Məhkəmə qərarları › İş №2(060)-388/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-388/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-388/2022 17.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 17 yanvar 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.07.2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********79817 olan Samsung Galaxy A8 markalı telefon üçün, 644 manat ödənilməmiş hissə, 186 manat dəbbə pulu olmaqla, ümumilikdə 830 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 29.07.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********79817 olan Samsung Galaxy A8 markalı telefon almış və nəticədə mağazaya 830 (səkkiz yüz otuz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1656 (min altı yüz əlli altı) manat (24 ay x 69 manat + 0 manat ilkin ödəniş ) olan İMEİ Kodu **********79817 olan Samsung Galaxy A8 markalı telefon üçün ümumilikdə 830 (səkkiz yüz otuz) manat olmaqla, ondan, 644 (altı yüz qırx dörd) manat ödənilməmiş hissə, 186 (yüz səksən altı) manat dəbbə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 552 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 460 manat, ümumilikdə, 1012 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. Ona görə də iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 30.11.2021-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, o, 2012-ci ildən 2019-cu ilədək Access Bankda işləmişdir. 2019-cu ilin aprel ayında işdən çıxmışdır. Həmin ərəfədə ABC Telecom MMC-dən ona zəng edilərək telefonun qaytarılması və bunun müqabilində borcun silinəcəyi bildirilmişdir. Telefonun qiyməti 460 manat qiymətləndirilmişdir. O, mübahisəli telefonu iddiaçıya qaytamışdır. Onun ancaq 150 manat borcu qalmalı idi. Bununla bağlı iddiaçı tərəfindən ona rəsmi sənəd də verilmişdir. Həmin sənəd 2019-cu ildən etibarən ondadır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29.07.2018-ci il tarixli, 231015 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən İMEİ Kodu **********79817 olan Samsung Galaxy A8 markalı telefon almışdır. İş materiallarında olan 08.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun "xxxx" MMC-yə müqavilə üzrə 644 manat ödənilməmiş hissə və 186 manat dəbbə pulu olmaqla, cəmi 830 manat məbləğində borcu vardır. İşdə olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 21.06.2021-ci il tarixli, 11748/2 nömrəli məktubdan görünür ki, 29.07.2018-ci il tarixində müqavilənin şərtləri pozulduğuna görə, cavabdehin öz razılığı əsasında mobil telefon, yeni qızıl zəmanət geri qaytarılmış, “Samsung Galaxy A8 2018 DS (SM -A530)” markalı mobil telefon və “Rəqəmsal 2 illik" yeni qızıl zəmanət 460 (dörd yüz altmış) AZN dəyərində qiymətləndirilmiş və ümumi borcdan silinmiş, qalan borcun isə ödənilməsi cavabdehdən xahiş edilmişdir. İşdə olan 06.09.2019-cu il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 29.07.2018-ci il tarixli, 231015 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri üzrə yaranmış 644 (1656-552-460) manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 186 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 20 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 80% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumunun 24 manatı cavabdehdən tutulmalı, 6 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 29.07.2018-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********79817 olan Samsung Galaxy A8 markalı telefon üçün, 644 (altı yüz qırx dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, ümumilikdə 664 (altı yüz altmış dörd) manat borc, 24 (iyirmi dörd) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar