Məhkəmə qərarları › İş №2(060)-3737/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3737/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3737/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 10073,43 ABŞ dolları əsas borc, 2609,34 ABŞ dolları faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 21.06.2014-cü ildə bağlanmış nağd pul lahiyəsi müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 24% olmaqla, 48 ay müddətinə 10500 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh bankın ona məxaric etdiyi məbləği və ona hesablanmış faizləri ödəməkdən yayınır. Digər Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit öhdəlikləri üzrə zaminliyi öz üzərinə götürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 24.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. 29.10.2021-ci il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1981-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1976-cı ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 21 iyun 2014-cü il tarixli, CC/13847/42/11 saylı kredit sazişinə əsasən iddiaçı Cavabdeh1 illik 24% olmaqla 48 ay müddətinə 10500 ABŞ dolları kredit vermişdir. Kreditin cavabdehə verildiyini eyni tarixli kassa məxaric orderi də təsdiq edir. Həmin müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 kredit öhdəlikləri üzrə zaminliyi öz üzərinə götürmüşdür. Ödəniş cədvəlinə əsasən Cavabdeh1 21.06.2018-ci il tarixədək hər ay 342,32 ABŞ dolları, sonuncu ay 344,50 ABŞ dolları ödəniş etməli idi. 01.04.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsi üzrə borcu əsas borc üzrə 10073,43 ABŞ dolları, faiz borcu üzrə 2609,34 ABŞ dolları təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 13.10.2021-ci il tarixli, 9/5745 saylı ekspert rəyində göstərilmişdir ki, cavabdehin 21.06.2021-ci il tarixinə borcu əsas borc üzrə 10068,79 ABŞ dolları, faiz borcu üzrə 9054,60 ABŞ dolları təşkil edir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdeh kredit öhdəliklərini lazımınca icra etməmiş və banka iddia ərizəsində göstərilən məbləğdə əsas və faiz borcu qalmışdır. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. MPM-ə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehin müqavilənin müddətinin bitdiyi 21.06.2018-ci il tarixinə borcu əsas borc üzrə 10068,79 ABŞ dolları, faiz borcu üzrə 9054,60 ABŞ dolları müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin ekspert rəyi ilə müəyyən olunmuş əsas borcu iddia ərizəsində tələb olunan borcdan az, faiz borcu isə iddia tələbində göstərilən məbləğdən çoxdur. Məhkəmə hesab edir ki, ekspert rəyində göstərilən məbləğdə əsas borc və iddia ərizəsində göstərilən məbləğdə faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı cavabdehlərə aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir ki, həmin məbləğ cavabdehlərdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 10068,79 ABŞ dolları, faiz borcu üzrə 2609,34 ABŞ dolları olmaqla, cəmi 12678 (on iki min altı yüz yetmiş səkkiz) ABŞ dolları 13 (on üç) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) və ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar