Məhkəmə qərarları › İş №2(060)-3856/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3856/2023

18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3856/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6961/2018 saylı, 27 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğini dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6961/2018 saylı, 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə 29 iyun 2018-ci ildən etibarən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 156 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. İddiaçı 156 manat məbləğində alimentlə uşağını saxlamağa çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Övladının böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günü - gündən artır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Belə ki, o aliment ödənişlərini vaxtında yerinə yetirir. O, yeni nikaha daxil olmuşdur və həmin nikahdan iki uşağı var. Özü kirayə evdə yaşayır. O, hərbi polis idarəsində işləyir və 680,32 manat əmək haqqı alır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1998-ci ildə anadan olmuşdur. Cavabdeh isə xx.xx.1989-cu ildə, Füzuli rayonu, Gövşad kəndində anadan olmuşdur. O, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, H/Polis qornizonu ərazisində qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X5 xx.xx.2015-ci ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası X1r. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6961/2018 saylı, 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə 29 iyun 2018-ci ildən etibarən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 156 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən tərəflər arasındakı nikahın ləğv edilməsi barədə akt qeydi xx.xx.2019-cu ildə, 189 nömrə ilə qeyd edilmişdir. X10 cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsində, 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 177,5 kvadrat metr olan fərdi yaşayış evi iddiaçıya kirayə verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 40 saylı arayışına əsasən cavabdehin vergilər və bütün növ tutulmalar tutulduqdan sonra hər ay aldığı pul məvacibi 680 manat 32 qəpik təşkil edir. Ona ildə bir dəfə 431,65 manat məzuniyyət pulu, 537 manat maddi yardım və 1041, 78 manat virdəfəlik pul mükafatı ödənilir. 2 saylı Sumqayıt Regional “Asan xidmət” X4 xx.xx.2023-cü il tarixli arayışına əsasən “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində cavabdehə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: arvadı: X6 (xx.xx.1989), oğlu: X5 (xx.xx.2015), qızı: X7 (xx.xx.2020). Nikah haqqında şəhadətnamənin surətinə əsasən cavabdeh ilə X8 arasında nikah xx.xx.2020-ci il tarixində, Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada Qurbanova soyadları verilmişdir. Doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X7 xx.xx.2020-ci ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası X3r. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. İddiaçı övladı üçün 220 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh yeni nikaha daxil olmuşdur və həmin nikahdan iki uşağı vardır. Məhkəmə hesab edir ki, bir uşaq üçün cavabdehdən yüksək məbləğdəalimentin tutulması digər uşaqların maddi vəziyyətlərinin çətinləşməsinə səbəb olmamalıdır. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqların mənafeləri nəzərə alınmaqla uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6961/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 175 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6961/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq, hər ay 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin Cavabdeh İddiaçı xeyrinə artırılmış formada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar