Məhkəmə qərarları › İş №2(060)-3747/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3747/2020

22.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3747/2020 22.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxx» MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «xxxxxxxxxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 265516 nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması, tərəfindən ödənilən 270 manatın, 3.480.36 manat gecikdirmə cəriməsinin, mənəvi ziyana görə 300 manat təzminatın, ümumilikdə 4,050.36 manat cavabdehin təqsirli hərəkətləri nəticəsində ona dəymiş ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, xx.xx.2017-ci il tarixli 265516 nömrəli alqı-satqı müqaviləsi ilə xxxxxxxxxxx MMC-dən aldığı İMEİ kodu **********83298, Samsung Galaxy J5 markalı telefonun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 29495 rəyinə və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-171/2020 saylı xx xxxxxx 2020 ci il tarixli qətnaməsinə əsasən təyinatı üzrə istifadəyə yararlı olmadığı sübut olunmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6 və 7-ci maddələrinin tələblərinə uyğun olaraq istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir. Bu hesabla cavabdeh ona 598 manat x 1% x 582 gün = 3.480.36 manat gecikdirmə cəriməsi ödəməlidir. Eyni zamanda cavabdeh “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə uyğun olaraq ona vurulmuş mənəvi ziyana görə 300 manat təzminat ödəməlidir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «xxxxxxxxxxx» MMC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 1050 saylı arayışa əsasən, Babayeva X1 şəhəri, 17-ci mikrorayon, ev 31, mənzil 13 ünvanında yaşayır. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-171/2020 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı «xxxxxxxxxxx» MMC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-171/2020 saylı qətnaməsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 29495 saylı rəyinə əsasən ekspert tədqiqatının nəticəsində müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan “Android” əməliyyat sistemi ilə təchiz olunmuş "Samsung Galaxy J5” markalı arxa tərəfindəki markirovka göstəricisinə görə ‘‘SM-J510FN/DS modelli 3576xx/xx/808329/8, 3576xx/xx/808329/6” imei kodlu teİefon olmaqla, hal-hazırda işlək vəziyyətdə olmayıb, təyinatı üzrə istifadəyə yararlı deyildir. Həmin məhkəmə komputer-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 29495 saylı rəyində qeyd edilmişdir ki, tədqiq olunan mobil telefonun hansı markalı, modelli, imei kodlu və işlək vəziyyətdə olub-olmamasını müəyyənləşdirmək üçün mobil telefonun texniki göstəriciləri, xarici görünüşünə baxış keçirilərək ekspert tərəfindən şərti olaraq müvafiq əməliyyatlar aparılaraq tədqiq olundu və aşağıdakılar müəyyən olundu: -mobil telefonu müvafiq cərəyana qoşduqda qidalandırıcı akkumlyatorunun enerji yığması; -mobil telefonun işə salınması üçün nəzərdə tutulmuş “Power” düyməsi sıxıldıqda ekranda qara fonda “Samsung Galaxy J5” “Samsung” və “Android” sözlərinin əks olunmasına baxmayaraq əməliyyat sisteminin yüklənməməsi və bu zaman həmin telefonun microsxem yerləşən platasının qızması. Aparılmış tədqiqat işlərinə və texniki göstəricilərə əsasən belə nəticəyə gəlindi ki, tədqiqata təqdim edilmiş bir ədəd həssas (sensorlu) təzyiqlə çalışan “Android" əməliyyat sistemi ilə təchiz olunmuş ''Samsung Galaxy J5" markalı arxa tərəfindəki markirovka göstəricisinə görə “SM-J510FN/DS” modelli “3576xx/xx/808329/8, 3576xx/xx/808329/6” imei kodlu mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə olmayıb, təyinatı üzrə istifadəyə yararlı deyildir. Beləliklə Sumqayıt şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2020-ci il tarixli, 2(060)-171/2020 saylı qətnaməsi ilə cavabdehin iddiaçıya keyfiyyəti alqı-satqı müqaviləsinin şərtlərinə uyğun gələn əşya vermədiyi öz təsdiqini tapmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfıyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfıyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfıyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). İşdə olan iddiaçı «xxxxxxxxxxx» MMC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsinin surətindən görünür ki, həmin iddia ərizəsində «xxxxxxxxxxx» MMC İddiaçı xx.xx.2017-ci il tarixli 265516 nömrəli alqı-satqı müqaviləsinə əsasən 270 manat ödəniş etdiyini bildirmişdir. Eyni zamanda işdə olan xx.xx.2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixli 265516 nömrəli alqı-satqı müqaviləsi üzrə 270 manat ödəniş etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, İddiaçı keyfiyyəti alqı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlməyən əşyaya görə ödədiyi 270 manat məbləğində pulun «xxxxxxxxxxx» MMC tərəfindən geri qaytarılması barədə iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Lakin qalan hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6 və 7-ci maddələrinə istinad edərək, ona 598 manat x 1% x 582 gün hesabı ilə 3.480.36 manat gecikdirmə cəriməsinin ödənilməsini xahiş etmişdir. Halbuki, iddiaçı 598 manat nağd qaydada ödəməklə telefon almamış, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı isə malın satış qiymətinə istinad edərək, cavabdehdən cərimə tələb edir. Digər tərəfdən Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 171/2020 saylı qətnaməsi ilə iddiaçının aldığı telefonun işlək vəziyyətdə olmayıb, təyinatı üzrə istifadəyə yararlı olmadığı müəyyən edilsə də, İddiaçı sözügedən telefonu hansı tarixdə cavabdeh MMC-yə təhvil verdiyi, hansı tarixdə malın dəyişdirilməsi üçün cavabdehə müraciət etməsi barədə (təhvil-təslim aktı, dəyişdirilmə barədə müraciətin cavabdehə daxil olması barədə qəbz, xəbərnamə və s.) məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, iddiaçı ona cavabdeh tərəfindən vurulmuş cərimənin ödənilməsi hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Eyni zamanda iddiaçı cavabdehdən ona vurulmuş mənəvi ziyana görə 300 manat təzminat tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi ziyan tələbi ilə bağlı istinad etdiyi halları da sübut edə bilməmişdir. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2017-ci il tarixli 265516 nömrəli alqı-satqı müqaviləsinin müddəti bitdiyindən onun ləğv edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh «xxxxxxxxxxx» MMC-dən 270 (iki yüz yetmiş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar