Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-382/2022 02.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 100 qr İtaliya istehsalı, 5000 manat dəyərində olan qızıl-zinət əşyaları, 49.080 manat borc məbləği və ödənilmiş 253 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh vermiş olduğu qızıl əşyalarının dəyərinin əvəzi olaraq 5000 manat və 49.080 manat borc məbləğinin, ödənilmiş 253 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan toyda taxmaq adı də özünə məxsus olan 5000 (beş min) manat dəyərində olan qızıllarını almış və geri qaytarmamışdır. Həmin qızıllar hər biri 750 əyyar, cəmi 100 qr və İtaliya istehsalı idi. Daha sonra cavabdeh ondan ayrı-ayrı vaxtlarda 2500 (iki min beş yüz) euro- yəni 4900 manat, 5400 (beş min dörd yüz) ABŞ dolları-yəni 9180 manat, və 35000 (otuz beş min) manat borc pul almış, lakin aradan xeyli müddət keçməsinə baxmayaraq hələ də geri qaytarmamışdır. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edərək verdiyi qızılları və pul məbləğini geri qaytarmasını istəsə də cavabdeh hər dəfə müxtəlif bəhanlərlə pul məbləğini qaytarmamışdır. Qeyd edir ki, cavabdehin ondan qızıl alması və pulunu ödəyəcəyinə dair öhdəlik götürməsi ilə bağlı səs yazıları da var. Buna baxmayaraq, cavabdeh aldığı qızıldan və pul məbləğini qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Bu səbəbdən də, “pul tələbi”nə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh aldığı borcdan heç bir məbləğ qaytarmayıb. Eləcə də qızıl əşyalarının bir qismini qaytarması barədə göstərdikləri doğru deyildir. Həmçinin bildirdi ki, tərəflər arasında olan telefon danışıqları zamanı, bundan başqa, eyni predmetlə bağlı tərəflər arasında məhkəmə çəkişməsi zamanı cavabdeh tərəfindən borc məbləğinin etiraf olunduğunu, eləcə də polis bölməsində aparılmış araşdırma zamanı cavabdehin vermiş olduğu izahatda iddiaçıdan borc aldığını göstərdiyini görmək olar. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir. O, iddianı qızıl əşyalarına görə 5000 manat pul tələb olunması hissədə qəbul edir. Bununla yanaşı qeyd edir ki, sözügedən qızılların çəkisi iddia ərizəsində göstərildiyi kimi 100 qram yox 50 qram olmuşdur və hazırda həmin əşyalar onun tərəfindən girov qoyulmuşdur. Qızıl əşyaları 750 əyar, cəmi 5-6 ədəd sep və qolbaqdan ibarətdir. İddia olunan qızıl əşyalarının bir qismini isə öncədən Aytəkinə qaytarıb. Borc tələbini isə qəbul etmir. Aytəkindən ayrı-ayrı vaxtlarda bir neçə dəfə borc alsa da, həmin borcu qaytarmışdır. Hazırda onun Aytəkinə borcu yoxdur. Yalnız 7000 manat faiz borcu qalıb, həmin məbləği də Aytəkin ondan tələb etmədiyini demişdir. Belə ki, o, Aytəkindən borc məbləğlərini faiz müqabilində almışdır. Əsas borcu qaytarmış, 7000 manat faiz borcu qalmışdır. Eləcə də bildirdi ki, iddiaçı tərəfin şikayəti əsasında PB-də aparılımış araşdırma zamanı vermiş olduğu izahatında Aytəkindən müxtəlif vaxtlarda cəmi 10.000 manat pul aldığını göstərmişdir. O, həmin 10.000 manatı Aytəkinə qaytarmışdır. Bu məbləğin 5000 manatını Gülnarənin vasitəsi ilə, qalan 5000 manatı isə Aytəkinin qohumu Sədaqətin vasitəsi ilə qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki, Aytəkinlə 15-16 ildir ki, tanışıdr, yaxın münasibətləri var, Mətanəti isə 3-4 ildir ki, tanıyır. 2019-cu ildə söhbət əsasında Mətanət ona Aytəkindən borc pul aldığını demişdir. Bir müddət sonra Mətanət ona yenidən pul lazım olduğunu və Aytəkindən daha 5000 manat pul aldığını demişdir. Bundan sonra Aytəkindən eşitmişdir ki, Mətanətdən pulunu geri ala bilmir. Onun iştirakı ilə heç bir pul verilməyib. Aytəkinin Mətanətə pul verdiyini onların dilindən eşitmişdir. Belə bir məlumat da eşitmişdir ki, qeyd olunan 5000 manatı X5 adlı şəxs alıb verib. Dəqiq məlumatı olmasa da, əvvəldən eşitmişdir ki, Aytəkin Mətanətə 20.000 manat pul verib. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, Aytəkin baldızının qızıdır. Aytəkin həm də onunla qonşu yaşayır. Mətanəti Aytəkingilə gəlib gedərkən görüb, tanıyıb. Təxminən 2 il əvvəl Aytəkin ona zəng edib Mətanətin ona 200 manat pul verəcəyini, həmin pulu götürüb saxlamasını tapşırmış, Mətanət gətirib ona 200 manat pul vermişdir. Mətanətin verdiyi pul bir ədəd yüzlük, 2 ədəd əlillik əskinaslardan ibarət olmuşdur. Aytəkinin dediklərindən bilmişdir ki, Mətanətin ona xeyli miqdarda, təxminən 40-50 min manat borcu var. Mətanət həmin pula dükana mal almışdır. X7 dəqiq nə qədər borcunun olmasını bilmir. Mətanət cəmi ona bir dəfə 200 manat pul verib. Mətanət ona 2000 manat verməyib, bu barədə Mətanətin dedikləri doğru deyil. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 5000 manat dəyərində qızıl əşyaları və müxtəlif vaxtlarda borc pul almışdır. İddiaçı tərəf borc məbləğinin və qızıl əşyalarının dəyərinin ödənilmədiyini iddia edir və ödənilməsini tələb edir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qismən etiraf etdiyini, qızıl əşyalarının dəyərinin əvəzi olaraq 5000 manat pulun ödənilməsini qəbul etdiyini göstərdi. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianın qəbul edilmiş hissədə etirafının qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı qismən etirafı məhkəmə tərəfindən qəbul edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İşin hallarından göründüyü kimi tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Hazırda mübahisə doğuran hal borc məbləğinin miqdarı və qaytarılması ilə bağlıdır. İddiaçı tərəf cavabdehə müxtəlif vaxtlarda 49.080 manat məbləğində borc pul verildiyini iddia edir və iddianı əsaslanıdığı hallarla bağlı tərəflər arasında telefon danışıqları olan audiodiskə və bundan öncə eyni predmetlə bağlı tərəflər arasında məhkəmə çəkişməsi olmasına, həmin vaxt cavabdeh tərəfindən borc məbləğinin etiraf olunmasına, eləcə də polis bölməsində aparılmış araşdırma zamanı cavabdeh tərəfindən verilmiş izahata istinad edilir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin dəlillərinə qiymət verilməsi məqsədi ilə aşağıda sadalanan sübutlar tədqiq olundu:
1. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 2(060)-7156/2021 saylı mülki iş materialları tədqiq edilmiş, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddianın baxılmamış saxlanıldığı, cavabdehin həmin mülki iş üzrə dindirilmədiyi müəyyən edildi.
2. İddiaçı tərəfin vəsatəti və cavabdehin razılığı ilə audiodisk tədqiq edildi, cavabdeh səs yazısının ona məxsus olduğunu göstərdi, tərəflər arasında borc münasibətləri olduğu müəyyən edilsə də həmin səsyazısında iddia olunan borc məbləğinin miqdarı ilə bağlı məlumat əldə etmək mümkün olmadı.
3. Abşeron rayon PŞ-nin İstintaq və Təhqiqat Qrupunun 13 noyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının məzmunundan görünür ki, X4 şikayət ərizəsi əsasında aparılmış araşdırma zamanı Cavabdeh izahatı alınmışdır. Cavabdeh izahatında göstərmişdir ki, 2018-ci ildə pula ehtiyacı olduğu üçün Aytəkindən müxtəlif vaxtlarda 2000 manat bir, 1000 manat bir, 2000 manat bir, 2018-ci ilin iyul ayında isə Gülnarənin iştirakı ilə 5000 manat pulu 10 faiznən götürmüşdür. O, müxtəlif vaxtlarda Aytəkindən ümumilikdə 10000 manat pul almış və həmin məbləğin 5000 manatını Gülnarənin vasitəsilə, qalan 5000 manatı isə Aytəkinin xaricdə olması səbəbindən sonuncunun istəyi ilə Aytəkinin dayısı arvadı Sədaqətə verməsini istəmişdir. O isə həmin məbləğin 3000 manatını Sədaqətə vermiş, geri qalan 2000 manatı isə müxtəlif vaxtlarda faiziylə birlikdə taksi ilə evlərinə göndərmişdir. O, əlavə olaraq Aytəkinə borcunun olmadığını, sonuncunun razılığı ilə aldığı qızıl-zinyət əşyalarını isə Sumqayıt şəhərində yerləşən banka girov qoyub pul götürdüyünü, qısa bir zamanda həmin qızıl-zniyət əşyalarını götürüb geri qaytaracağını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh göstərilən 10.000 manatı qaytardığını bildirsə də etirazını əsaslandırdığı hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmədi. Məhkəmədə dindirilmiş şahid ifadələrinə gəlincə məhkəmə qeyd edir ki, həmin şahid ifadələri ilə nə iddiaçının iddia tələbinin əsası olan hallar, nə də cavabdeh tərəfindən göstərilmiş xüsusatlar öz təsdiqini tapmadı. Məhkəmə hesab edir ki, tərəflər arasında borc ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin «Öhdəliklərin icrası» və «Barışıq razılaşması və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə» fəslində nəzərdə tutulan müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882-ci maddəyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5-ci əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə işin şərh olunan hallarına mülki qanunvericiliyin maddələrində ifadə olunmuş hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb qismən əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, araşdırma zamanı tədqiq olunan sübutlarla cavabdehin iddiaçıdan 10.000 manat borc və 5000 manat dəyərində qızıl əşyaları alması öz təsdiqini tapdığından həmin hissədə iddianın təmin edilməsini qanuni və əsaslı hesab edir. İddia qalan hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə, cavabdehlərin etirazına gəlincə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Cavabdehin etirazın əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş 253 manat dövlət rüsumunun 177 manatı iddiaçıya aid edilməli, qalan 76 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 10.000 (on min) manat borc və qızıl əşyalarının əvəzi olaraq 5000 (beş min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 (yetmiş altı) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Almaz Süleymanova