Məhkəmə qərarları › İş №2(060)-3655/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3655/2025

28.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3655/2025 28.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ön xəttində müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir, döyüşlər zamanı yaralandığı üçün və hərbi xidməti davam etdirmək iqtidarında olmadığı üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 082 əç nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. 2ci Qarabağ Müharibəsi iştirakçısıdır, qazidir, müharibə veteranıdır, həmçinin "Cəsur Döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Belə ki, almış olduğu psixoloji travmalar ilə əlaqədar Azərbaycan Respublikası 1 saylı Psixiatrıya Xəstəxanasında müalicə almış və mənim müalicə həkimi X2 olmuşdur. Güllü Fərəczadə aralarında yaranmış tanışlıqdan istifadə edərək iddiaçıdan borc pul istədi, iddiaçı ona pulu olmadığını bildirmiş, o, isə bankdan götürüb ona verməyini və 1-2 ay ərzində ümumilikdə bütün pulları ödəyəcəyini bildirmişdir. İddiaçı da xx.xx.2024-cü il tarixdə "xxxx" bankından 4000 manat (faizi ilə birlikdə borc – 5806,50 manat), xx.xx.2024-cü il tarixdə “ABB”-nin 3 saylı Sumqayıt filialından 3900 manat (faizi ilə birlikdə borc – 4610,69 manat) və “Bolkart”dan 1500 manat (hazırkı borcu 633 manat) pul götürüb Güllü Fərəczadəyə vermişdir. Lakin üzərindən 7 ay keçməsinə baxmayaraq, G.Fərəczadə iddiaçının vermiş olduğu pulu iddiaçıya geri qaytarmır. Halhazırda Güllü Fərəczadənin iddiaçıya olan ümumi borcu 11050,19 manatdır. Göstərilənlərə əsasən Cavabdeh X1 11050,19 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən mənəvi zərərə görə 3000 manat pulun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbi əsaslı olduğundan iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, borc götürdüyünü qəbul edir, lakin hazırda maddi vəziyyəti yaxşı olmadığından ödənişləri edə bilmir.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları

9. İş materiallarında "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BPM**********45 saylı müqaviləyə əsasən bank tərəfindən İddiaçı 18 ay müddətinə, illik 21,9 % ödəmək şərtilə 3900 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən ödənişin məbləği (əsas və faiz) 4610,69 manat təşkil edir.

10. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı 36 ay müddətinə, illik 26 % ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən ödənişin məbləği (əsas və faiz) 5806,5 manat təşkil edir.

11. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış NK-1/2726 nömrəli material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

12. Həmin qərardan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, 2-ci Qarabağ müharibəsində aldığı travma ilə əlaqədar Respublika Psixiatriya Xəstəxanasında Güllü adlı həkim tərəfindən müalicə alması Güllü ilə tanışlığından sonra ondan borca pul İstədikdə Güllü ilə razılaşaraq 2024-cü ilin sentyabr ayında banklardan ümumilikdə 7089 manat kredit pul götürərək kömək məqsədilə Güllüyə verdiyini, Güllünün həmin pulları qaytaracağına söz versə də, bu günədək geri qaytarmadığını, banklara pulu ödəyə bilmədiyi üçün intihar həddinə çatdığı bildirmişdir.

13. Həmin qərardan görünür ki, X2 izahatında göstərmişdir ki, İddiaçı bir neçə ildir ki, tanıdığı, onun uzun müddətdir ki, psixoloji durumu yerində olmadığına görə müalicə alması, Ceyhunun bankdan kredit götürdüyünü və onun aylıq ödənişinə köməklik etdiyini, aylıq ödənişləri etməyi ilə bağlı qəbzlərin də onda olduğunu, sonuncu dəfə 2024-cü ilin dekabr ayında ödəniş etdiyini, Ceyhun ilə dost münasibətində olduqlarını, Ceyhunun ondan heç bir narazılığının olmadığı, etdiyi müraciət ilə bağlı görüşərkən ona heç bir şikayət etmədiyini əksinə köməklik etdiyinə görə ondan razı olduğunu dediyini, adı çəkdiyinə görə peşman olduğunu bildirərək üzr istədiyini bildirmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə iddia tələbinin “11050,19 manat pulun tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

16. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

17. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

18. Həmin Məcəllənin 1092.2 və 1092.3-cü maddələrinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

19. Bundan başqa, həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Məhkəmə araşdırması zamanı, habelə tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 4000 manat, 3900 manat, 1500 manat məbləğində pul vermişdir. Eyni zamanda, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, 1500 manat borc üzrə qalıq məbləğ 633 manat təşkil edir.

21. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 8533 (4000+3900+633) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.

22. Məhkəmə qeyd edir ki, hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, bu halda iddiaçının tələb etdikləri qismən sübut olunur. Halbuki, sübutetmə yükü cavabdehin iddiaçının bildirdiklərini təsdiq etdiyi andan cavabdehə keçib və borcu qaytarmağını, ona borcunun olmadığını iddiaçı deyil, cavabdeh sübut etməlidir. Yekun nəticə olaraq cavabdehin iddiaçıya borcu olduğu təsdiq olunur, lakin cavabdehin iddiaçıya pulu qaytarmağı sübut olunmur.

23. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

24. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.

25. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 8533 (səkkiz min beş yüz otuz üç) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

26. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

33. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

34. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 105,33 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir.

Nəticə hissəsi:

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8533 (səkkiz min beş yüz otuz üç) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 105,33 (bir yüz beş manat, otuz üç qəpik) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar