Məhkəmə qərarları › İş №2(060)-38/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-38/2025

01.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-38/2025 01.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 9D saylı evin, 22-ci mənzilinin mülkiyyətçisi Qasımov Arif Əlixan oğlu tərəfindən ona vurulmuş maddi ziyana görə 15000 manat və ödənilmiş 135 manat dövlət rüsumu olmaqla, cəmi 15135 manatın cavabdeh Qasımov Arif Əlixan oğlundan tutularaq ona ödənilməsi, iddia təmin edildiyi təqdirdə ona ödəniləcək pulun 5000 manatının xeyriyyə cəmiyyətlərinin birinin (kimsəsiz uşaqlar evi) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 9D saylı evin, 22-ci mənzilinin mülkiyyətçisi Qasımov Arif Əlixan oğlunun ona vurduğu maddi ziyana görə 15000 manat və ödənilmiş 135 manat dövlət rüsumu olmaqla, cəmi 15135 manatın cavabdeh Qasımov Arif Əlixan oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Qasımov Arif Əlixan oğlunun əsl Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1802/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Qasımov Arif Əlixan oğlu əsl Cavabdeh ilə əvəz edilmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

5. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 9D saylı evin, 20-ci mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzilin üstündə, yəni Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 9D saylı evin, 22-ci mənzili mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. Cavabdehə məxsus 22 №-li mənzildən onun mənzilinə çirkab su axıdılmış, bunun nəticəsində mənzilin sanitar qovşağına, hamamına, mətbəxinə və girişdəki tavanına xeyli miqdarda ziyan dəymişdir. Bunu 9 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilən akt da təsdiq edir. Dəfələrlə cavabdehi bu barədə məlumatlandırsa da, sonuncu heç bir tədbir görməmişdir. Cavabdehin mənzilində olan kanalizasiya xətlərinin nasazlığı səbəbindən mənzilinə 15000 manat maddi ziyan dəymişdir. Cavabdeh mənzilini təmir etdirməcəyini, ona vurulmuş maddi ziyanı ödəməyəciyini bildirir. Cavabdehin hərəkətləri nəticəsində mənzilində daima rütubət olur. Bunun nəticəsində tez-tez ailə üzvləri xəstələnir. Azyaşlı qızı daima mənzilin uçmasından qorxur. Hesab edir ki, Sumqayıt şəhəri, 9-cıı mikrorayon ünvanında yerləşən, 9D saylı evin, 22-ci mənzilinin mülkiyyətçisi Qasımov Arif Əlixan oğlu tərəfindən ona vurduğu maddi ziyana görə 15000 manatın və ödənilmiş 135 manat dövlət rüsumunun, cəmi 15135 manatın cavabdeh Qasımov Arif Əlixan oğlundan tutularaq iddiaçıya ödənilməsi, iddiası tam təmin edildiyi halda ona ödəniləcək pulun 5000 manatını xeyriyyə cəmiyyətlərinin birinin (kimsəsiz uşaqlar evinə) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir.

Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı oğlu iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ekspert rəyi ilə razı deyildir. Ekspert rəyində qeyd olunan məbləğ usta xərclərini belə ödəmir.

7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, kredit götürüb evini təmir etdirmişdir. İddiaçıya da bildirmişdir ki, icazə versin onlar tərəfdən olan nerjaveka turbanı öz hesabına dəyişsin. Lakin iddiaçı buna icazə verməmişdir. Öz tərəfində olan turbanı isə plastmas turba ilə dəyişdirmişdir. Qonşular da buna şahid olmuşdur. Əvvəlki məhkəmə mübahisəsində olan qərar ilə tərəfə evin təmiri üçün pul versələr də, iddiaçının həyat yoldaşı həmin pul vəsaitinə qızıl-zinət əşyaları aldığını bildirmişdir.

Şahid ifadələri:

8. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirdi ki, usta kimi fəaliyyət göstərir. İddiaçı ona zəng edərək evinə su buraxdığını bildirmişdir. Oraya gəlmiş və 5-ci mərtəbinin ayaqyolundan söküb orada qalan çuqun turbanı çıxarmış və görmüşdür ki, 22-ci mənzildən çıxan çuqun turba qırıqdır və çürümüşdür. Turbanı dəyişmişdir. 22-ci mənzildə yaşayan Cavabdeh bildirmişdir ki, hamamdan mətbəxə keçən turba nerjavekadır. Bu nerjaveka turba plastmas turba ilə uyğun gəlmədiyi üçün onu dəyişmək lazımdır. Lakin turbanı dəyişməyə icazə verməmişdirlər. Hesab edir ki, 20-ci mənzilin mətbəxinə axan çirkab sular 22-ci mənzilin mətbəxindəki nerjaveka turbadandır. Həmin turba mütləq dəyişdirilməlidir.

Tədqiq olunan sübutlar:

9. 27 fevral 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Qasımov Arif Əlixan oğlu ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 69,61 kv.m, yaşayış sahəsi 47,31 kv.m, yardımçı sahəsi 22,3 kv.m olan 3 otaqlı mənzilin Cavabdeh bağışlamışdır.

10. 9 saylı MKS-nin baş mühəndisi X1, sahə ustası X4 tərəfindən tərtib edilmiş aktdan görünür ki, 9-cu mikrorayon, ev 9 d, mənzil 20-də yaşayan Nizami Əsgər oğlunun sorğusuna əsasən evinə baxış keçirilmiş və baxış zamanı 9-cu mikrorayon, ev 9 d, mənzil 22-də yaşayan Qasımov Arif Əlixan oğlunun mənzilindən su axıdılması aşkar edilmiş, bunun nəticəsində mənzilin ayaqyoluna, hamamına, mətbəxinə və girişdəki tavanına ziyan dəymiş, xəbərdarlıq etmələrinə baxmayaraq ev sahibi 9-cu mikrorayon, ev 9 d, mənzil 22də yaşayan Qasımov Arif Əlixan oğlu heç bir nəticə çıxarmamışdır.

11. X9 tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ünvan 2-də yaşayan Cavabdeh xx.xx.2024-ci ildə onun mənzilinə gəlib, ona yalvarıb xahiş etdi ki, icazə versin usta onlardan söküb ana xətti dəyişsin. Ona görə ki, yoldaşı Qasımov Arif Əlixan oğlu onların mənzilində ana xəttinin dəyişməsinə icazə vermir. Cavabdeh onu da bildirdi ki. ustanın xərci nə qədər olacaqsa hamısını özü ödəyəcəkdir. Qonşuluq naminə bu fikirlə razılaşmışdır. Təmir zamanı məlum olmuşdur ki, 22-ci mənzildən çıxan turba qırıqdır. Öz ana xəttini 2014-cü ildə dəyişmişdir. 2018-ci ildə isə nə onun 24-cü mənzilində, nə 22-ci, nə 20-ci, nə 18-ci, nədə ki 16-cı mənzillərdə ana xəttinin dəyişdirilməsinin təmiri aparılmayıb. Buradan məlum olur ki, 22-ci mənzildə yaşayan X7 ona şər-böhtan atır.

12. X5 tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, yaşadığı ünvan 3, mənzil 16-da 2018-ci ildə ana su xəttinin dəyişdirilməsinin təmiri olmayıb. 16-cı mənzildə ana su xəttinin dəyişdirilməsi 2010-cu ildə təmir etmişdirlər.

13. X8 tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ünvan 3, mənzil 20-də yaşayır. 22-ci mənzildə yaşayan Cavabdeh həqiqətən də 20-ci mənzilə çirkab sular axıdırlar. Cavabdeh həqiqətən də haqqsız danışır. Bunu həyat yoldaşı İddiaçı məhkəməyə kifayət qədər sübutların təqdim etməsi nəticəsində məlum olmuşdur.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli, 10/2815 nömrəli ekspert rəyinin tədqiqat hissəsinin nəticəsi olaraq Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 9D nömrəli evin 20 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən 20 saylı mənzildən su axıdıldığı və nəticədə 22 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunduğu, 22 saylı mənzil təmirli olduğundan, su kanalizasiya xəttlərinin gözlə görünən hissələrinin üzərində qüsur olmadığından, eyni zamanda aparılmış eksperiment zamanı 20 saylı mənzilə su sızması davam etmədiyindən, 20 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadığı göstərilmişdir.

15. "xxxx" MMC tərəfindən verilmiş MB-18/1461 saylı ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 9D saylı evin 20-ci mənzilinə suyun axıdılması (müvafiq mənzilə baxış keçirilməklə, iş materiallarında olan fotoşəkillər və videodisk nəzərə alınmaqla) nəticəsində dəymiş zərərin hesablanmış məbləği 1300 manat təşkil edir.

Məhkəmə baxışının hədləri:

16. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1111-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

18. Mənzil Məcəlləsi: 15-ci maddəsinə görə yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4-cü maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. Hazırda iddiaçı ünvan 3 ünvanında yerləşən 22 saylı mənzilə həmin mənzilin yuxarı mərtəbəsindəki mənzildən suyun axıdılmasını iddia edərək 15000 manat məbləğində maddi ziyanının cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir.

21. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

22. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

24. İşin müəyyən edilmiş halı odur ki, ünvan 3 ünvanında yerləşən 22 saylı mənzil İddiaçı mülkiyyətindədir və həmin mənzilə su sızma nəticəsində ziyan dəymişdir.

25. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.

26. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

27. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

28. İşin müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

29. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

31. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

32. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

33. Belə olan halda məhkəmə tərəfindən iddianın təmin edilib-edilməməsi məsələsi araşdırılarkən yuxarıda qeyd olunanlara əsasən ilk öncə mülki hüquqi məsuliyyətin yaranması üçün əsas olan dörd şərtin mövcud olub-olmaması məsələsi araşdırılaraq iddia tələbinə müvafiq hüquqi qiymət verilməlidir.

34. Hazırki mülki iş üzrə delikt öhdəliyinin yaranması üçün ilk şərt olan zərərin mövcudluğu olması işin mübahisəsiz halıdır.

35. Belə ki, məhkəmə tərəfindən iddiaçıya məxsus olan mənzilə zərər dəyibdəyməməsini, əgər zərər dəymişdirsə, dəymiş zərərin səbəbini, dəymiş zərərin üst mərtəbədəki mənzildən su axması nəticəsində dəyib-dəyməməsini və dəymiş zərərin məbləğini müəyyən etmək üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1802/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmış, həmçinin iş üzrə Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə mütəxəssis rəyi alınmışdır.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli, 10/2815 nömrəli ekspert rəyinin tədqiqat hissəsinin nəticəsi olaraq Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 9D nömrəli evin 20 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın 3-cü mərtəbəsində yerləşən mənzildən su axıdıldığı və nəticədə mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunduğu, 22 saylı mənzil təmirli olduğundan, su kanalizasiya xəttlərinin gözlə görünən hissələrinin üzərində qüsur olmadığından, eyni zamanda aparılmış eksperiment zamanı 20 saylı mənzilə su sızması davam etmədiyindən, 20 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadığı göstərilmişdir.

37. "xxxx" MMC tərəfindən verilmiş MB-18/1461 saylı ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 9D saylı evin 20-ci mənzilinə suyun axıdılması (müvafiq mənzilə baxış keçirilməklə, iş materiallarında olan fotoşəkillər və videodisk nəzərə alınmaqla) nəticəsində dəymiş zərərin hesablanmış məbləği 1300 manat təşkil edir.

38. Beləliklə ekspert rəyinə əsasən İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən 20 saylı mənzilə su sızma nəticəsində ziyan dəydiyi müəyyən edilmişdir.

39. İddiaçıya məxsus olan mənzilə su sızma nəticəsində ziyan dəydiyi işin müəyyən edilmiş halı olduğundan hazırda məhkəmə tərəfindən qiymət verilməli olan məsələ mənzilə dəymiş ziyanın cavabdehin təqsirli, hüquqazidd hərəkət-hərəkətsizliyinin nəticəsi olub-olmamasıdır.

40. Beləliklə işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan mənzilə cavabdehə məxsus olan mənzildən su axması nəticəsində ziyan dəymişdir. Qeyd edilən şahid ifadəsi, ekspert rəyi əsasında öz təsdiqini tapmışdır.

41. Məhkəmə işin müəyyən olunmuş hallarını nəzərə alıb qeyd edir ki, yuxarıda göstərilən hallar iddiaçının mənzilinə dəymiş zərərə görə cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlməyə kifayət qədər əsas verir.

42. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş zərər cavabdehin hüquqazidd əməli ilə birbaşa səbəbli əlaqəli olduğundan iddiaçıya dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir.

43. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır.

44. Dəymiş zərərin məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus mənzilə dəymiş zərərin aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar dəyəri mütəxəssis rəyi ilə 1300 manat müəyyən edilmişdir.

45. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən, iş üzrə mütəxəssis rəyi əsas götürülməklə iddia qismən, yəni 1300 manat məbləğdə maddi zərər hissəsində təmin olunmalıdır.

Məhkəmə xərcləri:

46. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir.

47. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

48. Qiymətləndiricinin xidmət haqqı olaraq 300 manat məbləğində vəsait Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1300 (min üç yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 33 (otuz üç) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutulub "xxxx" MMC-nin (VÖEN: **********; H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı; kodu: 805562; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ013501**********2944; S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar