Məhkəmə qərarları › İş №2(060)-3881/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-3881/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3881/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh qızına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3000 manat məbləğində pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3030 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 15 yanvar 2019-cu ildə kredit müqaviləsinə əsasən 3000 manat borca pul vermişdir. Kredit müqaviləsi 15 yanvar 2019-cu ildə Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində təsdiq edilmişdir. Cavabdeh müqavilənin 2-ci bəndinə görə aldığı borcu 15.03.2019-cu il tarixinə qədər qaytarmağı öhdəsinə götürsə də, bu günə qədər aldığı pulu qaytarmamışdır. Hal-hazırda cavabdehin iddiaçıya 3000 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, o, borcu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Cavabdeh tərəfindən borc vaxtında qaytarılmadığı üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. İddiaçı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1976-cı ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə 29.09.1991-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Tərəflər arasında ünvan 3.2019-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 3000 manat məbləğində pul vermiş, cavabeh isə həmin pulu 15.03.2019-cu il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. 15.01.2019-cu il tarixli mədaxil orderindən görünür ki, 3000 manat məbləğində pul iddiaçı tərəfindən notariusun hesabına ödənilmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən kredit müqaviləsinə görə iştirakçılardan biri (kredit verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit verənə qaytarmağı öhdəsinə götürür (739.1). Kredit müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul kredit verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (kreditlu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə kreditludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi kreditlunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən cavabdehə 3000 manat kredit vermişdir. Cavabdeh müqavilənin ikinci bəndinə görə aldığı borcu 15.03.2019-cu il tarixinə qədər qaytarmağı öhdəsinə götürsə də, bu günə qədər aldığı borcu qaytarmamışdır. Buna görə də iddia təmin edilməli, 3000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3000 (üç min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh qızından tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar