Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3711/2023 24.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki 24 iyul 2023-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 10100 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğludur. Oğlu 2021-ci ilin oktyabr ayında idarə etdiyi avtomaşınla vol nəqliyyat hadisəsi törətmiş, nəticədə bir nəfər şəxs ölmüşdür. Oğlunun törətdiyi avtoqəza ilə əlaqədar olaraq vəfat etmiş şəxsin yaxınlarına 4000 (dörd min) manat ödəniş etmişdir. Həmçinin cavabdehin müdafiəsi məqsədilə vəkilə 500 manat ödəniş etmişdir. Apellyasiya şikayətinin veirlməsinə görə 300 manat xərcləmişdir. Cavabdeh törətdiyi əmələ görə AR CM-nin 263-cü maddəsi ilə təqsirli bilinərək AR Ədliyyə Nazirliyinin Xaçmaz şəhərində yerləşən məntəqə tipli cəzaçəkmə müəssisəsində 15 sentyabr 2022-ci ilə qədər cəza çəkmişdir. Cəza çəkdiyi müddətdə dəfələrlə Xaçmaz şəhərinə getmişdir və hər dəfə 20 manat yol pulu vermişdir. 100 (yüz) manat cavabdeh cəzaçəkmə müəssisəsindən çıxarkən cəzaçəkmə müəssisəsinin işçisinə ödəmişdir. Cavabdehə cəmi 4900 manat pul vermişdir. O, həmin pulu göy-göyərti satmaqla qazanmışdır. 2021-ci ilin oktyabr ayından 2022-ci ilin sentyabr ayınadək oğluna 4900 (dörd min doqquz) manat pul sərf etmişdir. O, oğluna təklif etmişdir ki, hər ay həmin puldan 100 manat ona qaytarsın. Cavabında cavabdeh onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. O, sərf etdiyi pulu ona qaytarmaqdan imtina edir. Qeyd edir ki, yuxarıda göstərilən səbəblərə görə o, "Unibank” KB ASC-dən 2100 manat kredit götürmüşdür. Həmçinin Mediasiya təşkilatına 50 manat ödəniş etmişdir. Bunu İlkin mediasiya Sessiyasında (İMS) iştirak edilməməsi barədə 08 may 2023-cü il tarixli arayış və arayışa əlavə edilmiş ödəniş qəbzi də təsdiq edir. Hesab edir ki, Cavabdeh 4950 (dörd min doqquz yüz əlli) manat və ödənilmiş 70 manat dövlət rüsumunun, cəmi 5020 (beş min iyirmi) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və övladı-cavabdehin əvvəllər onunla düşmən kimi rəftar etmiş, danışmamışdır. Pandemiya dövründə onunla ümumiyyətlə maraqlanmamışdır. Oğlu 2020ci ildə ondan pul istəmişdir. O, cavabdehə pulu olmadığını bildirəndə onu təhqir edib getmişdir. Bir müddət sonra oğlu maşınla qəza törətmiş və həmin qəza nəticəsində adam vurduğuna görə oğlu həbs olunmuşdu. O, 5 ay oğlunun yanına –həbsxanaya getmişdir. O, təqaüdü hesabına dişini düzəltdirmək üçün yığdığı pulla oğlunu həbsdən çıxartmışdır. Oğlu onun pulunu qaytaracağını bildirmiş, amma həbsdən çıxandan sonra borcunu qaytarmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, oğlu ona hörmət qoymur, evindən qovur. Hətta 2007-2008-ci ildə gəlini-cavabdehin arvadı onun saçını yolmuşdur. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, yol- nəqliyyat hadisəsi törətmiş və həmin cinayət hadisəsinə görə ona 4 il 1 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. Daha sonra şərti cəza ilə azadlığa buraxılmışdır. Həqiqətən də onun azadlığa çıxamasında anasının maddi dəstəyi olub. Hazırda banka borcu var, heç bir yerdə işləmir, ancaq pensiya alır, müəyyən tutulmalardan sonra ona 100 manat pul qalır. Bundan başqa onun himayəsində 5 nəfərlik ailəsi var. Anasına 2000 manat borcu olduğunu qəbul edir. Belə ki, anası yol nəqliyyat hadisəsi nəticəsində zərəçəkmiş şəxsin ailəsinə 2000 manat pul vermişdir. Vəkil üçün 500 manat pulu isə bacısı ödəmişdir və bacısı həmin pulu ondan tələb etmir. Anası onu boşanmağa vadar edir. O, ailəsindən boşanmadığı üçün anası hazırkı ərizə ilə məhkəməyə müraciət edib. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmadığından 75-C-22 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bilmişdir. Belə ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında anasına 2000 manat borcu olduğunu qəbul etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə öz təsdiqini tapmadığından rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 40% həcmində) təmin edildiyindən ödənilmiş 70 manat dövlət rüsumunun 28 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 42 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat hissəsi tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3711/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3711/2023
24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver