Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3912/2024 18.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-801/2020 saylı qətnaməsinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay, hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bu illər ərzində uşaqların saxlama xərcləri, Respublika üzrə yaşayış minimumu dəfələrlə artmışdır. Lakin cavabdeh hələ də 4 il bundan əvvəl təyin edilmiş alimenti ödəyir və özü könüllü olaraq alimenti artırmaq istəmir. İddiaçı bu barədə cavabdehə mediasiya təklifi göndərdi, cavab olmadı, sonra mediasiya təşkilatına müraciət etdi,mediator mediasiya prosesi təyin etdi, cavabdehlə əlaqə saxlanılaraq dəvət edildi, lakin cavabdeh mediasiya prosesində alimenti artırmağa razılaşmadı, mediator bu barədə arayış tərtib etdi, mediasiya xərci olaraq 50 manat iddiaçı tərəfindən ödəndi. Hazırda Respublika üzrə uşaqların yaşayış minimumu 235 manat təyin edilmişdir. Uşaqlar artıq çox böyüyüblər və tələbatları, məktəb və saxlanma xərcləri artıb. İddiaçı təkbaşına bunun öhdəsindən gələ bilmir, cavabdeh iddiaçını qeydiyyatdan çıxardığı üçün vəsiqə də etibarsız olub və iddiaçı heç yerdə işləyə də bilmir, cavabdeh isə uşaqları saxlamağa borclu olmasına baxmayaraq, bunu könüllü surətdə etmək istəmir, ona görə də məhkəmə qaydasında alimentin artırılması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)- 801/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci təvəllüdlü X1 yetkinlik yaşma çatana qədər saxlanması üçün Cavabdeh hər ay, hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin, eləcə də mediasiya xərci olan 50 manatın cavabdehdən tutlaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
7. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 801/2020 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci i təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin tutulması xx.xx.2019-cu il tarixdən hesablanması, Cavabdeh 15 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət etmişdir.
9. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00928 saylı arayışa əsasən, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin nikah münasibətlərindən iki uşaqları anadan olmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(060)-801/2020 saylı qətnaməsinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci i təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşağa görə 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı övladları barəsində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay, hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh iddia tələbinə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
13. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
14. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
15. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
16. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
17. Məhkəmə, hazırda uşaqların saxlanılmaları üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmalarına kifayət etməməsi ilə bağlı iddiaçının izahatını, cavabdehin izahatını, iddiaçının işsizliyini nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması məqsədəmüvafiqdir.
18. Məhkəmə qeyd edir ki, uşaqlardan ayrı yaşayan valideynlərdən birinin üzərinə aliment öhdəliyinin qoyulması birmənalı olaraq həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki uşağın ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün tələb olunan bütün digər zəruri xərclər onun himayəsində qaldığı valideyinin üzərinə düşür. Həmçinin, yetkinlik yaşına çatmayan uşaqların anasının himayəsində olması, gündəlik qayğıları ilə ananın təkbaşına məşğul olması, uşaqların atalarının diqqətindən və qayğısından kənar qalması da nəzərə alınmalıdır.
19. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir.
20. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır.
21. Həmçinin, Konstitusiyanın 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1, 29.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
23. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, cavabdeh bir valideyn kimi uşaqlarını maddi cəhətdən təmin etməyə borclu olduğu kimi, iddiaçı da valideyn olaraq öz uşağını saxlamağa borcludur.
25. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
26. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
27. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
28. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
29. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
30. Beləliklə, məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, bununla yanaşı birgə nikahdan olan uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən müəyyən müddət keçdiyini və bu müddət ərzində uşaqların böyüməklə tələbatlarının da artdığını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-801/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment, həmçinin iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
37. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
38. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
39. Alimentin artırılması ilə bağlı iddiaların hesablanması zamanı əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı nəzərə alınmalıdır.
40. Göründüyü kimi əvvəlki qətnamə ilə alimentin məbləği sabit məbləğdə ümumilikdə 300 manat müəyyən edilmişdir. Hazırda 470 manat alimentin tutulması tələb edilir. Belə olan halda (470-300=170 manat. 170 manat x 12 ay = 2040 manat) iddianın qiyməti 1.000 manatdan çox olduğu üçün 40,40 manat dövlət rüsumu ödəniləcəkdir.
41. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir.
42. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 40,40 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət gəlirlərinə alınmalıdır.
Nəticə hissəsi:
43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-801/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 40,40 (qırx manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva