Məhkəmə qərarları › İş №2(060)-3882/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3882/2021

16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3882/2021 16.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı vəkili və nümayəndəsi X9 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment və alimentin məbləğinin artırılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6632/2018 saylı 23 iyul 2018-ci il tarixli qiyabi qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh birgə nikahlarından olan 04.10.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi, birgə nikahlarından olan 03.11.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı vəkili və nümayəndəsi X9 iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı 23.01.2015-ci ildə Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 04.10.2015-ci il təvəllüdlü X6 və 03.11.2019-cu il təvəllüdlü X4 adlı iki övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6632/2018 saylı 23 iyul 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 04.10.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment və 04.10.2015-ci il təvəllüdlü X2 3 yaşı tamam olana qədər hər ay 50 manat məbləğində maddi yardım 14.06.2018-ci il tarixdən başlayaraq tutulub iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7344/2018 saylı 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahlarından olan 04.10.2015-ci il təvəllüdlü X2 iddiaçının yanında qalması müəyyən olunmuşdur. Aralarında olan rəsmi nikah pozulsa da, tərəflər barışıb bir ailə kimi bir yerdə yaşayırdılar. 05.01.2021-ci ildə tərəflərin münasibətləri pisləşmiş və həmin vaxtdan onlar ayrı yaşayırlar. Aralarında olan rəsmi nikah pozularkən onların bir övladları var idi. 04.10.2015-ci il təvəllüdlü X6. Tərəflər barışdıqdan sonra onların bir övladları daha olmuşdur. 03.11.2019-cu il təvəllüdlü X4. İddiaçı cavabdehlə 05.01.2021-ci ildən ayrı yaşayır. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi cəhətdən heç bir köməklik etmir. İddiaçı valideynlərinin köməyi ilə uşaqlarını çətinliklə saxlayır. Ona görə də iddiaçı həm alimentin artırılmasını, həm də 03.11.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tutulmasını tələb edir. Alimentin artırılmasına dair hissədə qeyd edir ki, 154 manat məbləğində aliment 2018-ci ildə müəyyən olunub. Həmin vaxt yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. Hazırda həmin məbləğ uşağın saxlanması üçün yetərli deyil. Çünki hazırda yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ona görə də hesab edir ki, qətnamə dəyişdirilməli, alimentin məbləği artırılmalı və tərəflərin birgə nikahlarından olan 04.10.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Birgə nikahlarından olan 03.11.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmasına gəlincə isə hesab edir ki, həmin uşağın saxlanması üçün də 175 manat aliment tutulmalıdır. Çünki qeyd etdiyi kimi hazırda yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6632/2018 saylı 23 iyul 2018-ci il tarixli qiyabi qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh birgə nikahlarından olan 04.10.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi, birgə nikahlarından olan 03.11.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, iddiaçı ilə 23.01.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Sonradan münasibətləri pis olduğu üçün aralarında olan nikah pozulsa da, yenidən barışaraq bir müddət bir yerdə yaşamışlar. Hazırda birgə nikahlarından iki övladları var. O, övladı Əsmənur üçün kəsilən 154 manat alimenti vaxtlı vaxtında ödəyir. O, iddia tələbi üzrə bildirir ki, onun tələb olunan məbləğdə aliment ödəməyə maddi imkanı çatmır. Lakin buna baxmayaraq o, uşaqlara görə ümumilikdə 300 manat aliment ödəyə bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi X9 və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan, AZ-İİİ № 650748 saylı 02.11.2015-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 04.10.2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 5853 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İV № 366524 saylı 24.11.2019-cu il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 03.11.2019-cu il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 7724 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin № 2(060)-7344/2018 saylı, 12.12.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayon qeydiyyat şöbəsində 2015-ci ilin yanvar ayının 23-cü günündə akt qeydləri kitabında 36 nömrə ilə qeydə alınmış nikahın pozulması və nikahın pozulmasından sonra 04 oktyabr 2015-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin № 2(060)-6632/2018 saylı, 23.07.2018-ci il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh 04.10.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment və 04.10.2015-ci il təvəllüdlü X2 3 yaşı tamam olana qədər hər ay 50 (əlli) manat məbləğində maddi yardım 14.06.2018-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 18.03.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 12, mənzil 12-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 18.03.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 massivi, ev 54, mənzil 27-də qeydiyyatdadır. İddiaçı ilkin olaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6632/2018 saylı 23 iyul 2018-ci il tarixli qiyabi qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh birgə nikahlarından olan 04.10.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsini xahiş etmişdir. Məhkəmə bu tələb üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2021-ci il üçün “X8” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 04.10.2015-ci il təvəllüdlü X2 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6632/2018 saylı iş üzrə çıxartdığı 23 iyul 2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 04.10.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 165 (bir yüz altmış beş) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. İddiaçı birgə nikahlarından olan 03.11.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə tələbinə dair məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları va maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Hazırki halda 03 noyabr 2019-cu il təvəllüdlü X1 yaşını, qida və digər zəruri xərclərə tələbatını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqların doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 06.04.2021-ci il tarixdə daxil olmuşdur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Beləliklə, məhkəmə hesab edir кi, iddia tələbi qismən təmin edilməli, məhkəmə Cavabdeh 06.04.2021-ci il tarixdən başlayaraq hər ay 165 (bir yüz altmış beş) manat sabit pul məbləğində alimentin alınıb 03 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6632/2018 saylı 23 iyul 2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 04.10.2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 165 (bir yüz altmış beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 06.04.2021-ci il tarixdən başlayaraq hər ay 165 (bir yüz altmış beş) manat sabit pul məbləğində alimentin alınıb 03 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar