Məhkəmə qərarları › İş №2(060)-3914/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3914/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3914/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “FİNCA Azerbaijan” MM QBKT (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 11189,57 manatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2015-ci il tarixli, **********4005 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 26 faiz olmaqla 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən hər ay 608 manat olmaqla borclunun bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zaminlər qismində sözügedən kredit müqaviləsinin tərəfləri olmuşlar. Cavabdeh1 öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 14.01.2015-ci il tarixli kredit müqaviləsi 17.06.2016-cı il tarixli **********12479 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi əsas borc üzrə 11649 manat müəyyən edilmişdir. Lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə iddia ərizəsində göstərilən məbləğdə iddiaçıya borcu qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 21.05.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. 25.08.2021-ci il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1964-cü ildə, digər cavabdehlər Cavabdeh2 xx.xx.1974-cü ildə, Cavabdeh3 isə xx.xx.1965-ci ildə anadan olmuşlar. Cavabdeh1 hazırda ünvan 1 ünvanında, Cavabdeh2 ünvan 2 ünvanında, Cavabdeh3 isə ünvan 3da qeydiyyatdadırlar. İddiaçı ilə cavabdehlər arasında bağlanmış 14.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdeh Cavabdeh1 36 ay müddətinə, illik 26 faizlə 15000 manat kredit vermiş, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin kredit müqaviləsi üzrə zamin olmuşlar. Ödəniş cədvəlinə əsasən Cavabdeh1 36 ay müddətinə hər ay 608 manat, sonuncu ay isə 564 manat ödəniş etməli idi. Həmin kredit müqaviləsinin restrukturizasiyasına dair Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 17.06.2016-cı il tarixli sazişə əsasən cavabdehin kredit borcu 12 ay müddətinə ödənilmək şərti ilə 11649 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəlinə əsasən həmin borc 17.06.2017-ci il tarixinə kimi hər ay 80 manat ödəniş edilməklə ödənilməli idi. 11.03.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1n kredit müqaviləsi üzrə borcu əsas borc üzrə 11189,57 manat təşkil edir. 25.08.2021-ci il tarixdə məhəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 13.08.2021-ci il tarixli, 9/4672 saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 17.06.2021-ci il tarixinə borcu əsas borc üzrə 11649 manat təşkil edir. İşdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və sonradan həmin müqavilə saziş əsasında restrukturizasiya edilmişdir. Lakin, Cavabdeh1 kredit müqaviləsinə və sazişə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş bu səbəbdən iddia ərizəsində göstərilən məbləğdə banka əsas borcu qalmışdır. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 və Cavabdeh3 14.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşlar. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi iddiaçı ilə cavabdehlər arasında bağlanmış 14.01.2015-ci il tarixli kredit müqaviləsində Cavabdeh1 əsas borclu, digər cavabdehlər isə zamin kimi çıxış etmişlər. Həmin müqavilə 17.06.2016-cı il tarixli müqavilə ilə restrukturizasiya edilmiş və öhdəliyin icra müddəti 17.06.2017-ci il tarixinə kimi müəyyən edilmişdir. İddiaçı həmin vaxtdan bir il ərzində zaminlərə qarşı iddia qaldırmalı olduğu halda bunu etməmişdir. Bu səbəbdən iddia zaminlərə aid hissədə təmin edilə bilməz. Bu səbəbdən iddia qismən təmin edilməli, 11189,57 manat məbləğində əsas borc yalnız Cavabdeh1 tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 11189 (on bir min yüz səksən doqquz) manat 57 (əlli yeddi) qəpik borc və 15 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar