və qeyri yaşayış sahəsini guya barter etməklə əldə etdiyini qeyd edir. İddiaçının yaşayış binası üzərində səlahiyəti olmayan Telman adlı şəxsdən mənzil və qeyri yaşayış sahəsi əldə etdiyini qeyd elməklə əsasız varlanmağa çalışır. İddiaçının nümayəndəsi, atası X2 məhkəmə iclasında bildirdi ki, müqavilə onun oğlu olan iddiaçının adına rəsmiləşdirilsə də, əslində bütün bu məsələlərdə özü şəxsən iştirak etmişdir. Müqavilə Şakir Hüseynovla imzalanıb. Müqavilə üzrə pulun bir hissəsi nağd şəkildə Şakir Hüseynova ödənilib, bir hissəsini isə tikinti materialı verməklə ödəyib. Şakir Hüseynova ümumilikdə 72000 manat pul ödəyib. Telman adlı şəxs Şakir Hüseynovun işçisi idi. Müqavilədə olan imzaların bəziləri Telman adlı şəxsə məxsusdur. Çünki pulu bəzən həmin şəxs qəbul edirdi. Hazırda qeyd olunan bina cavabdeh tərəfindən tam inşa edilib. İddiaçının tələb etdiyi mənzil və ofis sahələri mövcuddur. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi, Vəkil2 məhkəmə iclasında bildirdi ki, iddiaçı və Şakir Hüseynov mənzillə bağlı müqavilə imzalamış, iddiaçı tərəfindən ödənişlər həyata keçirilmişdir. Sözügedən binada iki mərtəbə hazır olsa da, Şakir Hüseynov cinayət məsuliyyətinə cəlb olunduğu üçün binanın tikintisi dayandırılmış, yalnız 2022-ci ildən davam etdirilmişdir. Cavabdeh Şakir Hüseynovun oğlu, hüquqi varisi olduğu üçün onun vəzifələrini, öhdəliklərini icra etməlidir. Cavabdeh bu öhdəlikləri könüllü olaraq icra etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil1 məhkəmə iclasında bildirdi ki, iddia tələbi ilə razı deyil. Telman şirkətə material gətirən şəxs olub. Onunla Şakir Hüseynov arasında heç bir podrat müqaviləsi və ya digər razılaşma olmayıb. İddiaçı materialları Telman adlı şəxsə verib. Telmanla Şakirin arasında heç bir ortaqlıq, şəriklik və sair olmadan mənzilləri başqabaşqa şəxslərə sataraq oların etibarından sui-istifadə etmiş, pullarını mənimsəmişdir. Məhz bu əməllərinə görə Telman azadlıqdan məhrum edilmişdir. Bütün bu hallar cinayət işində öz əksini tapıb. Müqavilə adlanan saxta sənəd də müdaxilələrlə doludur. Telman Şakirin blankından istifadə edərək bundan əvvəl də mövcud olmayan mənzilləri ayrı-ayrı şəxslərə satmışdır. Mövcud olmayan mənzil üzərində isə hər hansı bir istifadə, sahiblik hüququndan söhbət gedə bilməz. Bu gün iddiaçı iddia etdiyi mənzili belə konkret şəkildə göstərə bilmir. Müqavilədə bir neçə şəxsin imzası və möhürü var. Mənzillə bağlı heç bir alğı-satqı həyata keçirilməyib. Belə ki, tərtib edilən sənəd saxtadır. Eyni zamanda qeyd edilən bina hazırda cavabdeh tərəfindən fiziki şəxs olaraq yox, onun yaratdığı "xxxx" MTK tərəfindən inşa edilmişdir. Lakin, müqavilədə göstərilmiş blok 1, mərtəbə 7, ümumi sahəsi 72 kvadrat metr olan mənzil mövcud deyildir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. İşdən görünür ki, iddiaçı xx.xx.1982-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1987-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan iddiaçı ilə Hüseynov Şakir Hüseyn oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Hüseynov Şakir Hüseyn oğlu Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 72 kv.metr olan mənzili inşa edərək iddiaçıya verməyi, iddiaçı isə mənzilin hər kv.metri üçün 500 manat olmaqla, 36000 manat məbləğində pulu Şakir Hüseynova ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarına "xxxx" Mənzil Tikinti Kooperativinin nizamnaməsi əlavə edilmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İddiaçı öz tələbində Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kvadrat metrlik sahəyə və həmin 10 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 7, ümumi sahəsi 144 kvadrat metr olan iki otaqlı mənzilə istifadə hüququnun tanınmasını xahiş edir. İddia tələbinə hüquqi qiymət verilməsi üçün öncə istifadə hüququnun anlayışı və yaranma əsasları aydınlaşdırılmalıdır. Mülki Məcəllədə göstərilmişdir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (152.3.). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Göründüyü kimi daşınmaz əşyadan istifadə hüququnun yaranması üçün həmin daşınmaz əşya mövcud olmalı, müvafiq dövlət reyestrində qeydiyyatdan keçməlidir. İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kvadrat metrlik sahənin ona verilməsini tələb etsə də, həmin sahəni fərdiləşdirməyə imkan verən heç bir rekvizit göstərməmişdir. Eyni zamanda iddiaçının istinad etdiyi xx.xx.2007-ci il tarixli müqavilədə bununla bağlı hər hansı müddəa yoxdur. Yaşayış binasının blok 1, mərtəbə 7, ümumi sahəsi 144 kvadrat metr olan iki otaqlı mənzilinə gəldikdə isə qeyd edilməlidir ki, müqavilədə yalnız blok 1, mərtəbə 7, ümumi sahəsi 72 kvadrat metr olan mənzildən söhbət gedir ki, hazırda yaşayış binasında belə bir mənzilin mövcudluğu da sual altındadır. Belə ki, müqavilədə həmin mənzili fərdiləşdirməyə imkan verən dəqiq rekvizitlər (mənzilin nömrəsi, yerləşmə planı və sair) göstərilməmişdir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır (441.1.). Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər (441.2.). Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər (441.3.). Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir (441.4.). İddiaçının əsas sübut kimi istinad etdiyi xx.xx.2007-ci il tarixli müqaviləyə iddiaçının etdiyi ödənişlərlə bağlı cədvəl əlavə edilmişdir. Həmin cədvəldə iddiaçının müqavilə üzrə cəmi 4 dəfə - xx.xx.2007-ci il (5000 manat), xx.xx.2007-ci il (7215 manat), xx.xx.2007-ci il (25600 manat) və xx.xx.2008-ci il (34850 manat) tarixlərində ödəniş etdiyi əks olunmuşdur. xx.xx.2007-ci il (5000 manat) və xx.xx.2007-ci il (7215 manat) tarixlərdə edilmiş ödənişlərin qarşısında ödənişləri qəbul edən şəxs qrafasındakı imza ilə müqaviləni imzlayan şəxsin imzası eyniyyət təşkil etsə də, xx.xx.2007-ci il (25600 manat) və xx.xx.2008-ci il (34850 manat) tarixlərində edilmiş ödənişlərin qarşısında ödənişləri qəbul edən şəxs qrafasındakı imza tamamilə fərqlidir. İddiaçı bunu həmin ödənişlərin Telman adlı şəxs tərəfindən qəbul edilməsi ilə izah etsə də, Şakir Hüseynovun bağladığı müqavilə üzrə ödənişlərin həmin şəxs tərəfindən qəbul edilməsi ilə bağlı Telman adlı şəxsin hüququnun olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hətta iddiaçı ilə Şakir Hüseynov arasında həmin müqavilə bağlanmış olsa da, iddiaçının müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməsi iş materialları ilə sübuta yetirilmir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən yaşayış binasının inşası şəxsən cavabdeh tərəfindən deyil "xxxx" MTK tərəfindən aparılmışdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kvadrat metr sahəyə və həmin 10 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 7, ümumi sahəsi 144 kvadrat metr olan iki otaqlı mənzilinə iddiaçının istifadə hüququnun tanınması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar