Məhkəmə qərarları › İş №2(060)-3847/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3847/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3847/2020 19.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 1xx/xx/111468/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1109,58 manat məbləğində əsas borcun, 216,75 manat faiz borcu, 759,10 manat cərimə borcu, 156,15 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə 2241,58 manat pulun, 30 manat dövlət rüsumunun Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx xxxxx 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/111468/14 saylı müqavilə bağlanmış, cavabdehlə illik 25 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 3300 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərində götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1109,58 manat məbləğində əsas borcu, 216,75 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 759,10 manat cərimə borcu, 156,15 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 2241,58 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, eyni məzmunlu izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Bankdan kredit götürmüşdür, lakin Bank ləğv olunandan sonra hara ödəniş edəcəyini bilməmişdir, ona görə də iddia ərizəsində tələb edilən məbləğlə razı deyildir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki materiallarında olan: Bank ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli Kredit müqaviləsindən görünür ki, Bank borcalana 36 ay müddətinə illik 25% ödəmək şərti ilə 3300 manat məbləğində kredit verməyi, borclu isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. Borc barədə xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə 1109,58 manat əsas borcu, 216,75 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 759,10 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 156,15 manat faiz borcu, ümumilikdə 2241,58 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borcludan gecikdirilmiş vaxt üçün illik 5% faiz hesablanmaqla 156,15 manat tutulmasını əsaslı hesab edir. Bununla yanaşı məhkəmə hesab edir ki, cərimə tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 759,10 manat cərimə azaldılaraq 75 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1109,58 manat əsas borc, 216,75 manat faiz borcu, 75 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış156,15 manat faiz borcu, ümumilikdə 1557,48 manat borc Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 09,30 manatı iddiaçıya aid edilməli, 20,70 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1109,58 manat əsas borc, 216,75 manat faiz borcu, 75 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 156,15 manat faiz borcu, ümumilikdə 1557,48 (bir min beş yüz əlli yeddi manat qırx səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,70 (iyirmi manat yetmiş qəpik) manat Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar