Məhkəmə qərarları › İş №2(060)-372/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-372/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-372/2025 27.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 683,77 manat əsas borc, 37,25 manat faiz borcu, 30,78 manat cərimə borcu olmaqla, cəmi 751,8 manat borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 473,64 manat əsas borc, 4,36 manat faiz borcu olmaqla, cəmi 478 manat borcun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3133,08 manat əsas borc, 50,31 manat faiz, 1,32 manat cərimə borcu olmaqla, cəmi 3184,71 manat məbləğində borcun və 64,15 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi tizrə 506,8 manat əsas borc, 89,09 manat faiz borcu, 315,42 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 911,31 manat borcun, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1984,56 manat əsas borc, 170,25 manat faiz borcu, 12,97 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2167,78 manat məbləğində borcun və 50,79 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18 % olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 16%-lə 24 ay müddətinə 2500 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 17%-lə 36 ay müddətinə 5800 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2024-cü il iyulun 30-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 683,77 manat əsas borc, 37,25 manat faiz borcu, 30,78 manat cərimə borcu olmaqla, cəmi 751,8 manat borcu vardır. 2024-cü il iyulun 30-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 473,64 manat əsas borc, 4,36 manat faiz borcu olmaqla, cəmi 478 manat borcu vardır. 2024-cü il iyulun 30-dək Cavabdeh banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3133,08 manat əsas borc, 50,31 manat faiz, 2,63 manat cərimə borcu olmaqla, cəmi 3186,02 manat borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2,63 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 1,32 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, işdən ayrıldığı üçün ödənişləri edə bilməmişdir. Lakin bankın əməkdaşlarına bildirmişdir ki, borcu ödəyəcəkdir. 3 ay xəstəxanada müalicə almışdır. Həmin müddətdə bankın əməkdaşları onunla əlaqə saxlayan zaman onlara da xəstə olduğunu və ödəniş edə bilməyəcəyini bildirmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçı ASC ilə Cavabdeh arasında əldə olunmuş xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmadan görünür ki, Cavabdeh İddiaçı ASC-nin İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərinin bütün müddəaları və tələbləri ilə razı olduğu, bu razılaşmanın imzalanması nəticəsində həmin standart şərtlərin gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini bildirmiş, bank isə ona 36 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit verməyi barədə öhdəlik götürmmüşdür.

7. İddiaçı ASC ilə Cavabdeh arasında əldə olunmuş xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair razılaşmadan görünür ki, Cavabdeh İddiaçı ASC-nin İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş bankın internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərinin bütün müddəaları və tələbləri ilə razı olduğu, bu razılaşmanın imzalanması nəticəsində həmin standart şərtlərin gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini bildirmiş, bank isə ona 36 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 5800 manat məbləğində kredit verməyi barədə öhdəlik götürmmüşdür.

8. 30.07.2024-cü il tarixdə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərdən müqavilə üzrə yaranmış borcun xəbərdarlıq məktubunu aldığı vaxtdan 5 gün müddətində İddiaçı ASC-yə tam şəkildə ödəmələri tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

9. İddiaçı ASC tərəfindən tərtib edilmiş 24 yanvar 2025-ci il tarixli maliyyə arayışlarında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 4-Y-5-0-286-23 saylı kredit müqaviləsi üzrə 1984,56 manat əsas borc, 170,25 manat faiz borcu, 12,97 manat cərimə olmaqla, cəmi 2167,78 manat borcu, xx.xx.2022-ci il tarixli, 808-Y-1-0-234-22 saylı kredit müqaviləsi üzrə 506,8 manat əsas borc, 89,09 manat faiz borcu, 315,42 manat cərimə olmaqla, cəmi 911,31 manat borcu vardır.

Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 421.2-ci maddəsinə görə Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

13. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

14. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh 26 yanvar 2022-ci il tarixli, 8-808-Y-1-0-234-22 saylı müqavilə ilə 36 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 5000 manat məbləğində, 26 yanvar 2023-cü il tarixli, 4-Y-5-0-286-23 saylı müqavilə ilə 36 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 5800 manat məbləğində kredit verilmişdir.

15. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

16. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilələr üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək müqavilələrdə qeyd olunan məbləğləri cavabdehə vermiş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

17. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

18. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 22,97 manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

19. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 506,8 manat əsas borc, 89,09 manat faiz borcu, 10 manat cərimə, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1984,56 manat əsas borc, 170,25 manat faiz borcu, 12,97 manat cərimə borcu olmaqla, cəmi 2773 (iki min yeddi yüz yetmiş üç) manat, 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 47 (qırx yeddi) manat, 73 (yetmiş üç) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 506,8 manat əsas borc, 89,09 manat faiz borcu, 10 manat cərimə, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1984,56 manat əsas borc, 170,25 manat faiz borcu, 12,97 manat cərimə borcu olmaqla, cəmi 2773 (iki min yeddi yüz yetmiş üç) manat, 67 (altmış yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 47 (qırx yeddi) manat, 73 (yetmiş üç) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar