Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3805/2022 08.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3563/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulub, birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi, mediasiya üçün ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Məcidova (Bayramova) Gülnar Seyidağa qızı xx.xx.2016-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları xx.xx.2018-ci il təvəllüdlü X4 var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3250/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X1 iddiaçının yanında qalmasının müəyyən olunması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5399/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5399/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3563/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5399/2019 saylı qətnaməsi ilə mübahisələndirilən hissədə - aliment məbləğinin 100 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə 120 manat aliment tutulması qərara alınmışdır. İddiaçı 120 manat məbləğində aliment ilə qızını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə iddiaçıya əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun təlabatları da günü-gündən artır. İddiaçı hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2022-ci il respublikamızda uşaqlar üçün yaşayış minumunun 193 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3563/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya verilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, ana və atasının onun himayəsində olmasını, digər nikahdan olan uşağına da aliment ödədiyini nəzərə alaraq, məhkəmədən qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3563/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5399/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə aliment məbləğinin 100 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş Cavabdeh tutulan alimentin məbləği 120 manat müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2218/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2013-cü il tarixdən başlayaraq Cavabdeh qazancından və başqa gəlirindən, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1108/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 18:00-dək ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi qət edilmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün cavabdehdən 120 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, lakin həcminə görə əsaslı deyildir. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2218/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, onun birinci nikahından bir uşağı daha var və cavabdehdən birinci nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutulmuşdur. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, uşaqların mənafelərini, onların əvvəlki təminat səviyyəsini, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, cavabdehin maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişikliyin olmamasını, cavabdehin digər nikahdan da bir azyaşlı uşağının olmasını, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıdan tutulacaq alimentin məbləği hər ay görə 160 manat sabit məbləğində müəyyən edilməlidir. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, mediasiya prosesində iştirak üçün ödənilmiş 50 manat cavabdehdən tutularaq iddiaçıya və məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1920 manat (160 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 39,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3563/2019 saylı 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 30 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 160 (yüz altmış) manat məbləğində sabit pul şəkilində aliment tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya prosesində iştirak üçün ödənilmiş pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3805/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3805/2022
08.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver