Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3796/2022 11.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2, Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə 11 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul və dəymiş zərərin ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 126500 manat əsas borcun və dövlət rüsumu kimi 120 manat və 350 manat, ümümilikdə 126970 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olduğuna görə, qanunamüvafiq tədbirlər (xüsusi qərardad çıxarıb aidiyyatı üzrə prokurorluğa göndərilməsi) barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət etməyinin səbəbi cavabdehlərin onu aldadaraq 126.500 manat pulu mənimsəmələridir. Belə ki, onun 126500 manat pulunu bu şəxslər mənimsəmişlər. Onun əvvəllər tanıdığı İlkin adlı həmkəndlisi ona bildirmişdir ki, tanıdığı Nazim adlı şəxs aşağı qiymətə mənzillər satır. O da bütün qohumları ilə birlikdə Nazimdən 10-a yaxın mənzil almışdır. O, İlkinə Nazimi çağırmasını və gedib mənzillərə birlikdə baxmasını bildirmişdir. Həmin gün Nazim gəlmiş və İlkin onu Nazimlə tanış etdi. Onlar bəzi mənzillərə birlikdə baxmışdırlar və Yeni Yasamal ərazisində yerləşən binada iki mənzili bəyənmişdir. Nazim ona mənzilləri MTK -nın qiymətindən aşağı, yəni 1200 manat kv.m qiymətində olan mənzili yəni 77 kvm olanı 1125 manata, ikinci - 57 kv.m ola mənzili 1150 manata verəcəkdir. Onlar 08 may tarixində görüşüb həmin mənzillərin pulunu ödəyərək almaq barədə razılaşmışdırlar. 08 may 2019-cu il tarixində onlar görüşmüşdürlər. Nazim ona birinci Banka, pul ödəndikdən sonra MTK-ya gedəcəklərini bildirmişdir. Birinci “TuranBank"-a getmişlər. Onlar yəni İlkin, Nazim, qardaşı Rəşad və o banka getmişdirlər. Nazim bildirmişdir ki, onun vergilərlə problemləri var. Bu səbəbdən o, ödənişləri Nazimin bankın kredit şöbəsinin müdiri və onun dostu Emil adlı şəxsin hesabına ödəmişdir. Daha sonra onlar MTK-ya gəlmiş, Nazim içəri daxil olaraq danışmış və bundan sonra MTK-nın əməkdaşı Vüsalə Namazova mənzilləri sənədləşdirmək üçün onu çağırmışdır. Sənədləşdirmə aparılan zamanı sənədlərdə 10000 manat ödəniş edildiyi barədə qeyd edildiyini görmüşdür. Bunu gördükdə "xxxx" MTKnın əməkdaşına etirazını bildirmiş və Vusalə Namazova isə mənzillərin onlardan çıxdığını və Nazimə verdiyi pulun onlara heç bir aidiyyatının olmamasını demişdir. O, bu müqavilə ilə razılaşmamışdır. Nazim ona iki mənzil üzrə 44000 manat borcu olduğunu, həmin borc ödəndikdən sonra ona hər iki mənzilə maliyyə arayışını təqdim edəcəyini bildirmişdir. İlkin ona bildirmişdir ki, o, da mənzil alarkən belə olmuşdur. İlkin ona razılaşmağı və ona hər şey üçün cavabdeh olduğunu bildirmişdir. O, Rusiyaya getmiş və bir mənzildən qalan 11000 manat borcu bank vasitəsilə Nazimə göndərmişdir. Bir müddət Rusiyada olmuş, qısa zaman kəsiyində geri qayıtmışdır. Qayıtdıqdan sonra İlkin və Nazimdən bir mənzil üçün tam borc ödədiyindən maliyyə arayışını tələb etmişdir. Onunla baglanmış şifahi müqavilənin surətindən aydın şəkildə görünür ki, cavabdehlər onu aldatmışlar. Həmin mənzilləri yenidən almaq üçün müqavilə bağlamış və yeni müqaviləyə əsasən hər bir kv.m 100 manat itirmişdir. Müqavilələrin surətindən bu hal aydın görünür. Belə ki, cavabdehlərdən biri bu günlərdə gəlib ona borcunun olması barədə öz xətti ilə qəbz yazıb vermiş və 50 manat pul ödəmişdir. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı İlkinin yanına dişlərini düzəltdirmək üçün getmiş və nəticədə tanış olmuşlar. Rahim eyni zamandan yaxın qohumlarını da İlkinin yanına aparıb. Bu ərəfədə İlkin iddiaçıya Bakıda yeni tikilən evlərdə bütün qohumlarına mənzil tapdığını bildirərək, onun üçün də mənzil ala biləcəyini demişdir. Onlar 2019-cu ilin may ayının 5-də Bakıya gəlmişdirlər. Həmin iddiaçı və qardaşı da Bakı şəhəri Yeni Yasamal ərazisinə gəlmişdir. İlkin onlara qohumlarına, binaların hamısının dostuna məxsus olduğunu bildirmişdir. Daha sonra Nazimə zəng etmiş və Nazim onların yanına gəlmişdir. İddiaçı onunla tanış olmuş, Nazim iddiaçıya bəyəndiyi istədiyi mənzili seçə biləcəyini, digərlərindən fərqli olaraq mənzilləri ona daha aşağı - 1125 manata verəcəyini demişdir. Nazim onlara iki mənzil verəcəyini, iddiaçının ilkin ödəniş kimi imkanı olan qədər pul ödəməsini, qalan borcu isə iki il müddətində ödəyə biləcəyini bildirmişdir. Lakin iddiaçı mənzillərin çıxarışının olmadığını və mənzillərin ancaq müqavilə ilə satıldıgını bildirəndə iddiaçı mənzili almaqdan imtina etmişdir. İlkin iddiaçıya və qardaşına heç bir problem olmamasını və narahat olmamalarını, onun hər şeyə cavabdeh olduğunu və mənzillərə çıxarış verilməsinə də zəmanət verdiyini bildirmişdir. Onlar xx.xx.2019-cu il tarixdə iddiaçıda olan 75270 manat pulun az oldugunu bildirdiklərindən iddiaçı qardaşı ilə Rusiya Federasiyası Arxanqelsk şəhərinə zəng edərək pul göndərilməsini istəmişdir. Nəticədə qardaşı İlkinin adına 8500 manat, Emilin, Nazimin adına isə 5000 ABŞ dolları göndərmişdir. Həmin pulları Emilin işlədiyi X4 filialindan almışdırlar. Qeyd edir ki, Emilin adına köçürülən pulun ümumi məbləği 105.500 manat olmuşdur. İddiaçı İlkindən pulun Emilin adına köçürülmə səbəbini soruşduqda Emil ona bu bankın kredit şöbəsinin müdiri olduğunu və Nazimlə arasında heç bir fərq olmadığını bildirmişdir. Pul Emilin adına daxil olduqdan sonra İlkin və Nazim onları götürüb “ŞƏRUR" MTK-ya gəlmişdir. Nazim orada işləyən Vüsalə adlı xanımın otagına daxil olmuş, iddiaçı dəhlizdə gözləmişdir. Bir müddət keçdikdən sonra Nazim otaqdan çıxmış, iddiaçını da içəri dəvət etmişdir. İddiaçı sənəddə hər mənzil üçün 10000 manat yazıldıgını görmüş, Vüsalədən 105500 manat ödədiyi halda 10000 manat yazıldığının səbəbini soruşmuş, Vüsalə isə cavabdında mənzilləri onlardan deyil, betonçudan aldığını bildirmişdir. Qeyd edir ki, hər iki mənzil üçün ödənilmiş 20000 manat pul ortadan yoxa çıxmışdır. Artıq üç ildir ki, cavabdehlər iddiaçını aldadırlar. Eyni zamanda İlkin də hazırki məsələdə cavabdehlik daşıyır. Belə ki, iddiaçı ona inanaraq bu işə giriblər. Pulun verilməsi və mənzillərin satışında o da iştirak edib. Əlavə olaraq bildirir ki, bu məsələ ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Belə ki, iddiaçı özü gəlib həmin proseslərdə iştirak edə bilmir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, Cavabdeh1 iddia tələbini qismən qəbul edir. Yalnız 5000 manat məbləğində pulu mübahisələndirir, həmin məbləğ artıq yazılıb. Qalan hissədə isə iddianı qəbul edir. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. O, Maraqlı şəxs ASC ilə çalışır və həmin bankla əməkdaşlıq edir. Belə ki, o avtosalon işlədir və verdiyi avtokreditlərə zaminlik edir. Onun Nazimlə yoldaşlıq münasibəti var. 2019-cu ildə Nazim Rahimlə birlikdə onun yanına gəlmişdir. Rahim Rusiya vətəndaşı olduğuna görə “Western Union”-la ödəniş etmək mümkün olmamışdır. Ona görə də pul onun hesabına mədaxil olunmuşdur. Əlavə olaraq bildirir ki, o, bankla əməkdaşlıq etdiyi üçün onun cari hesabından komissiya xərci tutulmur. O, pulu çıxardıb Rahimə vermiş, onlar da pulu götürüb getmişdirlər. Göndərilən pul 80 min manat məbləğində idi. Bundan başqa onun adına 5 min manat məbləğində 2-3 qəbz var. O, hesabına daxil olan pulları çəkib Rahimə vermişdir. Hadisə 2019-cu il tarixdə olduğunu üçün pulun məbləğini dəqiq xatırlamır, göndərilən pul 5000 dollar və ya 30000 manat məbləğində olub. Bildirir ki, o, bütün bu proseslərdə ancaq şahid olmuş, bu iş üzrə cavabdehliyi və ya başqa biri ilə iş birliyi yoxdur. Ancaq pulun onun hesabına köçdüyünü etiraf edir. Əlavə olaraq bildirir ki, onun mənzillər barədə məlumatı yoxdur. Hətta onun adına pul göndərilməsi barədə qəbzləri o özü Rahimə vermişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2021-ci il tarixli, 1527 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, “ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1527 saylı mənzili inşa edib X1 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən Payçı müqavilə bağlanan gün ilkin olaraq 10000 manat məbləğində ödəniş etmiş və aylıq ödəniş 2646 manat təşkil edir, payçının qalıq borcu 63502 manatdır. Son ödəniş tarixi xx.xx.2023-cü il tarixdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 1526 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, “ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1526 saylı mənzili inşa edib X1 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən Payçı müqavilə bağlanan gün ilkin olaraq 10000 manat məbləğində ödəniş etmiş və aylıq ödəniş 3414 manat təşkil edir, payçının qalıq borcu 81944 manatdır. Son ödəniş tarixi xx.xx.2023-cü il tarixdir. İşdə olan əlyazma ilə yazılmış xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 İddiaçı 126500 manat pulu 3 ay müddətində iki mənzil almaq üçün, mənzil alınmadığı halda isə həmin məbləğ dəyərində daşınmaz əmlakla ödəyəcəyinə söz vermişdir. Həmin puldan 50 manat Cavabdeh1 tərəfindən ödənilmişdir. Bu iltizam hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 1526 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhər, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B ünvanında inşa edilmiş yaşayış binasının 1526 saylı mənzili inşa edib X1 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən Payçı müqavilə bağlanan gün ilkin olaraq 10000 manat məbləğində ödəniş etmiş və aylıq ödəniş 3427 manat təşkil edir, payçının qalıq borcu 82256 manatdır. Son ödəniş tarixi xx.xx.2021-ci il tarixdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 1527 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhər, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 24B ünvanında inşa edilmiş yaşayış binasının 1527 saylı mənzili inşa edib X1 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən Payçı müqavilə bağlanan gün ilkin olaraq 10000 manat məbləğində ödəniş etmiş və aylıq ödəniş 2410 manat təşkil edir, payçının qalıq borcu 57848 manatdır. Son ödəniş tarixi xx.xx.2021-ci il tarixdir. İşdə olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzinin surətindən və ********* nömrəli köçürmə barədə məlumatlardan görünür ki, 6015 manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh1 AmrahBank-da olan hesabına köçürülmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Turanbank ASCnin Binəqədi filialı vasitəsi ilə Cavabdeh3 adına 30778 manat məbləğində pul köçürülmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli digər qəbzdən görünür ki, İddiaçı tərəfindən Turanbank ASC-nin Binəqədi filialı vasitəsi ilə Cavabdeh3 adına 25500 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Turanbank ASCnin Binəqədi filialı vasitəsi ilə Cavabdeh3 adına 31000 manat məbləğində pul köçürülmüşdür. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3796/2022 saylı sorğusuna cavab olaraq “Turanbank ASC”-nin 4235 nömrəli 04 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, fıziki şəxs İddiaçı tərəfindən Bankın müştərisi fıziki şəxs Cavabdeh3 məxsus AZ45TURA******************** saylı Bank hesabına xx.xx.2019-cu il tarixində mədaxil edilmiş 31000 (otuz bir min) manat vəsait xx.xx.2019-cu il tarixində tam məxaric olunmuşdur. Əlavə olaraq Cavabdeh3 məxsus AZ10TURA******************** saylı Bank hesabına İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixində mədaxil edilmiş 25500 (iyirmi beş min beş yüz ABŞ dolları məbləğində vəsait xx.xx.2019-cu il tarixində 10000 (on min) ABŞ dolları, xx.xx.2019-cu il tarixində 10000 (on min) ABŞ dolları və xx.xx.2019-cu il tarixində 5676 (beş min altı yüz yetmiş altı) ABŞ dolları olmaqla hissələrlə məxaric edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları Cavabdeh1 münasibətdə sübut edə bilmişdir. Belə ki, Cavabdeh1 səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında Cavabdeh1 iddia tələbini qəbul etdiyini və cavabdehə borcunun olduğunu etiraf etdiyini bildirmişdir. Eyni zamanda Cavabdeh1 əlyazma ilə yazılmış xx.xx.2022-ci il tarixli iltizamda İddiaçı 126500 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 882-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2). Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir (882.4). Nəzərə alınmalıdır ki, mövcud borcun etirafı haqqında müqavilənin bağlanması və həmin tərəflərin müqavilədən irəli gələn hüquq və vəzifələri Mülki Məcəllənin 882-ci maddəsi ilə tənzimlənir. Başqa sözlə belə müqavilədən irəli gələn iddia tələblərinin qanuni əsasını həmin norma təşkil edir. Mülki Məcəllə belə müqavilənin qüvvəsini o halda tanıyır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bununla yanaşı, Məcəllənin 882.2-ci maddəsi bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadığı halda mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn etirazların irəli sürülməsinə yol vermir. Çünki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Mülki Məcəllənin 882.3 və 881.5-ci maddələrinin mənasına görə mövcud borcun etirafı haqqında müqavilənin o zaman qüvvəsi olmur ki, tərəflər həmin müqavilədən irəli gələn vəzifələrini özlərindən asılı olmayan səbəblərlə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilməsinlər. Belə halların mövcud olduğunu sübut etmək vəzifəsi isə onlara istinad edən tərəfin üzərinə düşür. Qeyd olunan hallardan kənar etiraf edən bu müqavilədən irəli gələn tələblərə başlıca əqddən irəli gələn etirazlar verə bilməz. Bu baxımdan mövcud borcun etirafı haqqında etibarlı müqavilədən irəli gələn mübahisələrə baxan məhkəmə həmin borcun məbləğinin yaranması, müqavilənin bağlanmasından əvvəl baş vermiş hərəkətlər nəticəsində onun məbləğinin artması və ya azalması ilə bağlı müqavilə tərəflərinin sübut və dəlillərini araşdırmaq vəzifəsi daşımır. Qeyd edilənlərə əsasən məhkmə hesab edir ki, Cavabdeh1 səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirdiyindən və tərəflər arasında borcun etiraf edilməsi barədə xx.xx.2022-ci il tarixli iltizam tərtib edildiyindən iddia tələbi ancaq ona münasibətdə təmin edilməlidir. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdehlərdən 126500 manat məbləğində pulun tutulmasını xahiş etsə də, tərəflər arsında tərtib edilmiş xx.xx.2022-ci il tarixli iltizamda Cavabdeh1 tərəfindən 50 manat ödəniş edildiyi qeyd edilmiş, eyni zamanda iddia ərizəsində Cavabdeh1 tərəfindən həmin puldan 50 manat qaytarıldığı iddiaçının özü tərəfindən də etiraf edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 126450 manat pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh1 səlahiyyətli nümayəndəsi iddia tələbini qəbul etdiyini, iddia tələbindən təxminən 5000 manat məbləğlə bağlı tərəflər arasında mübahisə olduğunu bildirsə də, məhkəməyə bununla əlaqədar hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi həmin cavabdehlərə münasibətdə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ərizəsində cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəssini tərkibi olduğuna görə, xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi qərardad çıxarılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsas hissədə təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 470 manat dövlət rusumu həmin cavabdehdən tutulmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 126450 (bir yüz iyirmi altı min dörd yüz əlli) manat borc və ödənilmiş 470 (dörd yüz yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3796/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3796/2022
11.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver