Məhkəmə qərarları › İş №2(060)-3698/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3698/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3698/2021 29.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh1 və X3 qarşı müqavilənin ləğvi və kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” ASC (bundan sonra - iddiaçı) Cavabdeh1 və X3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 27.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5000 manat əsas borc, 548,13 manat faiz borcu olmaqla, cəmi 5548,13 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 25 faizlə, 15 ay müddətinə 5000 manat məbləğində kredit vermişdir. 01.05.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 27.08.2021-ci il tarixədək uzadılmışdır. Kreditor ilə X4 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Cavabdeh1 kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və onun kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh X4 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, banka borcu olduğunu etiraf edir. Lakin, borcu birdəfəlik ödəməyə imkanı yoxdur. Pandemiya dövrü ərzində işləmədiyindən ödənişi edə bilmirdi. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1960-cı ildə, Ermənistanın Sisiyan rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Digər cavabdeh X4 isə xx.xx.1962-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış 23-MZ-2-0-91-20 saylı, 27.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 15 ay müddətinə, illik 25 faizlə 5000 manat kredit vermişdir. Kredit məbləğinin Cavabdeh1 verildiyini 27.02.2020ci il tarixli kassa məxaric qəbzi də təsdiq edir. Kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən Cavabdeh1 18 ay müddətinə ödənişlər etməli idi. «xxxx» ASC ilə X4 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilənin 6.3-cü bəndinə əsasən müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəlikləri tam yerinə yetirilənə qədər qüvvədə qalır. 01.05.2020-ci il tarixində «xxxx» ASC ilə cavabdehlər arasında kredit və zaminlik müqavilələrinə əlavələr imzalanmışdır. Həmin əlavələrə əsasən kreditin müddəti 27.08.2021-ci il tarixədək uzadılır. Kredit üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 (üç) ay təşkil edir. İşdən görünür ki, iddiaçı tərəfindən 24.02.2021-ci il tarixdə cavabdehlərə xəbərdarlıq (pretenziya) göndərilmişdir. İşdə olan maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçıya 29.03.2021-ci il tarixinə əsas borc üzrə 5000 manat, faiz borcu üzrə 548,13 manat, 0 manat cərimə borcu olmaqla, cəmi 5548,13 manat borcu qalmışdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi Cavabdeh1 27.02.2020-ci il tarixli, 23-MZ-2-0-91-20 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə edilmiş 01.05.2020-ci il tarixli əlavəyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən onun banka əsas və faiz borcu yaranmışdır. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi X4 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh1lə birgə məsuliyyət daşıyır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 5000 (beş min) manat, faiz borcu üzrə 548 (beş yüz qırx səkkiz) manat 13 (on üç) qəpik, ümumilikdə cəmi 5548 (beş min beş yüz qırx səkiz) manat 13 (on üç) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar