Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-385/2025 14.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əvvəllər tanıdığı Mehdi adlı tanışının dostu əvvəllər Abşeron rayonu Polis İdarədə çalışan Cavabdeh 27 aprel 2017 ci il tarixdə 4000 manat məbləğində borc pul vermişdir. Cavabdeh almış olduğu pulu guya məzuniyyətə çıxanda qaytaracağına söz vermişdir. Ancaq borclu öz ərizəsi ilə elə iddiaçıdan pul aldığı tarixdən işdən çıxaraq yox olmuşdur. İşlətdiyi telefon nömrəsinə də cavab verməmişdir. Xeyli müddətdən sonra onun atasının işlədiyi yeri tapmışdır. Atası da maddi vəziyyəti çox yaxşı olan Sumqayıtda “Viləş” mebel salonunun sahibidir. Atasına oğlunun borcu barədə bildirsə də, oğlunun pulu götürdükdə yazdığı izahatı göstərdikdə atası bununla razılaşmamışdır. İddiaçı isə açığı ağılsızlıq edərək onun hədələrindən qorxmuşdur. Xeyli zaman ondan şikayət etməmişdir. Amma sonra polisə 102 şikayəti etsə də, nəticə olmadı və bu vaxta qədər bu borcdan 1 manat da iddiaçıya qaytarmamışdır. İşləmədiyi səbəbdən pulu olmadığı üçün ondan aldığı borcu qaytarmasını istəyir. Ümüd yeri olaraq məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh 4000 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının bildirdikləri doğrudur. Lakin qeyd edir ki, iddiaçının təqdim etdiyi əlyazma ilə tanış deyildir. Əlyazmada olan imza ona məxsus deyildir. Həmin imzanın onun imzası ilə oxşarlığı vardır, lakin ona məxsus deyildir. Bu məsələ 2016-cı il tarixdə olmuşdur. O, 2012-ci il tarixdən iddiaçını tanıyır. İddiaçı ilə aralarında dəfələrlə pul məsələsi olmuşdur. Faizlə 1000 manat pul vəsaiti götürmüşdür. Belə ki, faiz məbləği 1000 manata 70 manat müəyyən olunmuşdur. Əmək haqqı kartını iddiaçıya təqdim etmişdir. İddiaçı faiz məbləği olan 70 manatı borcdan silirdi. Əsas borc məbləği ödənilən zaman faizlərin hesablanması dayandırılırdı. İddiaçıdan dəfələrlə borc götürmüşdür. Həmin vaxt əmək haqqı 440-470 manat civarında idi. İddiaçı onun kart hesabından 70 manat faiz məbləğinə pul çıxarırdı. Daha sonra əsas borcla bağlı 100-200 manat civarında əmək haqqı kartından pul çıxarmasını da təklif edirdi. İddiaçı əsas borc məbləği bağlanmayana qədər faiz məbləğinin hesablanmağa davam edəcəyini bildirmişdir. Tanışı Mehdi adlı şəxs vasitəsi ilə iddiaçını tanımışdır. Həmin vaxt ona pul vəsaiti ehtiyac idi. İddiaçı əmək haqqı kartı təqdim olunarsa, köməklik edəcəyini bildirmişdir. İddiaçıya aid olan kitabda ərizə yazmışdır. Belə ki, ilk dəfə borc götürən zaman kartını təqdim etmiş və borc götürməyi ilə bağlı ərizəsi olmuşdur. İddiaçı əlyazmanı vərəqdə təqdim etmişdir. O, iddiaçıya aid olan kitabda ərizə yazmışdır. Borc bağlanan zaman iddiaçı kartını ona geri qaytarmışdır. Daha sonra 2016-cı il tarixdə təkrar iddiaçı ilə görüşmüşdür. O, işdən çıxdıqdan sonra iddiaçı onun barəsində iş yerinə şikayət etmişdir. İşdən çıxdıqdan sonra iddiaçı ilə dəfələrlə əlaqə saxlamışdır. İddiaçı onunla kobud şəkildə danışmışdır. Ondan 2000 manat borc götürmüşdür. Excel proqramında ödənişlər barədə qeydlər aparırdı. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir.
5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilərək bildirmişdir ki, Cavabdeh həmin məbləğdə borcu aldığını və qaytardığını bildirmişdir. İddiaçı borcun qaytarılması üçün cavabdehin əmək haqqı kartını ona verdiyini etiraf etmişdir. Mülki iş üzrə 23 oktyabr 2024-cü il tarixdə “məhkəmə-xəttşünaslıq” ekspertizası təyin edilmişdir. Ekspertizanın rəyi həmin iş üzrə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında elan edilmiş, xx.xx.2025-ci il tarixdə cavabdehə rəsmən təqdim edilmişdir. İddia ərizəsindən, eləcə də 12 fevral 2025-ci il tarixli 4/1869 saylı ekspertiza rəyindən göründüyü kimi iddiaçı tərəfindən 4000 manat məbləğində borc xx.xx.2017-ci il tarixdə verilibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız məhkəmə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtinası barədə qərar çıxarması üçün əsasdır. Həmin tələb üzrə iddia müddəti keçdiyindən iddianın təmin edilməməsi barədə qətnamə qət edilməsi məhkəmədən xahiş edilmişdir.
6. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli borc müqaviləsindən (iltizam) görünür ki, Cavabdeh İddiaçı 4000 manat məbləğində pul aldığını etiraf etmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1869 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 16-cı vərəqəsində Cavabdeh adından olan xx.xx.2017-ci il tarixli 4000 manat pulun alınması barədə iltizamda tarix göstəricisinin qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
9. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Eyni Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
14. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
15. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
16. Məhkəmə qeyd edir ki, hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, bu halda iddiaçının tələb etdikləri sübut olunur, lakin cavabdehin borcu tam qaytarması barədə bildirdikləri sübut olunmur. Halbuki, sübutetmə yükü cavabdehin iddiaçının bildirdiklərini təsdiq etdiyi andan cavabdehə keçib və borcu qaytarmağını, ona borcunun olmadığını iddiaçı deyil, cavabdeh sübut etməlidir. Yekun nəticə olaraq iddiaçının cavabdehə pul verdiyi təsdiq olunur, lakin cavabdehin iddiaçıya pulu tam qaytarmağı sübut olunmur.
17. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
19. Göründüyü kimi borc məbləği 3000 manatdan çox olduğuna görə, məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə əsassız varlanmaya dair maddi hüquq normaları tətbiq olunmalıdır.
20. Belə ki, cavabdeh qeyd olunan 4000 manat borc məbləğini iddiaçıya qaytarmamaqla, əsassız varlanmışdır.
21. Qanuni əsası “əsassız varlanma” olan iddia tələbinə münasibətdə məhkəmə Mülki Məcəllənin 1095-ci maddəsinin tələblərinə uyğun olaraq qeyd edir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
22. Həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk öncə qeyd edilməlidir ki, maddədə göstərilən iki illik müddət qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən müəyyən edilir ki, həmin müddət iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətin tətbiq edilməsi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Göründüyü kimi əsassız varlanma obyektini qaytarmaq hüququ ən geci iki il keçdikdən sonra qüvvədən düşür. Lakin bu müddət “məhrum olana öz hüququnun məlum olduğu vaxtdan” hesablanır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
24. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında öhdəlik əsassız varlanma nəticəsində (2017-ci il tarixdən) yarandığından iddiaçının tələbinə iki illik iddia müddəti şamil edilməlidir.
25. Belə olan halda aydın olur ki, iddiaçı əsassız varlanma nəticəsində yaranmış tələbi üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilməlidir.
27. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Həmçinin, məhkəmə iş materiallarını və ekspert rəyini nəzərə alaraq hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
Nəticə hissəsi:
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qızına qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva