Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3789/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh borclu olduğu 15000 (on beş min) manat pulu, ödənilmiş dövlət rüsumununun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tanıdığından ona 27 oktyabr 2023-cü il tarixində 15000 (on beş min) manat məbləğində borc olaraq pul vəsaiti vermişdir. Bu barədə cavabdehlə aralarında ünvan də müqavilə imzalanmışdır. Həmin müqavilə reyestrdə 3M-1041 nömrə ilə qeyd edilərək, informasiya sisteminə daxil edilmişdir. Borc müqaviləsinin 2.1-ci maddəsində göstərilir ki, borclu bu müqavilə ilə etiraf etdiyi borcu 27 dekabr 2023-cü il tarixində başlayaraq 24 (iyirmi dörd) ay müddətindədək hər ay 625 (altı yüz iyirmi beş) manat pulu borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 2.7-ci maddəsinə əsasən, borclu öhdəliklərini vaxtında icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, bunun nəticəsində də borc verənə vurduğu maddi və mənəvi zərərə görə məsuliyyət daşıyır. Dəfələrlə onun tərəfindən cavabdehə həm şifahi, həm də yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, onun tərəfindən borcun qaytarılması üçün hər hansı bir addım atılmamış, ona bir manat olsa belə qaytarılmamışdır. Hətta onun tərəfindən Polis İdarəsinə müraciət edilmişdir. Cavabdehə onun tərəfindən 25 aprel 2024-cü il tarixində pretenziya ünvanlanmışdır. Həmin pretenziyadan o, yeddi gün ərzində ona olan borcun qaytarılmasını xahiş etmişdir. Əfsuslar olsun ki, əvvəlki şifahi müraciətləri kimi, cavabdeh pretenziyaya da hər hansı bir reaksiya verməmişdir. İddia ərizəsinə ödəniləcək dövlət rüsumu 135 manat, onun tərəfindən ödənilmişdir. Rüsumun ödənilməsinə dair qəbz ərizəyə əlavə olunmuşdur. Məhkəmə iclasında İddiaçı tərcüməçi X3 vasitəsi ilə izahat verərək iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 19 iyul 2024-cü il tarixdə mülki işin məhkəməyə baxılmağa hazırlanması iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Oğlanları cavan uşaqlardır. Oğlunun birinə motoskilet almışdır. O biri oğluna isə prava alıb-vermişdir. Məhkəmə, iddiaçının tərcüməçi vasitəsi ilə verdiyi izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İşə əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, aralarında ünvan də borc müqaviləsi imzalanmışdır. Reyestrdə 3m-1041 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmişdir. İddiaçı tərəfindən ona 15000 (on beş min) manat məbləğində borc olaraq pul vəsaiti verilmişdir. 27 oktyabr 2023-cü il tarixdə həyata keçmiş borc müqaviləsinə əsasən, həmin borc hər ay olmaq şərti ilə ona qaytarmalı olduğuna baxmayaraq, onlar bu günə kimi hər hansı bir ödəniş etməmişdir. Borcdan bir manat belə qaytarılmamışdır. Qeyd olunanların nəzərə alınaraq, borclu olduğu 15000 (on beş min) manat pul vəsaitinin 7 (yeddi) gün ərzində ödənilməsinin təmin edilməsini xahiş edilmişdir. Xahişi təmin edilməyəcəyi təqdirdə qanunvericiliyin tələbləri çərçivəsində məhkəməyə müraciət edəcəkdir. - İşə əlavə edilmiş 27 oktyabr 2023-cü il tarixli borcun etirafı haqqında notarial qaydada olan müqavilədən görünür ki, borclu Cavabdeh bu müqavilə ilə borc verənə İddiaçı 15000 (on beş min) manat borcunun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Tərəflər bununla bildirirlər və təsdiq edilər ki, bu müqavilədə etiraf edilənlər onlar arasında yarana biləcək hər hansı mübahisə zamanı etibarlı sübut kimi istifadə olunacaq və mübahisələndirilməyəcəkdir. Borc verən öz növbəsində borc məbləği tam həcmdə qaytarıldıqdan sonra borcluya qarşı bu müqavilənin 1.1-ci bəndində göstərilmiş məbləğ ilə bağlı heç bir tələb və iddia irəli sürməyəcəyini təsdiq edir. - İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəmə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 135 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 741-ci maddəsinə əsasən-əgər müqavilənin iştirakçılaı borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 15000 (on beş min) manat məbləğində borc pul vermişdir. Aralarında bağlanmış kredit müqaviləsi Bakı şəhəri 52 nömrəli notariat kontorunun xüsusi notariusu tərəfindən notariusun Reyestrində 3M-10141 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. Müqaviləyə əsasən cavabdeh qeyd olunan borcu 27 dekabr 2023-cü il tarixdən başlayaraq 24 (iyirmi dörd) ay müddətinədək hər ay 625 (altı yüz iyirmi beş) manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı məbləği müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, İddiaçı tərəfindən 15000 (on beş min) manat məbləğində pul Cavabdeh tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı öz sübutlu əksini taparaq müəyyən olunduğundan qeyd edilən pul vəsaitini cavabdeh şəxs iddiaçıya ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumu da cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 15000 (on beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 135 (bir yüz otuz beş) manat pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 135 (bir yüz otuz beş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3789/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3789/2024
14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver