Məhkəmə qərarları › İş №2(060)-3900/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3900/2022

20.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3900/2022 20.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı Cavabdeh qarşı “vərəsə tanınma və ləyaqətsiz vərəsə hesab olunma” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vərəsə tanınma və ləyaqətsiz vərəsə hesab olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu mərhum nəvələri – 29.04.2009-cu il təvəllüdlü X4 və 03.08.2014-cü il təvəllüdlü X3 qanun üzrə vərəsəsi tanımaqla yanaşı Cavabdeh onlara nisbətdə ləyaqətsiz vərəsə hesab edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.3-cü maddələrinin tələblərinə əməl olunmadan verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsində cavabdeh qismində Cavabdeh adını və onun şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatları qeyd etsə də, AZEMİS vasitəsilə şəxsin iddia ərizəsində qeyd olunan şəxsiyyət vəsiqəsinin seriyası və FİN məlumatları üzrə sorğu edilərkən – Qoşqar Sabir oğlu adlı şəxs müəyyən edilmişdir. Həmçinin iddia ərizəsinin məzmunundan da göründüyü kimi İddiaçı kürəkəninə – Cavabdeh qarşı iddia qaldırsa da, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X5 ilə X2 arasında olan nikah pozulmuşdur. Bundan əlavə İddiaçı mərhum nəvələri – 29.04.2009-cu il təvəllüdlü X4 və 03.08.2014-cü il təvəllüdlü X3 “vərəsə tanınma və ləyaqətsiz vərəsə hesab olunma” tələbinə dair müraciət etməsinə baxmayaraq vermiş olduğu ərizənin qanunverciliklə nəzərdə tutlmuş forma və məzmun tələblərinə cavab verməyən iddia ərizəsi ilə müraciət etmişdir. Yəni, notariat orqanını maraqlı şəxs qismində qeyd etməmiş, həmin orqana müraciət edib-etməməsi ilə bağlı məlumatları iddia ərizəsinə əlavə etməmişdir. Hazırkı iş üzrə məhkəmə qanunvericiliyin aşağıdakı normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Həmin məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin məhkəmə icraatında baxılmağa götürülməsi mümkün olmamaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunverciliyin tələblərinə əməl etdikdən sonra İddiaçı ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından İddiaçı 10.05.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılmalı, qərardadın icrası X1 həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı “vərəsə tanınma və ləyaqətsiz vərəsə hesab olunma” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı 10.05.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardadın bu hissədə icrası X1 həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar