Məhkəmə qərarları › İş №2(060)-3842/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3842/2022

05.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3842/2022 05.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi, bacısı X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 30 may 2012-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 87 manat alimentin miqdarının artırılaraq xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin, eləcə də 50 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Rəsmi nikahdan xx.xx.2006-cı il təvəllüdlü David adlı oğulları olmuşdur. (Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən uşağın adı «Pərvin», soyadı «Məlikov» olmuşdur). Aralarında olan nikah qeydi 30 may 2012-ci il tarixli məhkəmə qətnaməsinə əsasən ləğv edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 30 may 2012-ci il tarixli qətanməsinə əsasən cavabdehdən 87 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bu müddət ərzində uşaq böyümüş, onun maddi tələbatları, məktəb xərcləri də artmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh alimenti vaxtında ödəyir. O, özü “Azərkimya”da işləyir və aylıq əmək haqqı 1000 manat təşkil edir. Cavabdeh əvvəllər “Azərcell”də işləyib. Cavabdehin hazırki iş yeri, gəlirləri barədə məlumatı yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Cavabdeh hazırda Rusiyadadır. O, “Azərpoçt”da işləyib. Hal-hazırda işləmir. Cavabdeh ailə həyatı qurmayıb. Cavabdehin Rusiyadan qayıdaraq məhkəmə iclasında iştirak etməsi üçün məhkəmə iclasının uzun müddətə təxirə salınması zəruridir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1976-cı ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-1915/2012 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında balanmış nikahın ləğv edilməsi, xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə cavabdehdən xx.xx.2012-ci ildən başlayaraq 87 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər arasındakı nikahın ləğvi nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 369 nömrə ilə qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(060)-68/2013 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X3 adının “Pərvin”, soyadının “Məlikov” kimi dəyişdirilərək qeydə alınması qət edilmişdir. Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərinə əsasən X5 xx.xx.2006-cı ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Məhkəmə iddiaçının qazancını, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-1915/2012 saylı qətnaməsinin qəbulundan 10 il müddət keçdiyi və ötən bu müddət ərzində insanların maddi tələbatlarında və yaşayış minimumunda dəyişikliklər baş verdiyi üçün həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalıdır. Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-1915/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 2022-ci il üçün uşaqlara müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq hər ay 193 manat məbləğində müəyyən edilməlidir. İddiaçı eyni zamanda mediasiya xərcinin ona qaytarılmasını xahiş etmişdir. Lakin mediasiya xərci mülki prosessual qanunvericilikdə məhkəmə xərclərinə aid edilmədiyindən iddia mediasiya xərcinin iddiaçıya qaytarılması hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-1915/2012 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar