Məhkəmə qərarları › İş №2(060)-3748/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3748/2024

04.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3748/2024 04.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "Bank VTB (Azərbaycan)" ASC arasında bağlanmış 127551-CNS-6091 saylı, xx.xx.2014-cü il tarixli "Girovlu istehlak krediti müqaviləsi"nə əsasən iddiaçıya istehlak məqsədi ilə illik 25% hesablanması şərti ilə 60 ay müddətinə, 21000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 12755 İ-NEDVİJ-2862 saylı "Daşınmaz əmlakın ipoteka müqaviləsi" əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı həmin məbləği Bankdan alan kimi qonşusu X4 və X5 yanında Cavabdeh borc vermişdir. Cavabdeh həmin vaxt iddiaçı ilə qonşuluqda - Saray qəsəbəsi, İ.Əmiraslanov küçəsi, ev 20 ünvanında yaşayırdı. Xanışla belə razılaşdılar ki, iddiaçı Bankdan kredit götürür, lakin Banka olan borcu və faizləri Xanış özü ödəyəcək. Kredit müqaviləsini bağlayandan sonra həqiqətən Xanış banka olan borcun və faizlərin bir hissəsini ödəmiş, lakin sonradan ödəniş etmədiyinə görə borc və faiz məbləği çoxalmış və Bank iddiaçıya qarşı məhkəmədə iddia qaldırmışdır. Bundan sonra, iddiaçı və həyat yoldaşı dəfələrlə Xanışa təklif etdilər ki, Bankın borcunu ödəsin, lakin o, ödəmədi və hazırda iddiaçının evi məhkəmə qətnaməsi ilə hərraca çıxarılmışdır. Hazırda, Banka olan ümumi borc məbləği 35500 manat təşkil edir. Ona görə də cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişir. Göstərilənlərə əsasən, Cavabdeh 35500 manat məbləğində əsas borc, 100 manat məbləğində ödənilmiş hüquqi xidmətə görə və 197 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, bildirmişdir ki, sözügedən pul məbləğini X3 vermişdir.

4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı onun qonşusudur. Borc olaraq 15000 manat pul vermişdilər. Pulu dayısı oğluna vermiş, o da pulu ona çatdırmışdır. Cavabdeh hərbidə işləyir və onun borcdan xəbəri olmamışdır. Bundan əlavə qeyd edir ki, iddiaçının o pulu bankdan götürdüyünü bilməmişdir. Sonradan məcburiyyət qarşısında qalıb tərəfindən banka ödənişlər edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-988/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Həmin qətnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı 13604,53 ABŞ dolları əsas borc, 3997,66 ABŞ dolları faiz borcu, 147,28 ABŞ dolları xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 5% hesabı ilə faiz borcu, 14 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17.763,47 ABŞ dolları məbləğində pul (qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə) və ödənilmiş dövlət rüsumu üçün 40 manat məbləğində pulun tutularaq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, İ.Əmiraslanov küçəsi, 18 saylı evə yönədilməsi, həmin evin açıq hərracdan satılması və satışdan əldə edilən pul borcunun ödənməsinə yönəldilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, İ.Əmiraslanov küçəsi, 18 saylı ev hərracdan satılandan bir ay sonra İddiaçı, X8 və X7 həmin evdən çıxarılmaları, oranın boşaldılması, ipoteka predmeti olan həmin əmlakın likvid dəyərinin 75.700 manat müəyyən edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 29 manatının iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-dən, 116 manatının isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ekspertiza rəyinin qiymətləndirmə xərcinin 60 manatının “Bank VTB (Azərbaycan)” ASC-dən, 240 manatının isə İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. İş materiallarından görünür ki, “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 127551-CNS-6091 saylı “girovlu istehlak krediti müqaviləsi”nə əsasən İddiaçı istehlak məqsədilə illik 25 faiz hesablanması şərtilə 60 ay müddətinə 21000 ABŞ dolları məbləğində kredit verilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı tərəfindən “Bank VTB (Azərbaycan)” ASC-dən xx.xx.2014-cü il tarixdə 21000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. İddiaçının deməsinə görə həmin pul məbləğini Cavabdeh istəyi ilə həyat yoldaşı X3 borc vermişdir. Cavabdehin nümayəndəsi N.Mirzəyeva ona cəmi 15000 manat borc verildiyini iddia edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. İddiaçı Cavabdeh pul tələb etməsinə baxmayaraq, Cavabdeh həmin pulun ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz».

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, Cavabdeh İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

15. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir.

16. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

17. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

18. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.

19. Göründüyü kimi məhkəmə iclasında həm iddiaçının, həm cavabdehin nümayəndələri mübahisələndirilən məbləğin Cavabdeh verilməməsini təsdiq etmişlər.

20. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia tələbi rədd edilməlidir.

21. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar