Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3670/2022 04.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment alınaraq birgə nikahlarından olan 11 aprel 2007-ci il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2007-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 70 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Yaşayış minimumunun artması, uşağın böyüməsi ilə əlaqədar onun tələbatlarının artması və s. səbəblərdən alimentin artırılması tələbi ilə bağlı iddia ərizəsi ilə yenidən Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, lakin iddiası təmin olunmadığı üçün Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etməli olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və X3 yetkinlik yaşma çatanadək saxlanması üçün cavabdehdən hər ay 154 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bildirmək istəyir ki, o, heç bir yerdə işləmir, oğlunun maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Hesab edir ki, yaşayış minimumunun, bazar qiymətlərinin qalxması, oğlunun böyüməsi ilə əlaqədar onun ehtiyaclarını ödəmək üçün bir uşağa 154 manat aliment kifayət etmir. Nəzərə almaq lazımdır ki, son məhkəmə qərarından 4 il müddət keçmişdir. Bu illər ərzində uşağın yaşayış minimumu 4 dəfə dəyişmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəməkdən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(105)-3118/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5723/2018 saylı, 14 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı iddia ərizəsinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-16027/2016 saylı 08 noyabr 2016-cı il tarixli - qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Sərkərova (Əmirova) Afət Qadir qızına verilməsi qərara alınmışdır. İşdə olan elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, Cavabdeh X5 ilə birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan bir övladı anadan olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Cavabdeh maddi vəziyyətində dəyişiklik olması, yəni onun maddi vəziyyətinin yaxşılaşması, əlavə qazanc mənbəyi əldə etməsi, yüksək əmək haqqı olan işə başlaması və s. barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, elektron sistemdən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh sözügedən qətnamə ilə aliment müəyyən edildikdən sonra X5 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan daha iki yetkinlik yaşına çatmayan uşağı olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, hal-hazırda Cavabdeh tutulan alimentin miqdarının artırılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3670/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3670/2022
04.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver