Məhkəmə qərarları › İş №2(060)-3701/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3701/2023

25.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3701/2023 25.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə ailə həyatı qurmuş və onların birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Jalə Zeynalova və xx.xx.2013-cü il təvəllüdlü Ömər Zeynalzadə adında 2 övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 2382/2020 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah ləğv olunmuş və həmin qətnamə ilə birgə nikahdan olan uşaqlarının saxlanması üçün hər uşağa görə 140 manat olmaqla 2 uşağa görə 280 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bu qətnamədən sonra bir uşağın saxlanması minimumda artımlar olmuş və hazırda bu məbləğ 220 manat təşkil etmişdir. O məhkəmə qətnaməsi ilə qət edilmiş alimentlə uşaqlarının maddi ehtiyaclarını qarşılaya bilmir. Belə ki, hər iki uşaq məktəbyaşlıdır. Bundan başqa hər iki uşaq göz xəstəliklərindən əziyyət çəkir. Onlar bu xəstəliklə bağlı daima həkim nəzarətində olmalı və müalicələr qəbul etməlidirlər. Lakin qət edilmiş alimentlə o nəinki bu müalicələri, heç uşaqların maddi ehtiyaclarını belə qarşılaya bilmir. Qeyd olunanlara əsasən məhkəmədən qətnamə ilə rəsmi nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 225 (iki yüz iyirmi beş) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2557/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmasını xahiş edir. Cavabdehin gəlirləri barədə sübutları yoxdur. Özü də işləmir. Məktəb forması almağa gücü çatmır. Bir aydan digər aya necə keçəcəyi barədə düşünür. Uşaqlar beşinci sinifdə oxuyurlar. Əvvəl ibtidai məktəbdə oxuduqları üçün yola vermək olmuş, övladları Xırdalan şəhərində 3 saylı litseydə təhsil alırlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Yeddi aydır ki, işləmir. Anasının pensiyası ilə dolanır. O da xəstədir. Yenidən ailə qurmuşdur. Çatdırmaq heç cür mümkün deyildir. Anası da yetmiş iki yaşında xəstə qadındır. Heç bir yerdə iş tapa bilmir. İkinci qrup əlildir. Sağlamlığı yerində deyildir. Onun gəliri olmadığı üçün qət edilmiş aliment məbləği hədsiz dərəcədə çoxdur. Qət edilmiş aliment məbləğini ödəyir. Əlində imkan olduqca uşaqlarına maddi köməklik edir. Məhkəmə iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Ambulator kartdan çıxarışdan görünür ki, X1 miopik astiqmatizm, daxili çəplik diaqnozu ilə, X5 isə zəif dərəcəli miopiya diaqnozu qeydiyyata düşmüşlər. Yenə iş materiallarında olan AZ-İİİ seriyalı 243329 saylı və İİ-RU seriyalı 733039 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü Jalə və xx.xx.2013-cü il tarixdə Ömər adlı uşaqlar doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2382/2020 saylı, 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasındakı nikah ləğv edilmiş, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalmaları, 27 fevral 2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, məhkəmə qətnaməsinin alimentin tutulması hissəsində dərhal icra olunması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, Cavabdeh 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim A.Süleymanova). İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00900 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində, saat 09:00da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh bildiriş və SMS göndərilmiş, istifadəsində olan mobil nömrəsi vasitəsi ilə telefon əlaqəsi saxlanılmış, mediasiyanın mahiyyəti, ilkin mediasiya sessiyasının keçiriləcəyi tarix və yer barədə ətraflı məlumat verilmiş, buna baxmayaraq mediasiya sessiyasında iştirak etmək istəmədiyini bildirmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. 23 noyabr 2013-cü il tarixdən Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 5, otaq 97 ünvanında qeydiyyatdadır. Sosial arayışdan görünür ki, Cavabdeh 2-ci qrup əlil olmaqla, 220 manat məbləğində xx.xx.1995-ci il tarixdən müavinət alır. Yenə də iş materiallarında olan məşğulluq haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Dövlət Məşğulluq Xidmətində işaxtaran kimi qeydiyyatdadır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2557/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2382/2020 saylı, 04 avqust 2020-ci il tarixli qətnaməsinin alimentin məbləği hissəsində dəyişdirilməsi, 27 fevral 2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, bu hissədə qətnamənin dərhal icra edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının İmamqulubəyli kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 263 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Ağdam Rayon İcra Hakimiyyəti Başçısının İmamqulubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin İmamqulubəyli kəndində daimi qeydiyyatda durur və yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2023-cü ildə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı hər uşağa görə ödənilən 125 manat məbləğində aliment uşaqların saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Uşaqların əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyəti ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsi yetkinlik yaşına çatmayan uşaqların əsaslı mənafeyinə xidmət etməklə, onların normal inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə cavabdeh olaraq Cavabdeh valideynlik vəzifəsini yerinə yetirmək baxımından da onun əsas öhdəliyidir. Məhkəmə hesab edir ki, cavabdehdən iki uşaq üçün tələb olunan 450 manat məbləği ödəmək iqtidarında olmasına dair sübutlar MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən sübut olunmamış, həmçinin onun təqzibi ilə bağlı dəlillər isə məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından, 2020-ci il tarixdən müəyyən olunmuş aliment məbləğinin artırılmasından xeyli müddət keçməsini, tərəflərin maddi vəziyyətlərini (cavabdehin gəlirlərini) nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2557/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 160 manat, ümumillikdə 320 sabit pul məbləğində aliment tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2557/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 160 (bir yüz altmış) manat, ümumillikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar