Məhkəmə qərarları › İş №2(060)-3746/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3746/2024

27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3746/2024 27.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277,40 manat məbləğində pulun alınaraq M/H: AZ41NABZ**********000003944,VÖEN **********, Kod,210005, SWİFT: CTREAZ22, AZ18CTRE**********002088401, VÖEN: **********, Büdcə səviyyəsinin kodu:7, Büdcə təsnifat kodu:142120, saylı hesaba köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-523/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci m addəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşıdırılması cəzasına məhkum edilməklə üzərinə saat 22:00-dan növbəti gün 07:00-dək yaşadığı ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması ona üçün xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Cavabdeh xx.xx.2023cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji bankı təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədəlikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacagı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum cəzasını çəkib qurtardığı üçün nəzarət işi qeydiyyatdan çıxarılmış və ona verilmiş ENV geri alınmışdır. AR Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki Rəyə əsasən zərbə nəticəsində ana platada kondensatorun qopduğu, təmiri mümkün olmadığı üçün istifadəyə tam yararsız olduğu qeyd edilmişdir. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından mobil nəzarət qurğusu istifadəyə tam yararsız olduğu üçün maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 2277,40 manat təşkil edir. İddiaçı qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SX021079553AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdehməhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-523/2023 saylı xx.xx.2023-ci il tarixli hökmünün məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, onun 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasər Cavabdeh tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılması və üzərində 01 (bir) il 11 (on bir) ay 21 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəlinin İddiaçındə qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh üzərinə İddiaçın məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmə məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasının Cavabdeh yaşayış yeri üzrə İddiaçınə həvalə edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Cavabdeh cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, Sumqayıt şəhər Polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Cavabdeh aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,297 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan bir ədəd diskin cinayət işində saxlanılması hökm edilmişdir. İşdə olan “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh xx.xx.2024-cü il tarixdə şöbəyə gəlmiş, məhkuma tətbiq edilmiş elektron qolbağın kəmərinə (klipsinə) baxış keçirilmi., lakin açılmadığı müəyyən edilmişdir. (Fotoşəkili çəkilmişdir). Həmçinin məhkuma tətbiq edilmiş elektron qolbağın kəmərinə (klipsə) müdaxilə edilmədiyi, mobil nəzarət qurğusunun ehtiyatsızlığdan düşərək zədələndiyi müəyyən edilmişdir İşdə olan Cavabdeh izahat ərizəsindən görünür ki, o izahatında hal-hazırda tikinti işində işlədiyini, aparatı üzərində daşıdığı vaxt ehtiyatsızlıqdan aparatın cibindən düşdüyünü və bu zaman aparatın işləmədiyini və qırıldığının tərəfindən müəyyən edildiyini bildirmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra məmuru məhkuma tətbiq edilmiş 35639706 saylı mobil qurğuya vizual baxış keçirildiyi və mobil nəzarət qurğusunun zədələndiyi aşkar edilmişdir. İşdə olan "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ED-M-N 96-21 saylı məktubdan görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilən mobil nəzarət qurğularının itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəyəri, yəni 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik aparatı, 1 ədəd proqram lisenziyası üçün 1930 AZN və 347,40 AZN ƏDV olmaqla ümumilikdə 2277.40 AZN-dir. Məhkəmə iddiaçının nümayındəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ona təhkim edilmiş mobil nəzarət qurğusunun zədələnməsinə və yararsız vəziyyətə düşməsinə səbəb olan hərəkətlərə yol vermiş, nəticədə dövlət büdcəsinə 2277.40 manat məbləğində maddi ziyan dəymişdir. Bu hal iş materiallarında olan sənədlər, cavabdehin izahatı ilə də təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi QAYDALARİ”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277,40 manat məbləğində zərər tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh elektron nəzərat vasitəsinin dəyəri, yəni 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə (M/H: AZ41NABZ**********000003944,VÖEN **********, Kod,210005, SWİFT: CTREAZ22, AZ18CTRE**********002088401, VÖEN: **********, Büdcə səviyyəsinin kodu:7, Büdcə təsnifat kodu:142120 saylı hesaba) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar