Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-373/2024 18.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 yanvar 2024-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2985 manat məbbğində pulun və dövlət rüsumu kimi köçürdüyü 50 manat vəsaitin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun tanışıdır, 2022-ci ilin yanvar ayının 3-də cavabdeh ona müraciət edərək təcili, 3 gün müddətində qaytarmaq şərti ilə 1500 manat məbləğində pul lazım olduğunu bildirmiş və o da qohum-tanışlardan borc pul alaraq ona həmin pulu vermişdir. Lakin cavabdeh vəd verdiyi vaxtda pulu ona qaytarmamış və pulu ona vermiş şəxslər pullarını ondan geri istədikdə o da qızıl-zinət əşyalarını lombarda girov qoyaraq 1500 manat pul götürməklə həmin şəxslərin pulunu qaytarmışdır. Cavabdeh ona bildirmişdir ki, lombardın pulunu özü ödəyəcək və o, bundan zərər çəkməyəcək. Lakin cavabdeh nəinki lombardın borcunu qaytarmış, əksinə o, hər ay lombardın da pulunu ödəmək məcburiyyətində qalmışdır, belə ki, 1500 manata görə hər ay 2,5 faiz ödəniş olmuşdur ki, bu da aylıq 67,50 manat təşkil etmiş və keçən bu 22 ay ərzində o, lombarda faiz ödəmişdir. Ümumilikdə cavabdehin ona borcu əsas borcla birlikdə 2985 manat (iki min doqquz yüz səksən beş) manat təşkil edir. O, cavabdehin onu aldatması və 3 günə qaytarmaq adı ilə aldığı pulu ona qaytarmaması ilə bağlı polisə şikayət etmiş, lakin ona bildirilmişdir ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, cavabdeh 3 ildən artıq onunla iş yoldaşı olub. Cavabdeh ondan 1500 manat məbləğində pul istəyəndə o, tanışlarından həmin məbləği toplayıb vermişdirdi. Belə ki, o, cavabdehin həmin pulu 1 ay müddətinə geri qaytaracağına inanmışdır. Lakin sonra cavabdeh ona həmin pulu qaytarmamışdır. O, cavabdehə inandığı üçün pulu ona verərkən heç bir yerə qeyd etməmişdir. Lakin bununla bağlı disklərdə səs yazıları mövcuddur. Bundan başqa cavabdeh özü də ondan borc aldığını inkar etmir. Onu da qeyd edir ki, borc aldığı adamların pulunu qaytarmaq üçün qızllarını lombarda qoymuş və hər ay buna görə ödəniş etmişdir. Ona görə də hazırda cavabdehdən əlavə faiz də istəyir. Onu da məhkəmənin nəzərə çatdırır ki, o, bu məsələdə cavabdehə çox güzəşt etmişdir, hazırda isə cavabdeh onun zənglərinə cavab vermir. Özü xəstədir, lakin maddi vəziyyəti ilə əlaqədar müalicəyə gedə bilmir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçıdan 2-3 günə qaytarmaq şərtilə borc pul götürüb. Cavabdehin özü də iddiaçıya borcu olduğunu etiraf edir, sadəcə borcun ödənilməsi üçün ona möhlət verilməsini istəyir. Cavabdehlə dəfələrlə əlaqə saxlamaq istədikdə bu mumkün olmamış, ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Hazırda iddiaçının qeyd edilən məbləğdə pul tələb etməsinin səbəbi odur ki, iddiaçı bu məsələ ilə bağlı qızıllarını lombarda girov qoymuş və aylıq ödənişlər edib. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, həqiqətən də iddiaçıdan 1500 manat borc pul alıb. Lakin maddi vəziyyəti ilə əlaqədar həmin borcu qaytara bilməmişdir. Hazırda heç bir yerdə işləmir, yoldaşı pensiya alır, kirayə yaşayır, kirayə haqqını çətinliklə ödəyir. Bundan əlavə banka da borcu var. Eyni zamanda bu yaxınlarda əməliyyat olub. Onu da qeyd edir ki, iddiaçı ona öz pulunu vermişdi, ona borc vermək üçün heç kimdən borc almamışdı. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı məsələ ilə əlaəqdar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli girov biletindən görünür ki, İddiaçı məxsus 750 əyarlı, 4 qram çəkisi olan 1 ədəd üzük "xxxx" MMC-yə girov qoyulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli girov biletindən görünür ki, İddiaçı məxsus 1 ədəd sep, 1 ədəd klon, 1 cüt sırğa, 2 ədəd üzük (583 əyarlı, 24 qram ) "xxxx" MMC-yə girov qoyulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bildiyindən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan 1500 manat borc aldığını və hal-hazıradək qaytarmadığını etiraf etmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin iddiaçıya 1500 manat borclu olması hissəsində öz təsdiqini tapsa da, qalan 1485 (2985-1500) manat hissəsində öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı həmin hissədə iddia tələbini cavabdeh borcunu vaxtında qaytarmadığından qızıl-zinət əşyalarını lombarda girov qoyması və götürdüyü pulla digər şəxslərə borcunu ödəməsi ilə əsaslandırsa da, həmin hissədə iddia tələbinin əsaslandığı halları sübuta yetirə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən qızılların lombarda girov qoyulması cavabdehə borc verilməsindən təxminən 1 il və 1 il 6 ay sonra baş vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə borc verilməsi ilə qızıllarının lombarda girov qoyulması arasında hər hansı səbəbli əlaqənin olması müəyyən edilmir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1500 (bir min) manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 50 faiz hissədə) təmin edildiyindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 25 (iyirmi beş) manatı iddiaçıya aid edilməli, 25 (iyirmi beş) manat hissəsi isə cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində borc və 25 (iyirmi beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-373/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-373/2024
18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver