Məhkəmə qərarları › İş №2(060)-3718/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3718/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3718/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən ərazi aidiyyət normalarına riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş cavabdehin şəxsiyyət vəsiqəsindən görünür ki, cavabdeh Ağalarov X1 rayonu, Mil qəsəbəsi üzrə qeydiyyatdadır. Belə olan halda mülki işə ərazi aidiyyətinin ümumi normaları şamil edilməli və bu mülki işə ərazi aidiyyəti üzrə müvafiq məhkəmədə (Beyləqan Rayon Məhkəməsi) baxılmalıdır. Mülki prosessual qanunvericiliyin bu maddələrinin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddialar iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 36-cı maddəsində konkret kateqoriyalardan olan işlər üzrə iddanın hansı məhkəməyə verilməli olmasını müəyyən etmək üçün seçim hüququnun iddiaçıya məxsus olduğu göstərilmişdir. Lakin ərazi aidiyyəti qaydalarının iddiaçının faktiki yaşayış yerinə görə dəyişdirilməsi imkanı isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Belə olan halda mülki işə aidiyyət normaları şamil edilməli və bu mülki işə ərazi aidiyyəti üzrə müvafiq məhkəmədə (cavabdehə uyğun olaraq Beyləqan Rayon Məhkəməsində) baxılmalıdır. Odur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 125-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan qəbzə əsasən ödənilmiş 84,39 (səksən dörd manat, otuz doqquz qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-yə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan qəbzə əsasən ödənilmiş 84,39 (səksən dörd manat, otuz doqquz qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-yə geri qaytarılsın. Qərardadın rüsum hissədə icrası Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. İddiaçıya izah edilsin ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar