Məhkəmə qərarları › İş №2(060)-3745/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3745/2023

29.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3745/2023 29.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən vurulmuş maddi zərərin əvəzi olaraq 33000 manat və iddiaya görə ödənilmiş dövlət rüsumunun məbləğinin (189 manat) müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər qabaqcadan əlbir olan bir qrup şəxs halında iddiaçının etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə pulunu ələ keçirərək iddiaçıya ümümilikdə 44500 manat məbləğində maddi ziyan vurmuşlar. Cavabdehlərin həmin dələduzluq əməlləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-14/2020 saylı, xx.xx.2020-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə aktlarına əsasən sübuta yetirilmiş və onlar Cinayət Məcəlləsinin 178.2-ci maddəsi təqsirli bilinərək məhkum edilmişlər. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 tanışları digər cavabdehlərlə Cavabdeh3 və Cavabdeh1 ilə cinayət əlaqəsinə girərək əlbir olub iddiaçının Sumqayıt şəhər Prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən övladı Pərvinin işinin müsbət həllinə köməklik göstərəcəklərinə dair vəd verərək 2014-cü ilin may ayının ortalarından başlayaraq avqust ayınının ortalarına kimi müxtəlif vaxtlarda ümumilikdə 44500 manat məbləğində nağd pul vəsaitini cinayətkar qrupun digər üzvü cavabdeh Şükür Hüseynovla birlikdə əvvəlcədən razılaşdırılmış şəkildə, guya vəd etdiyi işin müsbət həllində kömək etməli olan şəxsə verilməsi adı ilə iddiaçıdan almış, həmin puldan 20000 manatını 2014cü ilin oktyabr ayının əvvələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən Atatürk parkında özünü Ədliyyə Nazirliyində işləyən yüksək vəzifəli şəxsin qohumu, eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi təqdim edən Cavabdeh3, 7000 manatını iddiaçını tanış edib inamını qazanmaqda köməklik etməsinə görə 2014-cü ilin oktyabr ayının əvvələrində Sumqayıt şəhərində Cavabdeh1 təqdim etməklə iddiaçının ümümilikdə 44500 manat pulunu talayaraq ziyan vurmuşlar. Həmin cinayət nəticəsində vurulmuş ziyandan cinayət mühakimə icraatı zamanı 11500 manat məbləği iddiaçıya ödənilmişdir. Qalan 33 000 manat cavabdehlər tərəfindən bu günə kimi iddiaçıya ödənilməmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdehlərin iddiaçıya vurduqları ziyan məbləğindən ümumilikdə 11500 manat pul iddiaçıya qaytarılıb. Həmin məbləğin 7000 manatı Cavabdeh1 tərəfindən, 4500 manatı isə Cavabdeh2 tərəfindən qaytarılıb. Cavabdehlər qabaqcadan əlbir olaraq iddiaçıya maddi ziyan vurublar. Onlar əhəmin əməli birlikdə törətdikləri üçün iddiaçı vurulmuş ziyan məbləğinin onların üçündən də müştərək qaydada tutulmasını tələb edir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddiaçıya onun tərəfindən vurulmuş ziyanı tam həcmdə ödəyib. Bu səbəbdən cavabdeh iddianın ona aid hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh1 tərəfindən iddiaçıya vurulmuş ziyan tam həcmdə ödənilib. Cinayət əməli birgə törədilsə də, məhkəmə hökmündə iştirakçılardan hər birinin iddiaçıya vurduğu ziyanın həcmi müəyyən edilib. Bu səbəbdən Cavabdeh1 hazırkı iddiaya cavab verməli olan şəxs deyildir. Bu səbəbdən nümayəndə iddianın Cavabdeh1 aid hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh3 xx.xx.1986-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1983-cü ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1985-ci ildə anadan olmuşdur. O, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 9, məhəllə 9 ünvanında qeydiyyatdadır. İddiaçı isə xx.xx.1951-ci ildə anadan olmuşdur. O, ünvan 4 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-14/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-426/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 14/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü Cavabdeh1 aid hissədə dəyişdirilmiş, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə təyin edilməklə yüngülləşdirilmişdir. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizədə iddiaçı Cavabdeh1la barışdığını, Cavabdeh1 tərəfindən ona dəymiş ziyanın tam həcmdə ödənildiyini və həmin şəxsə qarşı şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə iddiaçı cavabdehlərin cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyanının əvəzinin cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-14/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh2 özgənin əmlakını qanunsuz ələ keçirmək barədə tanışları Cavabdeh3 və Cavabdeh1la əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Cavabdeh2 Cavabdeh1 vasitəsilə tanış olduğu iddiaçıya özünü “X4”nun hüquqşünası kimi təqdim edib onun etibarından sui-istifadə edərək cəmiyyətdə müəyyən nüfuza və geniş əlaqələrə malik şəxs olmasına inandırıb, guya müxtəlif dövlət orqanlarında işləyən yüksək vəzifəli tanışlarının, eləcə də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi təqdim etdiyi Cavabdeh3 Ədliyyə Nazirliyində işləyən yüksək vəzifəli qohumunun yaxından köməkliyi ilə iddiaçının Sumqayıt şəhər prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş övladı X1 əməlinin daha yüngül maddəyə tövsif edilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və gələcəkdə cinayət işinə məhkəmədə baxılarkən daha yüngül cəzanın təyin edilməsinə nail olacağına dair yalan vəd verib aladaraq, bu adla 2014-cü ilin may ayının ortalarından başlayaraq avqust ayının ortalarına qədər ümumilikdə 44 500 manat məbləğində nağd pul vəsaitini cinayətkar qrupun üzvü Cavabdeh1la birlikdə əvvəlcədən razılaşdırılmış şəkildə guya vəd etdiyi işin müsbət həllində kömək etməli olan şəxsə verilməsi adı ilə iddiaçıdan almış, həmin məbləğdə puldan 20 000 manatını 2014-cü ilin oktyabr ayının əvvəllərində Cavabdeh3, 7000 manatını 2014-cü ilin oktyabr ayının əvvəllərində Cavabdeh1 təqdim etməklə iddiaçıdan ümumilikdə 44 500 nanat məbləğində nağd pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı 44 500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi cavabdehlər tərəfindən iddiaçıya 44500 manat məbləğində maddi ziyan vurulması cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq edilir. Eyni zamanda həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçıdan alınmış 44500 manat pul vəsaitinin 20 000 manatını Cavabdeh3, 7000 manatını Cavabdeh1, 17500 manatını isə Cavabdeh2 mənimsəmişlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin vəsaitdən 7000 manat Cavabdeh1, 4500 manat isə Cavabdeh2 tərəfindən iddiaçıya qaytarılmışdır. İddiaçı yerdə qalan 33000 manat vəsaiti cavabdehlərdən müştərək qaydada tələb edir. Qeyd edilməlidir ki, cavabdelər tərəfindən iddiaçıya maddi ziyan mülki hüquq pozuntusu nəticəsində deyil, cinayət əməli nəticəsində vurulmuşdur. Həmin ziyanın vurulmasında cavabdehlərin hər birinin payı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir. Bu səbəbdən vurulmuş ziyan məbləğinə münasibətdə cavabdehlərin hər birinə fərdi yanaşılmalıdır. Belə ki, iddiaçıya vurulmuş ziyan məbləğindən Cavabdeh1 tərəfindən mənimsənilmiş 7000 manat məbləğində pul Cavabdeh1 tərəfindən iddiaçıya qaytarılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid hissədə təmin edilə bilməz. Eyni zamanda Cavabdeh2 mənimsədiyi 17500 manatdan 4500 manatını iddiaçıya qaytarmışdır. Bu səbəbdən iddia həmin cavabdehdən 13000 manatın tutulması hssəsində təmin edilməlidir. Vurulmuş ziyan məbləğinin 20000 manatı Cavabdeh3 tərəfindən mənimsənildiyindən iddia həmin məbləğin Cavabdeh3 iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 189 manat dövlət rüsumunun 113 manatı Cavabdeh3, 76 manatı isə Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20 000 (iyirmi min) manat məbləğində pul Cavabdeh3, 13 000 (on üç min) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 189 manat dövlət rüsumunun 113 (yüz on üç) manatı Cavabdeh3, 76 (yetmiş altı) manatı isə Cavabdeh2 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar