Məhkəmə qərarları › İş №2(060)-3882/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3882/2023

27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3882/2023 27.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4077/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğini dəyişdirilərək, xx.xx.2009-cü il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin və xx.xx.2009-cu il təvəllüdlü X1 müalicəsi ilə bağlı əlavə xərclərə görə 100 manat maddi yardımın alınıb iddiaçıya verilməsi, həmçinin ödənilmiş 50 manat mediasiya xərcinə dair rüsumun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4077/2020 saylı 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə “Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12154/2016 saylı, 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentiin miqdarı dəyişdirilərək xx.xx.2009-cü il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulması, dəyişdirilmiş məbləğdə alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması, xx.xx.2009-cu il təvəllüdlü X1 müalicəsi ilə bağlı əlavə xərclərə görə xx.xx.2020-ci il tarixdən başlayaraq uşaq sağalanadək hər ay 50 (əlli) manat maddi yardım Cavabdeh İddiaçı xeyrinə tutulması və bu hissədə məhkəmə qətnaməsinin dərhal icra olunması” qət olunmuşdur. Hazırda təyin olunmuş alimentlə iddiaçı uşaqlarını saxlamağa çətinlik çəkir. Cavabdeh isə əlavə olaraq heç bir köməklik etmir. Övladlarının böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günü - gündən artır. Hesab edir ki, uşaqlarının menafeyi , onların normal , yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2023-cü il Respublikada uşaqlar üçün yaşayış minimumunun 220 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Oğlu xx.xx.2019-cu il təvəllüdlü X4 anadangəlmə “böyrəküstü vəzin xroniki çatızmamazlığı” dioqnozu xəstədir. İllərdir övladını təkbaşına müayinə və müalicə etdirmişdir.Hal-hazırda Dənizin müalicəsi davam etdirilir. Lakin, cavabdeh əlavə xərclərin ödənilməsində köməklik göstərmir. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. TƏRƏFLƏRİN İZAHATİ: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ MATERİALLARİNDA OLAN: - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4077/2020 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12154/2016 saylı, 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentiin miqdarı dəyişdirilərək xx.xx.2009-cü il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulması, dəyişdirilmiş məbləğdə alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması, xx.xx.2009-cu il təvəllüdlü X1 müalicəsi ilə bağlı əlavə xərclərə görə xx.xx.2020-ci il tarixdən başlayaraq uşaq sağalanadək hər ay 50 (əlli) manat maddi yardım Cavabdeh İddiaçı xeyrinə tutulması və bu hissədə məhkəmə qətnaməsinin dərhal icra olunması qət edilmişdir. - xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023/00943 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. - Forma № 027/U X6 X3 verdiyi Ambulator xəstənin tibbi kartasından çıxarış epikrizindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 böyrəküstü vəzinin qabıq qatının birincili (Adisson xəstəliyi) E 27.1 çatışmazlığı xəstəliyindən əziyyət çəkir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əssən - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əssən - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əssən - Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-ci maddəsinə əssən- Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əssən - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əssən - Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MƏHKƏMƏNİN MÖVQEYİ: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdehin xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı iki övladı vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4077/2020 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12154/2016 saylı, 22 avqust 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentiin miqdarı dəyişdirilərək xx.xx.2009-cü il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulması, dəyişdirilmiş məbləğdə alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması, xx.xx.2009-cu il təvəllüdlü X1 müalicəsi ilə bağlı əlavə xərclərə görə xx.xx.2020-ci il tarixdən başlayaraq uşaq sağalanadək hər ay 50 (əlli) manat maddi yardım Cavabdeh İddiaçı xeyrinə tutulması və bu hissədə məhkəmə qətnaməsinin dərhal icra olunması qət edilmişdir. Uşaqların artmaqda olan tələbatlarını nəzərə alaraq alimentin miqdarının dəyişdirilməsi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4077/2020 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşaqların saxlanması üçün kifayət etmir. Belə ki, uşaqların böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Məhkəmə, tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər biri üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə cavabdehin uşağın xəstliyi ilə əlaqədar iddiaçıdan əlavə xərcin tutulması tələbinə dair hissəyə münasibətdə qeyd edir ki, xx.xx.2009-cu il təvəllüdlü X1 müalicəsi üçün hər ay 100 manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehdən qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4077/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə hər ay üçün 440 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 müalicəsi üçün əlavə xərclərlə əlaqədar hər ay 100 manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən mediasiya xərci ilə əlaqədar ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar