Məhkəmə qərarları › İş №2(060)-381/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-381/2025

08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-381/2025 08.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü ilin avqust ayında işlədiyi poçta müştəri kimi gələn Cavabdeh ilə tanış olmuşdur. Söhbət arasında cavabdeh iddiaçıya diş texniki olduğunu bildirmişdir. İddiaçı da zirkon diş düzəltdirmək üçün onunla məsləhətləşməyə başlamışdır. Məsləhət zamanı cavabdeh iddiaçıya zirkon dişin birini 80 manata düzəldə biləcəyini bildirmişdir. Bundan sonra, iddiaçı cavabdehlə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində görüşərək ona əlbəəl 700 manat pul vermişdir. Bundan təxminən 3-4 gün sonra Cavabdeh materialları almaq üçün pul lazım olduğunu bildirmişdir. İddiaçı isə ona yenə 500 manat pul vermişdir. Beləliklə cavabdehə ümumilikdə 1200 manat pul vermişdir. Cavabdehə pul verməyinin üstündən 1 ildən çox keçməsinə baxmayaraq, Cavabdeh zirkon dişi düzəltməmiş, həmçinin pulunu da geri qaytarmamışdır. Bir neçə dəfə cavabdehə ödədiyi pulun iddiaçıya geri qaytarılması üçün müraciət etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən Cavabdeh 1200 manat məbləğində pulun və 32 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərara əsasən vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə müraciəti əsasında Sumqayıt ŞPİ İŞ-də toplanmış HK-1/1634 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

7. Həmin qərardan görünür ki, Cavabdeh izahatında 2018-ci il tarixdən 2023-cü ilin sonuna kimi diş texniki işlədiyini, İddiaçı Sumqayıt şəhəri, 9-cu mkr-da yerləşən 1 saylı Poçtda poçtalyon işləməsi ilə əlaqədar olaraq tanıdığını, Cavabdeh söhbət zamanı İddiaçınm onun diş texniki işləməyini bilib dişlərini düzəltdirmək istədiyini dediyini, zirkon dişlərdən qoydurmaq istədiyini dediyini, Cavabdeh də zirkon diş düzəltdirə biləcəyini, loborotoriyanın olduğunu düzəltdirə biləcəyini dediyini, 26 dişi 1350 manata düzəltdirə biləcəyini dediyini, təxminən 3-4 gün sonra ilkin ödəniş kimi İddiaçı ona 500 manat, bundan 7-8 gün sonra da 700 manat pul verdiyini, həmin pulları zirkon dişləri düzəltməsi üçün Bakı şəhərində yerləşən loborotoriyada tanışı Elçin adlı şəxsə verdiyini, burada 300 manat xeyri olduğunu, sonradan dişlərin düzəlməsinin 7-8 gün gecikdiyini, bundan sonra diş hazır olduqda İddiaçı dişlərin hazır olduğunu dedikdə İddiaçı istəmədiyini, pulunu geri qaytarmağını istədiyini, Cavabdeh də həmin pulu Elçin adlı şəxsə verdiyini dediyini, həmin şəxsin də üzərinə düşən işləri etdiyini, dişləri düzəltdiyini bildirmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 2023-cü ildə İddiaçı Cavabdeh zirkon dişlərin düzəldilməsi üçün müraciət etmişdir. Tərəflər tibbi xidmət göstərilməsi barədə şifahi müqavilə bağlamış, cavabdeh 26 dişin 1350 manata düzəltdirəcəyini öhdəsinə götürmüşdür. İddiaçı həmin pulun 1200 manatını cavabdehə ödəmişdir. Hazırda iddiaçı uzun müddət keçməsini, cavabdehin öhdəliyini yerinə yetirmədiyini əsas gətirərərək, ödədiyi pulun geri qaytarılmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

12. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

13. Belə ki, Mülki Məcəllənin 447.1-ci maddəsinə görə, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

14. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

16. İş materiallarından göründüyü kimi iddiaçının cavabdehə 1200 manat pul verməsi işin mübahisəsiz halıdır. Bu fakt xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərarda öz əksini tapmışdır.

17. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində pul və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.

18. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

21. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində pul və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar