Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3737/2024 09.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən Quliyeva (İbrahimova) Günay Şakir qızından 1181,85 manat əsas borcun, 31,82 manat dövlət rüsumunun, cəmi 1213,67 manat məbləğində pulun alınıb İddiaçı MMC-yə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh şəxs, sabit əməkdaşları, X1 və Təlim Departamentinin Aparıcı auditoru Quliyeva (İbrahimova) Günay Şakir qızı səhətində yaranmış problemin həll edilməsi məqsədi ilə 3000 manat məbləğində ssudanın alınması üçün "xxxx" MMC-nin Baş direktoruna xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli, 1770 nömrəli ərizələri ilə müraciət etmişdir. Şirkət rəhbərliyi tərəfindən cavabdeh şəxsin müraciəti müsbət qarşılanaraq xx.xx.2021-ci il tarixində tam təmin edilmişdir. İşlədiyi müddət ərzində cavabdeh şəxs tərəfindən ayda 250 manat ödəməklə, ümumi 750 manat məbləği ssudanın hesabından qaytarılmışdır. Cavabdeh şəxs ilə imzalanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verildiyi zaman onun iddiaçıya qalan borcu 2250 manat təşkil edirdi. Cavabdeh şəxs ilə son hesablaşma aparılan zaman İddiaçı MMC-nin Maliyyə iqtisad xidməti tərəfindən hesablanmış 1068,15 manat məbləğinin ssudanın azaltmasına yönəldilməsi təklif edilmişdir. Cavabdeh şəxsin yazılı razılığına əsasən həmin vəsait ssuda qalığından silinmişdir. Ssudanın bu günə kimi qalmış hissəsi 1181,85 manat təşkil etmişdir. Cavabdeh şəxs qalan məbləği aybaay 236,37 manat məbləğində ödəməyini öz öhdəsinə götürmüşdür. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamış və müxtəlif bəhanələrlə bundan imtina etmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh səhhətində yaranmış problemlərlə əlaqədar onlara müraciət etmiş və 3000 manat pul istəmişdir. Pul şəxsin hesabına köçürülmüşdür. Cavabdeh öhdəlik götürmüş, aybaay 250 manat ödəyəcəyini bildirmişdir. Cavabdeh onların şirkətində işlədiyi zaman pul hər ay əmək haqqı kartından çıxılırdı. Daha sonra əmək müqaviləsinə xitam verilmişdir. Qalan borcu 1181,85 manat təşkil edir. Cavabdeh həmin məbləği hissə-hissə ödəycəyini bildirmişdir. İddiaçı işdən çıxarkən ödənilməyən məbləğ, yəni işçinin son haqq-hesabı 1068 manat idi. Onlar cavabdehdən həmin məbləğin borca yönəldilməsinə dair xahiş etmiş, cavabdeh isə razılıq ərizəsi vermişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlanılsa da, borcu ödəməkdən yayınmışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 2013-cü ildən həmin şirkətdə agent vəzifəsində işləmişdir. Sonradan vəzifəsi auditor, aparıcı auditor və rəis müavini vəzifələrinə yüksəlmişdir. Şirkətdə vəzifə borcunu layiqli şəkildə yerinə yetirən şəxslərə qarşı qaralama aparılmışdır. Sonra onun səhhəti pisləşmiş və işdən icazə alaraq 3000 manat məbləğində ssuda götürmüşdür. Sonradan haqsız şəkildə ona töhmət verilmiş, vəzifəsi aşağı salınmış və yanvar ayında işinə xitam verilmişdir. Bu barədə məhkəməyə mraciət etmiş və iddia tələbi təmin edilmişdir. Qeyd olunan məhkəmə işi 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək davam etmişdir. Həmin müddətdə işsiz qalmışdır. 4000 manat məbləğində krediti vardır. Apellyasiya mərhələsində iddia tələbi təmin edilmişdir. Aralarında barışıq sazişi bağlanmışdır. Həmin şirkətdə 8 il müddətində işləmişdir. İddiaçı kredit təşkilatı deyil ki, işçiyə ssuda versin, 3 qat artıq məbləğdə alsın. Hazırda iddiaçının həmin pulu geri istəmə səbəbi qanunsuzdur. İşinə 19 yanvarda xitam verilmişdir, həmin gün son haqq-hesabı verilmişdir. Yanvarın 24-ü hava limanına daxil olan zaman ona ərizə yazdırmışdırlar. Məcburi şəkildə borcu ödəməyi öhdəsinə götürmüşdür. Ərizəni məcbur yazdığına dair sübutu yoxdur. İşdən çıxarkən alçaldıcı şəkildə onu notariusa aparmaq istəmişdirlər. Borcu qəbul edir, lakin qanunaziddir.
Tədqiq olunan sübutlar:
5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, məktubu aldığı tarixdən etibarən 10 iş günü ərzində İddiaçı MMC-yə (əvvəlki adı "VİP Aviasiya Xidmətləri Şirkəti” MMC) olan 1181,85 manat məbləğində qalan borc məbləğinin tam ödənilməsini təmin etməyi tələb olunmuş, müəyyən olunmuş müddət ərzində borcu ödəmədiyi halda, İddiaçı MMC bu məsələnin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun həll edilməsi üçün məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq olunmuşdur.
6. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, müalicəsinin aparılması məqsədi ilə 3000 manat məbləğində ssudanın 12 aylıq müddətinə verilməsinə icazə verilməsini xahiş etmişdir.
7. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, son haqq-hesabından (1068,15 manat) şirkət tərəfindən ona verilmiş 3000 manat ssudanın (3 ay tutulmadan sonra hazırki qalıq 2250 manat təşkil edir) tutulmasına (birdəfəli tutulma) razı olduğunu bildirmiş və qalıq məbləğin (1181,85 manat) isə hər ay 236,37 manat olmaq şərti ilə məbləğ bitənədək ödəyəcəyini öz öhdəsinə götürmüşdür.
8. "VİP Aviasiya Xidmətləri Şirkəti” MMC tərəfindən verilmiş 173-Ş nömrəli, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, Keyfiyyətə nəzarət, təhlükəsizlik və təlim departametinin Aparıcı auditoru Cavabdeh əmək müqaviləsinə baş direktorun xx.xx.2022ci il tarixli, 08 saylı əmrinə əsasən xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, baş direktorun xx.xx.2022-ci il tarixli, 207 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən xitam verilmişdir.
9. xx.xx.2021-ci il tarixli, 1770 nömrəli əmrə əsasən Quliyeva (İbrahimova) Günay Şakir qızına ssudanın verilməsini və verilmiş ssudanın hissə-hissə qaytarılmasını təsdiq edən arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli, 1770 nömrəli əmrə əsasən Cavabdeh 3000 manat məbləğində ssuda verilmiş, Cavabdeh əmək haqqından oktyabr ayında 250 manat, noyabr ayında 250 manat, dekabr ayında 250 manat və son haqq-hesabından 1068,15 manat məbləğində tutulma olmaqla, cəmi 1818,15 manat tutulmuş və qalıq borcu 1181,85 manat təşkil edir.
Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
-14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; -337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; -337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; -337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; -337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; - 739.1-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; -740.1-ci maddəsinə görə (əvvəlki redaksiyada) borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; -740.2-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; -1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh ərizə ilə VİP Aviasiya şirkətləri xidmətinə (indiki adı İddiaçı MMC) müraciət edərək ona müalicə aprılması məqsədilə 12 aylıq müddətinə ssudanın verilməsini xahiş etmişdir. Tərəflərin şifahi razılığı əsasında iddiaçıya 3000 manat məbləğində pul vəsaiti verilmişdir. Həmin pul məbləğinin verilməsi ilə bağlı tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. İddiaçı hazırda məhkəməyə iddia ilə müraciət edərək həmin borcdan qalan 1181,15 manat məbləğində borcun qaytarılmasını cavabehdən tələb edir.
14. Cavabdeh tərəfindən VİP Aviasiya şirkətləri xidmətinə (indiki adı İddiaçı MMC)nə ərizə ilə müraciət olunaraq son haqq hesabından şirkət tərəfindən ona verilmiş 3000 manat ssudanın tutulmasına razı olduğunu, qalıq məbləği (1181,85 manat) isə hər ay 236,37 manat olmaq şərti ilə məbləğ bitənədək ödəyəcəyini öz öhdəsinə götürmüşdür.
15. Məhkəmə iclasında da cavabdeh iddiaçı MMC-yə 1181,85 manat məbləğində borcunun qaldığını qəbul etmişdir. Beləliklə cavabdeh tərəfindən qeyd olunan məbləğdə borcunun qalması tərəflərin məhkəmə iclasında izahatları ilə təsdiq edilməklə işin mübahisələndirilməyən halıdır.
16. Hazırki mübahisənin qanuni əsasına gəldikdə isə məhkəmə tərəflər arasında pul vəsaitinin aralarında yazılı müqavilə bağlanmadan digər tərəfə verilməsi səbəbindən hazırki mübahisəyə borc müqaviləsi ilə bağlı müddəların tətbiq edilməli olmaması qənəatinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələblərinə görə borc müqaviləsi predmetinin məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki işdə iddiaçı hüquqi şəxs olduğundan onunla cavabdeh arasında borc münasibətləri qanununun imperativ tələbinə müvafiq olaraq yalnız yazılı qaydada bağlandığı halda etibarlı olardı. Hazırki halda isə tərəflər arasında şifahi razılaşma (müqavilə) olsa da və bu şifahi razılaşma əsasında tərəflərin borc verilməsi və alınması ilə bağlı iradə ifadələri olsa da, müqavilənin yazılı formada bağlanması ilə bağlı qanunvericiliyin imperativ tələbinə riayət edilməmişdir. Belə olan halda tərəflər arasında borc vəsaitinin verilməsi ilə bağlı şifahi razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından həmin Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından etibarsız əqddir.
17. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.
18. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar).
19. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır.
20. Həmçinin, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
21. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ irəli sürülə bilər.
22. Hazırki işdə də tərəflər arasında qanunvericiliyin imperativ tələbinə uyğun olaraq cavabdehə borc məbləği yazılı formada bağlanmış borc müqaviləsi əsasında deyil, şifahi razılıq əsasında verildiyindən və cavabdehin əldə olunmuş pul vəsaiti üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından iddiaçı əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 1181,85 manat məbləğində pul vəsaiti tutulmalıdır. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 1181 (min yüz səksən bir) manat, 85 (səksən beş) qəpik pul vəsaiti və 31 (otuz bir) manat, 82 (səksən iki) qəpik ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva