Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-37/2022 19.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Şəmsəddin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı X3 üçüncü şəxs qismində işə cəlb etməklə “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 20.000 (iyirmi min) manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2019-cu ilin noyabr ayının 18-dən başlayaraq Cavabdeh aralarında olan qohumluq münasibətlərindən irəli gələrək, Nərimanov rayonu Azadlıq prospektində bacısının adına olan, lakin faktiki cavabdehə məxsus evin təmiri ilə bağlı 20000 (iyirmi min) manat borc pul verməyini xahiş etmiş, o da qohum olduqları üçün inanıb ona borc pul vermiş, bu barədə öz xətti ilə ona yazmış olduğu pulun ondan alınmasını təsdiq edən yazılı etirafı da vermişdir. Buna baxmayaraq, bu günə kimi pulu geri qaytarmamışdır. Sonuncu dəfə görüşən zaman cavabdeh həmin pulu ona qaytaracağını bildirmişdir. Qeyd etdiyi yazıda Cavabdeh faktiki olaraq özünün ona olan borcunu etiraf etmişdir. Bir-birilərinə olan etibarla bağlı olaraq kredit müqaviləsi notariat qaydada təsdiqlənməmişdir. Lakin bununla belə, Cavabdeh öhdəliyini icra etməkdən yayınmışdır. Hazırki tarixədək, Cavabdeh mövcud borcdan ona heç bir ödəniş etməmiş, verilən pulu geri istədikdə isə, bu barədə ona hər hansı bir məlumat verməmişdir. Qeyd edilən halları nəzərə alaraq, Cavabdeh ona olan 20000 (iyirmi min) manat borcunu qaytarması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan sonra, məhkəmənin təşəbbüsü ilə X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək oxşar məzmunda izahat verdi. Əlavə olaraq göstərdi ki, o, təmirə görə 20.000 manat cavabdehə borc vermiş, yəni tələb olunan məbləğ təmir xərclərinə sərf olunub. Cavabdeh ondan xahiş etmişdir ki, evin təmirinə lazım olan pul vəsaitini ödəsin, sonra cavabdeh pulu ona qaytaracaqdır. Təmirə lazım olan materialları həm o, həm də cavabdeh özü almış və onların dəyərini o, ödəmiş, bəzən isə cavabdehə pul vermişdir ki, ödəsin. Təmir materiallarına sərf olunan vəsaiti hər dəfə ödəyərkən cavabdehə bu barədə bildirmişdir. Ödənişlərlə bağlı özü qeydlər aparmışdır. Həmin qeydlərə əsasən bildirir ki, 20.000 manat xərclənib və həmin məbləği cavabdehdən tələb edir. O, cavabdehin tapşırığına əsasən təmir işlərini gördürmüşdür. Cavabdeh qəbz yazaraq ödənilmiş məbləğin qaytarılmasını üzərinə götürmüşdür. Həmin qəbzi cavabdeh özü, heç bir təzyiq və təsir olmadan yazmışdır. İddiaçı eyni zamanda bildirdi ki, təmir aparılmış mənzil cavabdehin bacısının adına dövlət qeydiyyatına alınmasına baxmayaraq, mənzil cavabdehə məxsusdur. Cavabdeh, qızı Türkanla ailəli olduqları müddətdə həmin mənzildə yaşayıblar. İddiaçının nümayənəsi və vəkili iddaçının göstərdiklərini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh bu müddət ərzində bilərəkdən tədqiqat obyektinə baxış keçirilməsində iştirak etməmiş, mənzilə baxışa qəsdən şərait yaratmamış, bununla da ekspertizanın keçirilməsinə mane olmuşdur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh izahatında bildirdi ki, iddianı qəbul etmir, iddiaçı keçmiş qayınatasıdır. Təmir edildiyi iddia edilən ev bacısına məxsusdur, iddiaçının qızı Türkanla ailə qurduqdan sonra həmin evdə müvəqqəti yaşamışlar. Türkan evin təmirini bəyənməyərək təkid edərək yenidən təmir olunmasını istəmişdir. O, həmin ərəfədə Türkanla ailədaxili narazılıqları olduğu üçün və yeni barışdıqlarından yenidən ailədə söz-söhbət olmaması üçün evin təmir edilməsinə razı olmuşdur. Lakin buna imkanı olmadığını bildirdikdə Türkan mənzili atasının, yəni hazırkı iş üzrə iddiaçının təmir etdirəcəyini demiş, o, buna ailəsinin dağılmaması üçün etiraz etməmişdir. Ev yenidən təmir olunmuş və təmir xərclərini Qurban çəkmişdir. Təxminən iki ay həmin evdə yaşamışlar. Təmir barədə bacısı eşidəndə əsəbiləşmiş, çünki ev əla vəziyyətdə təmirli olmuş və yenidən təmirə ehtiyac olmamışdır. Bununla bağlı foto-şəkilləri iş materiallarına əlavə edilməsi üçün təqdim etmişdir. Həmin foto-şəkillərdən də görünür ki, mənzil tam təmirli olub. Bununla belə bacısı onun ailəsinin dağılmaması üçün susaraq iddiaçı tərəfə bu barədə heçnə deməmişdir. İddiaçı ilə onun arasında evin təmir edilməsi və oraya çəkiləcək xərclər barədə heç bir razılaşma olmamış, təmir xərclərini sonradan ödəyəcəyini o, deməmişdir. Əksinə iddiaçı ona demişdir ki, «sən qarışma, mənzili özüm təmir etdirəcəm». Eyni zamanda aralarında heç bir borc söhbəti də olmayıb. İddiaçının iddianın əsası olaraq göstərdiyi qəbzi 2020-ci ilin may ayında o, yazmış, həmin vaxt artıq Türkan Şahhüseynli ilə faktiki olaraq ayrı yaşamışlar, uşaqlar Türkanın yanında qalmış və Türkan uşaqları ona göstərməmişdir. Həmin vaxt iddiaçı tərəf onu təhdid edərək bildirmişdir ki, təmir xərclərini ödəməyi üzərinə götürsə uşaqlarla görüşməyinə şərait yaradacaqlar. O, uşaqlarına görə məcbur olub həmin qəbzi yazmış, lakin qəbzə imza etməmişdir. Orada qeyd olunan imza ona məxsus deyildir. Cavabdeh həmçinin bildirdi ki, Qəbzin məzmununu özü yazmışdır. O, Qurbandan borc almayıb. Mənzilin təmir edilməsini o, deməmiş, iddiaçı tərəf öz fikirləri ilə təmir etdirmişdir. Həmin qəbzi iddiaçı ona Bakı şəhəri Nərimanov rayon Pİ-nin yaxınlığında avtomaşının kapotu üzərində təzyiq göstərməklə yazdırıb. Qəbzin bir hissəsini o, özü, sonunu isə iddiaçının diktəsi ilə yazmışdır. Həmin qəbzin yazılması ilə bağlı bugünədək heç bir orqana şikayət etməmişdir. Cavabdeh eləcə də bildirdi ki, hazırda sözügedən mənzildə heçkim yaşamır. Mənzilin üzərinə kran aşıb, istifadəyə yararsızdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi cavabdehin izahatında göstərdiklərini müdafiə etdiyini bildirdi. Əlavə olaraq göstərdi ki, tərəflər arasında borc münasibətləri olmayıb, əgər belə bir münasibət olsaydı qanunveriliciyin tələblərinə görə borc müqaviləsi bağlanmalı və qəbzdə göstərildiyi kimi 1 il 06 ay müddətdən sonra borc ödənilməlidir. Əgər bu münasibətlər təmir xərci ilə bağlıdırsa təmir xərcləri müəyyən edilməlidir, bu isə müvafiq sübutlarla öz təsdiqini tapmalıdır. Çünki qəbzin məzmunundan da göründüyü kimi təmirin dəyəri ehtimallara əsasən qeyd olunub. Cavabdeh tərəfindən qeyd olunan hallarla bağlı heç bir mötəbər sübut təqdim edilməyib. Odur ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır: Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatı və toplanmış sübutlarla müəyyən edildi ki, iddiaçının qızı Türkan Şahhüseynli ilə Cavabdeh ailəli olmuş və birgə nikah dövründə ünvan 1 ünvanda yaşamışlar. Həmin mənzildə iddiaçı, yəni cavabdehin keçmiş qaynatası tərəfindən təmir işləri gördürülmüşdür. Bu qeyd olunanlar işin mübahisəsiz hallarıdır. İşin mübahisə doğuran halı təmir xərclərinin miqdarı və təmir xərclərinin hansı əsasla, cavabdehin tapşırığı ilə aparılıb-aparılmasından ibarətdir. İddiaçı iddia tələbinin əsası olaraq iddia ərizəsinə əlavə edilmiş Cavabdeh tərəfindən icra olunduğunu iddia etdiyi qəbzə əsaslanaraq təmir işlərinin Rəhmanın razılığı ilə aparıldığını və sonuncunun təmir xərclərinin dəyərini ödəməyi öhdəsinə götürdüyünü bildirdi. Mülki iş materiallarının 87-88-ci vərəqlərində olan iltizamda qeyd olunmuşdur: «Rəhman X2 rayonu Azadlıq prospektində bacımın adına olan evin təmirinə (mənə məxsus olan) qaynatam çəkdiyi xərci, ustanın gəlib müəyyənləşdirdiyi məbləği, məsələn 15 min manat olarsa (və yaxud başqa məbləğ) ekspertlərin iştirakı ilə evin təmirinə çəkilmiş xərcləri müddətli şəkildə bugünkü günün dollar kursuna uyğun, qaynatam İddiaçı (mümkün qədər tez, məsələn bir il yarıma, yəni 16 aya) ödəməyimi özümə öhdəlik götürürəm. Müəyyən olunacaq məbləği qaytarmayasam qanun qarşısında cavab verməyə hazıram. Özüm yazdım. AZE 000*****. Cavabdeh». Cavabdeh bu iltizamın mətninin onun tərəfindən yazıldığını, lakin imzanın ona məxsus olmadığını, eləcə də həmin qəbzin mətnini iddiaçının təziqi altında yazdığını bildirərək etiraz etdi. Cavabdeh tərəfin vəsatəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizanın keçirilməsi qərara alınmışdır. 4/571 nömrəli 04 iyun 2021-ci il tarixli məhkəmə-xətşünasdıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 87-88-ci vərəqlərində A4 vərəqi üzərində Cavabdeh adından olan 1-ci səhifədə “Cavabdeh Eldar” sözləri ilə başlayıb 2-ci səhifədə “Cavabdeh” sözləri ilə bitən qəbzin mətni və həmin qəbzdəki imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 76 və 88-ci maddələrinə əsasən məhkəmə-xətşünaslıq ekspertizasının rəyini sübut növü kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh etirazını əsaslandığı hallarla bağlı məhkəmə heç bir sübut təqdim etməmişdir. Eləcə də işin obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadı ilə məhkəmə tərəfindən məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. İş materiallarından görünür ki, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin təmin edilməsi məqsədi ilə ekspertin vəsatəti əsasında tədqiqat obyektinə baxış keçirilməsi 23 iyul 2021-ci il tarixə, 27 yanvar 2022-ci il tarixə təyin edilməsinə, habelə, 28 sentyabr 2021, 21 oktyabr 2021, 01 dekabr 2021-ci il tarixlərdə məhkəmə qəradadının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə məktub ünvanlanmasına baxmayaraq, 09 sentyabr 2021, 24 dekabr 2021, 22 fevral 2022, 20 aprel 2022-ci il tarixli Məlumatları göndərməklə ekspertizanın aparlımasından, tədqiqat obyektinə baxış keçirilməsinin mümkün olmaması əsası ilə imtina edilmişdir. 20.04.2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan və aktdan görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə 20.04.2022-ci il, saat 15:00-da tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilməsinin təşkil edilməsi barədə 18.03.2022-ci il tarixli, 10/1737 №-li ekspert vəsatəti verilmişdir. Ekspert vəsatətinə cavab olaraq Məhkəmə Ekspertizası Mərkəzinə 11.04.2022ci il tarixdə daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin 07.04.2022-ci il tarixli məktubunda baxışın keçirilməsi tədqiqat obyekti yerləşən əraziyə təyin edilmişdir. Təyin olunmuş vaxtda tədqiqat obyekti yerləşən ərazidə (ünvan 1) iş üzrə iddiaçı şəxs olan İddiaçı ilə görüşərək mübahisə predmeti olan mənzilə gedilmiş lakin, iş üzrə cavabdeh şəxsin baxışda iştirak etməməsi və mübahisə predmeti olan mənzilin qapısının bağlı olması səbəbindən baxış baş tutmamışdır. İş üzrə cavabdeh şəxs olan Cavabdeh ilə mülki iş materiallarında qeyd olunan telefon nömrəsi vasitəsi ilə əlaqə yaradılmağa çalışılmış, lakin zəngə cavab verilməmişdir. Sənədlərdən görünür ki, tədqiqat obyektinə baxış keçirilmə vaxtı barədə proses iştirakçılarının hər birininə ayrı-ayrılıqda qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Göründüyü kimi cavabdeh tədqiqat obyektinə baxış keçirilməsini təmin etməmiş, ötən müddət ərzində (bir il) dəfələrlə tədqiqat obyektinə baxış təyin edilməsinə baxmayaraq, heç birində iştirak etməmişdir. Məhkəmə iclasında da cavabdehin tikinti texniki ekspertizasının keçirilməsinin əsassız olması, həmin evə onun aiddiyəti olmaması barədəki fikirləri, həmçinin dəfələrlə tədqiqat obyektinə təyin edilmiş baxışlarda iştirak etməməsi məhkəmə qərardadının icrasına qəsdən maneə olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə iş üzrə məhkəmə-tikinti texniki ekspertizasının təyin edilməsini, mübahisələndirilən fakt üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün (təmir işlərinin həcmi və dəyərinin müəyyən edilməsi üçün) ekspert rəyinin sübutetmə predmetinə daxil olan mötəbər sübut əhəmiyyəti kəsb etməsini, lakin cavabdeh tərəfindən dəfələrlə ekspertizanın keçirilməsindən imtina edilməsini, baxışa gəlməməsini və tədqiqat obyektinə baxış keçirilməsi üçün şərait yaradılmamasını, cavabdehin iştirakı olmadan ekspertiza keçirilməsinin mümkünsüz olmasını, nəticədə həqiqətin müəyyən edilməsinə maneə törətməsini, cavabdeh tərəfin iddiaya etirazının heç bir sübuta əsaslanmamasını və cavabdehin ekspertiza keçirilməsindən imtina etməsinin şübhə doğurması ilə bağlı halları, habelə iddiaçının sübutetmə vəzifəsindən çıxış edərək məhkəmə-tikinti texniki ekspertizanın keçirilməsinə razılığını, ekspertiza keçirilməsinə könüllü iştirakını təmin etməsini, iddianın əsası olaraq istinad olunan iltizamda göstərilənləri nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə həmçinin mənzilin üçüncü şəxsin mülkiyyətində olması ilə bağlı xüsusata gəlincə qeyd edir ki, cavabdeh tərəfindən icra olunmuş iltizamın mətnindən görünür ki, cavabdeh həmin evin bacısının adına olması ilə yanaşı «ona məxsus olduğunu» xüsusi qeyd etmişdir. Eləcə də göründüyü kimi mənzil sahibi olan üçüncü şəxs cavabdehin bacısıdır və həmin mənzildə iddiaçı tərəfindən öz vəsaiti hesabına təmir işlərinin görülməsi inkar olunmur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həmin tətqiqat obyektinə baxış keçirilməsinin təmin edilməsi mümkün olan hal olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, toplanmış və tədqiq olunmuş sübutların məcmusunu müqayisəli təhlil edilb, işin şərh olunan hallarına Azərbaycan Respublikası Mülki Məcələnin 752, 770-ci maddələrinə istinadən qiymət verərək məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilməli, 20.000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 122 manat cavabdehdən alınaraq X1 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 20.000 (iyirmi min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh 122 (bir yüz iyirmi iki) manat alınaraq X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-37/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-37/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver