Məhkəmə qərarları › İş №2(060)-3828/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3828/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3828/2022 06.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 1996.95 manat əsas, 366.35 manat faiz borcu və 214 manat cərimə olmaqla, ümumilikdə 2577.30 manat borcun və ödənilmiş 45.77 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 31.08.2018-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-dən 36 ay müddətinə, illik 29%-lə, 6.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 31.08.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə, müqavilənin şərtlərini pozmuşdur. Cavabdehlərə iddia barədə bildiriş göndərilmiş, lakin onlar tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 31.08.2018-ci il tarixli sazişdən görünür ki, borcluya 36 ay müddətinə, illik 29%-lə, 6.000 kredit verilmişdir. - Həmin kredit müqaviləsinin 3.1.4.1-ci bəndindən görünür ki, borcalan davam edən 10 (on) təqvim günü ərzində cari əsas borcu və cari faiz borcunu tərəflər arasında yazılı tərtib olunmuş ödəniş cədvəlində göstərilən tarixdə ödəməməklə gecikdirdikdə kredit verən bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməklə verdiyi kreditin müddəti ərzində və bu müddət bitdikdən sonra gecikdirilən günlər də daxil olmaqla, əsas borc tam ödənilənədək hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilədə göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini borcalandan tələb edə bilər. - 31.08.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 zamin olmuşdurlar. - Ödəniş tapşırığından görünür ki, 6.000 manat məbləğində pul vəsaiti Cavabdeh1 verilmişdir. - Tələbin güzəşti barədə müqavilədən görünür ki, "xxxx" BOKT MMC tələb etmə hüququnu "xxxx" İKB ASC-yə vermişdir. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, "xxxx" İKB ASC-nin hazırki adı İddiaçı ASC-dir. - 23.11.2020-ci il tarixli kredit müqaviləsinə 01 №-li Əlavə Sazişdən görünür ki, müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 5433.84 manat təşkil edir. Müqavilə üzrə kreditin məbləği 23.11.2022-ci il tarixədək uzadılmışdır. - 18.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 1996.95 manat əsas və 366.35 manat faiz borcu borcu vardır. - Cavabdehlərə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlər borcun qaytarılmasına dair xəbərdar edilmişlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Cavabdeh1 31.08.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 29%-lə, 6.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə, müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh1 18.04.2022-ci il tarixinə 1996.95 manat əsas və 366.35 manat faiz borcu yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 31.08.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini və müqavilənin 3.1.4.1-ci bəndinin tələblərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 31.08.2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Kredit müqaviləsinə 1 saylı əlavədə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 1% cərimə hesablanması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə kredit ödənişlərinin gecikməsinə dair sübut təqdim etmədiyindən cərimə məbləği müəyyən olunmur. Belə ki, maliyyə arayışında gecikmə günlərinin sayı göstərilməmiş, hesabdan çıxarış, həmçinin digər hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia cərimə hissəsində təmin olunmamalıdır. Göründüyü kimi Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdurlar. Zaminlik müqaviləsinə əsasən onlar, iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Bu səbəbdən Cavabdeh1 kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh2 və Cavabdeh3 da müştərək qaydada tutulmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada ödənilmiş 43.63 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Bu Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-6.1, 216- 220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1996.95 manat əsas və 366.35 manat faiz borcu olmaqla, cəmi 2363.3 manat borc və ödənilmiş 43.63 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar