Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3706/2022 14.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)- 2450/2018 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay tutulan alimentin miqdarının dəyişdirilərək 193 manat məbləğində müəyyən edilməsinə və mediasiya üçün ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 507/2016 saylı, 25 yanvar 2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 117 manat pulun Cavabdeh hər ay tutularaq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-507/2016 saylı, 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay tutulan alimentin miqdarı dəyişdirilərək 130 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlə nikahlarından dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdülü X5 iddiaçının himayəsindədir və uşağın saxlanmasında cavabdehin ona verdiyi 130 manat azyaşlının tələbatını ödəmir. Hazırda heç bir yerdə işləmir, uşağı saxlayır, onun qayğıları ilə məşğul olur, X3 onurğa sütununda 1-ci dərəcəli skolioz vardır. Cavabdehin isə maddi durumu xeyli yaxşı olmasına baxmayaraq öz doğma övladının maddi təminatını ödəməkdən boyun qaçırır. Cavabdehin adına ev, maşın və sair əmlaklar vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi ilə razı olmadığını, iştirakı olmadan işə baxılaraq iddia tələbinin rədd edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, O, xx.xx.2013-cü il tarixdə X4 ilə ailə qurmuşdur. Nikahdan iki övladları - xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 vardır. Özü günəmuzd fəhlədir, qış aylarında ümumiyyətlə qazancı olmur. Keçmiş arvadı işinə tez-tez müdaxilə etdiyinə görə müdiriyyət cavabdehi işdən azad etmişdir. Ona görə də fəhlə işləyir. Tünzalənin maddi durumu yaxşıdır. Valideynlərinin himayəsindədir, hər iki valideyni yaxşı qazanc əldə edir. Tünzalə cavabdehdən yalnız alimentin artırılmasını yox, onu məhkəmələrdə süründürməklə məşğuldur. Tez-tez ailəsinə müdaxilə edir, narahatçılıq yaradır. Cavabdeh əlavə gəlir əldə etdikdə, yaxud gündəlik qazancı 15 manatdan artıq olduqda övladını gəzdirdiyini, onun maddi tələbatını ödədiyini qeyd etmişdir. Yeganə oğul övladıdır, yaşlı valideynləri vardır. Artıq atasının 69 yaşı tamam olmuşdur. Onlar da cavabdehin himayəsindədirlər, səhhətləri tez-tez pisləşir. Onların da köməyə ehtiyacı vardır. Cavabdeh iddiaçının iddiasını qəbul etmir, məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Cavabdehin öhdəsində və himayəsində iki kiçik yaşlı övladlarının və yaşlı valideynlərinin olmasını nəzərə alıb iddiaçi İddiaçı iddiasının rədd olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2450/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay tutulan alimentin miqdarı dəyişdirilərək 130 manat məbləğində müəyyən edilmişdir. - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 400 № ilə qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, №- MŞB-5-01421 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı lkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. - Sumqayıt Şəhər 1 nömrəli uşaq poliklinikasının 65 saylı, 26 yanvar 2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.2013 və xx.xx.2013-cü il tarixlərində X5 rentgen müayinə olunmuş və 1-ci dərəcəli skolioz diaqnozu qoyulmuşdur. xx.xx.2018-ci il tarixində təkrar müayinə olunmuş “Onurğa sütununun 1-ci dərəcəli skoliozu, Spina bifida” diaqnozu qoyulmuş və travmatoloq tərəfindən müalicə təyin olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-507/2016 saylı, 25 yanvar 2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2010cu il təvəllüdlü X1 üçün hər ay 117 manat pulun Cavabdeh hər ay tutularaq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2450/2018 saylı, 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay tutulan alimentin miqdarı dəyişdirilərək 130 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdülü X5 iddiaçının himayəsindədir və uşağın saxlanmasında cavabdehin ona verdiyi 130 manat azyaşlının tələbatını ödəmir. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2450/2018 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda 05 dekabr 2010-cu il təvəllüdlü X2 üçün kifayət etmir. Belə ki, onun böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2450/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 05 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat həcmində dövlət rüsumu ödənilməlidir. Belə ki, iş materiallarında olan qətnamədən də göründüyü kimi, cavabdeh aylıq 130 manat sabit pul məbləğində aliment ödəyir. Hazırki halda həmin məbləğ 175 manata artırıldığından bir il ərzində ödəmənin məcmusu artırılan aliment miqdarının bir illik ödəmə məcmusu ilə müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 1000 manatadək olduğu üçün (hazırki halda 175-130=45; 45x12=540) qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2450/2018 nömrəli, 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 05 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddiaçı tərəfindən mediasiya xərci ilə əlaqədar ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh Sürən oğlundan tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3706/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3706/2022
14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver