Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3903/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında Sumqayıt şəhəri 1 saylı Notariat ofisində bağlanmış 20 noyabr 2023-cü il tarixli 3M-1520 reyestr nömrəli Borc müqaviləsi üzrə 11 000 (on bir min) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olan 123 (bir yüz iyirmi üç) manatın, ümumilikdə 11123 (on bir min yüz iyirmi üç) manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə o, qohumluq münasibətlərindədir. Cavabdeh 2023-cü ilin noyabr ayında ona müraciət edərək, təcili 11000 (on bir min) manat pula ehtiyacının olduğunu və 2023-cü ilin dekabr ayının sonunadək geri qaytaracağını bildirdi. Cavabdeh ilə aralarında Sumqayıt şəhəri 1 saylı Notariat ofisində bağlanmış 20 noyabr 2023-cü il tarixli 3M-1520 reyestr nömrəli Borc müqaviləsinə əsasən, o, cavabdehə 11 000 (on bir min) manat borc pul vermiş və cavabdeh həmin pulu 30 dekabr 2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə müddəti 30 dekabr 2023-cü il tarixində bitməsinə baxmayaraq, cavabdeh ondan aldığı 11 000 (on bir min) manatı qaytarmamışdır. Dəfələrlə cavabdehə müraciət edərək ona olan borcunu qaytarmasını xahiş və tələb etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də, mübahisənin qanun çərçivəsində məhkəmələr tərəfindən həll edilməsi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirdib, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “borc müqaviləsi”nin surətindən görünür ki, İddiaçı Cavabdeh 11000 (on bir min) manat məbləğində pul borc verir. “Borc alan” krediti xx.xx.2023-cü il tarixədək tam şəkildə “Borc verənə” qaytarmağı öhdəsinə götürür. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, № CP/07878/95/11 saylı “Kredit sazişi”ndən müəyyən edilir ki, X1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank T.İ.Əhmədzadəyə 48 ay müddətinə illik 19,90% olmaqla 10000 manat məbləğində kredit vermişdir. İşdə olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 01 iyul 2024-cü il tarixli 5872 saylı məktubdan gğrünür ki, X4 Zeynalova qarşı pul tələbinə dair 20 noyabr 2023-cü il tarixli icra qeydi Sumqayıt şəhəri üzrə İcra İdarısinin icraatında yoxdur. İşə əlavə olan Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin 22 iyun 2024-cü il tarixli 2418 saylı məktubdan görünür ki, Sumqayıt şəhəri 1 saylı Notariat ofisində bağlanmş 20 noyabr 2023-cü il tarixli 3M-1520 reyestr nömrəli Borc müqaviləsi ilə əlaqədar borclu Cavabdeh barəsində Sumqayıt şəhər 4 saylı notariat ofisində icra qeydi aparılmamışdır. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərçləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri 1 saylı Notariat ofisində bağlanmış 20 noyabr 2023-cü il tarixli 3M-1520 reyestr nömrəli Borc müqaviləsi üzrə 11000 (on bir min) manat borc məbləğinin, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 123 (bir yüz iyirmi üç) manat, cəmi 11123 (on bir min yüz iyirmi üç) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-3903/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3903/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver