Məhkəmə qərarları › İş №2(060)-3898/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3898/2022

04.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3898/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)- 4066/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmaqla Cavabdeh uşaqları xx.xx.2012-ci il təvəllüdlü Kərimli Ülvinin və xx.xx.2014-cü il təvəllüdlü Kərimli Ümidin yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər birinə 200 manat olmaqla 2 uşağa görə 400 manat sabit pul məbləğində alimentin və məhkəmə, mediasiya xərclərinin onun nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)-4066/2015 saylı qətnaməsinə əsasən onun Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilərək cavabdehdən uşaqları xx.xx.2012-ci il təvəllüdlü Kərimli Ülvinin və xx.xx.2014-cü il təvəllüdlü Kərimli Ümidin yetkinlik yaşma çatanadək saxlanılmaları üçiin hər ay hər birinə 108 manat olmaqla 2 uşağa görə 216 manat məbləğində alimentin tutulması qət edilmişdir (hakim Təhminə Xəlilova). Hazırda Respublika üzrə 1 uşağın saxlanılması minimum 193 manat təşkil edir, uşaqlarının hər ikisi məktəbyaşlıdırlar və onların maddi məsrəfləri ilbəil artır, lakin o, bu məsrəfləri qarşılamaq imkanında deyil, bu da uşaqlarının mənafeyinə mənfi təsir göstərir. Cavabdeh fərdi işlərdə çalışır, qazanc və gəlirə malikdir, maddi imkanı yaxşıdır, buna görə də alimentin sabit pul məbləğində, hər ay üçün hər uşağa 200 manat olmaqla 2 uşağa görə 400 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun bilir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda kirayədə yaşayır, fərdi əməklə məşğuldur, uşaqlarının tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdehin maddi vəziyyəti yaxşıdır, lakin davamlı olaraq alimenti ödəmir, nəticədə uşaqları əziyyət çəkir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişinə və poçt göndərişinin verilməsi haqqında SS747349950AZ saylı xəbərnaməyə əsasən) bildiriş göndərilsə də, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı iki övladları doğulmuşdur. (İş materiallarına əlavə olunmuş AZ-İİİ 119012 və AZ İİİ 265600 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətinə əsasən) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)- 4066/2015 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X1 Cavabdeh qarşı aliment tələbi barədə iddia tələbi təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 108 (bir yüz səkkiz) manat olmaqla, ümumilikdə 216 (iki yüz on altı) manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ İ-208396 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmiş və bu bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci ildə 098 nömrə ilə qeyd edilmiş, arvada Əliyeva soyadı verilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)- 4066/2015 saylı qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahından olan uşaqları 1 və 3 yaşlarında olmuşdurlar. Hazırda isə onun 8 və 10 yaşları var. Bu isə uşağın saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, iddiaçının əmək qabiliyyətli şəxs olduğunu və uşaqların tələbatlarını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-4066/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər uşaq üçün hər ay 175 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 216 manatdan 400 manata dəyişdirilməsini xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 2208 ((400-216) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 42 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-4066/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh oğlundan 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar