Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3854/2023 20.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)-441/2011 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş 20 manat alimentin miqdarının artırılaraq cavabdehdən onun xeyrinə hər ay hər birinə görə 220 manat məbləğində alimentin tutulmasına və mediasiya üçün ödənilmiş 50 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə rəsmi olaraq ayrılmışdırlar. Birgə nikahdan anadan olmuş X6 və X3 onun himayəsində saxlanılmışdır. Uşaqlarının 18 yaşına çatana kimi saxlanılması üçün Ağdaş Rayon Məhkəməsinin 2(014)-441/2011 saylı qətnaməsi ilə 20 manat miqdarında aliment müəyyən edilmişdir. Onun maddi vəziyyəti çox-çox ağır olduğu üçün, daima müayinə və müalicəyə, uşağın hazırlıqlarına, qulluğa ehtiyacı olduğundan və özü heç bir yerdə işləmədiyindən, eləcə də şəraitin dəyişməsi səbəbindən həmin məbləğə uşaqların saxlanılmasında, yəni sağlam böyüməsində, qidalanmasında və vaxtlı-vaxtında müayinə və müalicə olunmasında bir çox çətinliklərlə üzləşir ki, bütün bunlarda onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Lakin cavabdeh bütün bunları nəzərə almayaraq uşağın saxlanılmasında və yuxarıda göstərdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün könüllü əlavə yardım göstərməkdən yayınır. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq 2023-cü il üçün müəyyən edilmiş alimentin yəni, hər ay hər birinə 220 manat alimentin alınıb ona verilməsinə ehtiyacı var. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəməyə teleqram vuraraq maddi vəziyyəti ağır olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “Evdə yoxdur” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda cavabdehin adına elektron informasiya sistemində müəyyən edilmiş əlaqə nömrələrinə sms bildiriş göndərilməsi mümkün olmamışdır (çatdırılmamışdır). Bu səbəbdən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan AZ-İİ 058863 saylı və AZ-İİ 262120 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X3 anadan olmuşdur. İşdə olan AZ-İ 134643 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflər arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabənda 74 nömrə ilə qeyd edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-441/2011 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər birinə görə 20 manat miqdarında aliment alınaraq X5 verilməsi qət edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından isə görünür ki, Cavabdeh ümumi xəstəlik-İ qrup əlil olması əsası ilə 270 manat, ümumi səbələrdən İ dərəcə gözdən əlil olması səbəbindən İ qrup əlil olması əsası ilə 300 manat, ümumilikdə 570 manat pensiya alır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş qohumluq məlumatlarından isə görünür ki, Cavabdeh hazırda X4 ilə nikahdadır və onun daha üç övladı - xx.xx.2010-cı il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 var. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-441/2011 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri əsaslı dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin gəlirlərinin məbləğini, cavabdehin başqa şəxslə nikahda olduğunu və daha üç övladının olmasını nəzərə alaraq hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-441/2011 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-441/2011 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3854/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3854/2023
20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver