Məhkəmə qərarları › İş №2(060)-37/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-37/2024

01.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-37/2024 01.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə vurduğu 4845 (sığorta ödənişindən sonra) manat məbləğində maddi ziyanı, daşınma xərcləri üçün çəkilən 100 manat məbləğində xərci və məhkəməyə müraciət etmək üçün ödənilən 69 manat dövlət rüsumu olmaqla ümumilikdə 5014 (beş min on dörd) manat məbləğində pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 14:15-də Sumqayıt şəhəri Çerkassi küçəsi, X2 küçəsi kəsişməsində Qazel markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona məxsus olan "Kia Forte" minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində Cavabdeh təqsiri ucbatından həm onun avtomobilinə, həm də yolnəqliyyat nişanına ciddi ziyan dəymişdir. Hadisədən dərhal sonra o, evakuator çağırmaqla avtomobilini servisə aparmış və ziyanının hesablanmasını xahiş etmişdir. Avtomobilinin sıradan çıxmış bütün ehtiyyat hissələrini hələ də saxlayır. Hadisə ilə əlaqədar Qazel markalı avtomobilin sürücüsü Cavabdeh barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Daha sonra TP5225680 nömrəli inzibati qərarla o, 60 manat məbləğində cərimə edilmişdir. Hadisənin video görüntülərindən də məlum olur ki, o baş yolda irəliləyərkən Cavabdeh idarə etdiyi avtomobillə qəflətən önünə çıxır və hadisə baş verir. Yol-nəqliyyat hadisəsində ona ümumilikdə 9330 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin qəzadan sonra maşının təmiri üçün müxtəlif yerlərə daşınmasına 100 manat xərci çıxmışdır. Sığorta qanunvericiliyinə əsasən sığorta şirkətləri mülkiyyətə dəymiş ziyana görə maksimum 5000 manat məbləğində sığorta ödənişi edə bilirlər. Bunun əsasında da sığorta şirkəti yol-nəqliyyat nişanına dəyən ziyanı çıxmaqla ona 4507 manat məbləğində sığorta ödənişi edə biləcəklərini bildirmişdir. Bank xərcləri çıxıldıqdan sonra ona, 4485 manat sığorta ödənişi edilmişdir. Ona dəymiş ziyanın qalan 4845 manatın qaytarılması ilə bağlı razılığa gəlmək üçün cavabdehə bildirsə də, cavabdeh ona kəskin formada heç bir pul verməyəcəyini və hara istəsə müraciət edə biləcəyini qeyd etmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya təxminən 9000 manat məbləğində ziyan dəyib. Həmçinin yol nişanı da zədələnib. Onun xərci və bank xərcləri çıxılmaqla sığorta şirkəti tərəfindən 4485 manat ödənilib. Qalan məbləğin ödənilməsi üçün cavabdehə müraciət etmişlər, lakin o həmin məbləğin ödənilməsindən imtina etmiş və nəticədə məhkəməyə müraciət etməli olmuşlar. Dəymiş zərərlə bağlı müstəqil qiymətləndirmə etmişdirlər və verilmiş rəyə əsasən iddiaçıya məxsus avtomobilə dəymiş zərər 9330 manat məbləğində müəyyən edilib. İş üzrə əldə edilmiş ekspert rəyləri ilə tanış olmuşdur. Ekspert rəyləri də onları iddialarının əsaslı olduğunu bir daha təsdiq etmişdir. Ekspert dəymiş ziyanı maşının istehsal tarixinə uyğun hesablayıb. Yalnız həmin hissədə ekspert rəyi ilə razı deyil. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, vəkilinin dediklərini təsdiqləyir. Bundan başqa bildirir ki, sığorta şirkəti dəymiş ziyanı 6000 manat məbləğində qiymətləndirəndə səbəbini soruşmuş və cavabında sığorta ödənişinin onsuzda 5000 manatdan çox olmadığı bildirilmişdir. Qeyd edir ki, verilmiş ekspert rəyi ilə bəzi hissələrdə razı deyil. Məsələn rəydə maşının farası 150 manat məbləğində qiymətləndirilib, lakin servisdə daha baha olduğu göstərilib. O usta ilə aralarında olan vatsap danışıqlarını da məhkəməyə təqdim edə bilər. Oradan da görünür ki, usta onun maşınının təmir xərcini təxminən 9000 manat məbləğində qiymətləndirir. Yəni onların istədiyi məbləğ havadan götürülməyib, tam əsaslı və ədalətlidir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, maşını hadisədən sonra dəyərini itirmişdir. O artıq maşınını əvvəlki qiymətə sata bilməyəcəkdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, Sığorta şirkəti iddiaçının maşınına dəymiş zərəri 6800 manat məbləğində qiymətləndirib. 60 km/saat sürətlə gələn maşının iddiaçının tələb etdiyi məbləğdə ziyan vura bilməsi sual doğurur. Məsələ ilə bağlı iddiaçı ona müraciət edəndə 1000 manat məbləğində ödəniş edə biləcəyini bildirmiş, lakin iddiaçı onun bu təklifi ilə razılaşmamışdır. Sığorta şirkətinin müəyyən etdiyi ziyanı qəbul edir və yalnız həmin ziyandan qalan məbləği ödəməyə razıdır. İddiaçının detallarla bağlı qeyd etmiş olduğu qiymətlər bazar qiymətindən çox yüksəkdir. Hesab edir ki, iddiaçının sığorta şirkətinin müəyyən etdiyi ziyanla razılaşıb, pulu götürdükdən sonra belə bir iddia qaldırması əsassızdır. Onu da bildirir ki, maddi vəziyyəti yaxşı deyil, himayəsində azyaşlı övladı var. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Kia Forte" minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün çəkilən xərc 9330 manat məbləğindədir. İşdə olan xx.xx.2022-ci il tarixli, 8455 nömrəli ödəniş tapşırığından görünür ki, 4507.51 manat Xalq Sığorta ASC tərəfindən İddiaçı bank hesabına köçürülmüşdür. İş materialında olan inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Cavabdeh Qazel markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. İşdə olan İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin PXA 118938 nömrəli sığorta aktından görünür ki, Qazel markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "Xalq Sığorta” ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "Avtonəqliyyat vasitələrinin icbari sığortası" növü üzrə tam sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyatı hadisəsində “Kia Forte" minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş zərərin ümumi məbləği 6145 manatdır. Lakin ödəniləcək məbləğ 4507.51 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli, 9/5455 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Kia Forte" minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7470 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 9/9311 nömrəli rəyindən görünür ki, “Kia Forte" markalı, 2016-cı il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 20000 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınma (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10 % - 2000 manat (20000 manat x 10%) aşağı olması istisna edilmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi Qazel markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı idarə etdiyi “Kia Forte" minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncu avtomobilə ziyan dəymişdir. Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi və baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması, iş materialları, eyni zamanda onun həm məhkəmə iclasında, həm də Sumqayıt şəhər Polis İdarəsinin DYP Şöbəsində verdiyi izahatları ilə təsdiq edilir. Cavabdeh baş vermiş hadisədə təqsirli olmasını qəbul edir, yalnız vurulmuş ziyanın məbləğini mübahisələndirir. Məhkəmə tərəfindən iddiaçıya məxsus “Kia Forte" minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğini müəyyən etmək üçün ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli, 9/5455 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Kia Forte" minik markalı, **- ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7470 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 8455 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən baş vermiş hadisə ilə əlaqədar İddiaçı bank hesabına 4507.51 manat köçürülmüşdür. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğundan iddia qismən təmin edilməli, həmin hadisə nəticəsində “Kia Forte" minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyandan qalan 2962,39 (7470-4507,51) manat Cavabdeh tərəfindən avtomaşının mülkiyyətçisi olan İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsində daşınma xərcləri ilə əlaqədar çəkilən 100 manat pulun tutulması xahiş edilsə də, həmin xərclə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində iddia tələbinin əsasını təşkil edən 4845 manat pul tələbi yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin təmir-bərpa xərcləri ilə əlaqədardır. Sonradan iddia tərəfinin vəsatəti əsasında "Kia Forte" minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il yol nəqliyyat hadisəsindən sonra əmtəə dəyərinin nə qədər azalması barədə ekspertiza keçirilməsinə və bu barədə müvafiq rəy alınmasına baxmayaraq məhkəmənin icraatında bununla bağlı iddia tələbi olmadığından məhkəmə həmin məsələyə hər hansı hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia qismən (təxminən 60% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 69 manat dövlət rusumunun 41 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 28 manatı isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə (təxminən 60% həcmində) münasib olaraq həmin hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 (50+50) manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcinin 60 manatı cavabdehə, 40 manatı isə iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2962,39 (iki min doqquz yüz altmış iki manat otuz doqquz qəpik) manat məbləğində dəymiş ziyan və 41 (qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının xərci olaraq Cavabdeh 60 (altmış) manat, İddiaçı isə 40 (qırx) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar