Məhkəmə qərarları › İş №2(060)-3923/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3923/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3923/2021 02.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasına dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC-nin “Nəqliyyat” filialı ilə X5 arasında bağlanmış 29.03.2019-cu il tarixli, BPM**********29 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 50 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 4000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.4.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 24.07.2019-cu il tarixdə vəfat etmişdir. Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 13.01.2021-ci il tarixli 124 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və Cavabdeh X15 X11 verilmişdir. Bank tərəfindən təqdim edilmiş 22.01.2021-ci il tarixli maliyyə arayışına əsasən, X3 vəfat etdiyi tarixə banka ödənilməmiş 3785,90 manat əsas, 2,58 manat faiz borcu olmaqla, cəmi 3788,48 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın “xxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən mərhum X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx” ASC-nin xeyrinə 3785,90 manat əsas, 2,58 manat faiz borcu olmaqla, cəmi 3788,48 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X12 cavabdeh X6 ilə heç cür əlaqə yarada bilmədiyini, 2019-cu ildə 50 ay müddətində müqavilə bağlandığını, 2019cu ildə də X3 rəhmətə getdiyini, vəfat edənə qədər 512 manat olmaqla ödəniş edildiyini, vəfat etdikdən sonra faizin dayandırıldığını, sonradan ödəniş olunduğunu, lakin, kim tərəfindən ödənildiyinin bilinmədiyini, ola bilsin ki, sistem tərəfindən hər hansısa bir hesabdan avtomatik ödənişlərin tutulduğunu bildirdi. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X8 izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 22 yanvar 2021-ci il tarixli, 21/95 nömrəli maliyyə arayışından görünür ki, X3 29.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 22.01.2021-ci il tarixə 3785,90 manat əsas borc, 2,58 manat faiz borcu, cəmi 3788,48 manat borcu vardır. İş materiallarında olan iddiaçı «xxxx» ASC ilə X5 arasında bağlanmış 29.03.2019cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X4 illik 24 faiz ödənilməsi şərti ilə 50 ay müddətində 4000 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materallarında olan ödəniş cədvəlindən görünür ki, X5 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 29.04.2019-cu il tarixdən başlayaraq 29.05.2023-cü il tarixinədək hər ay banka 127,3 manat, sonuncu ay 126,64 manat, ümumilikdə 6364,34 manat ödəməklə qaytarmalıdır. İş materiallarına əlavə edilmiş iddiaçı «xxxx» ASC-nin Cavabdeh ünvanladığı 14.01.2021-ci il tarixli, 22-395/2021 nömrəli xəbərdarlıqdan görünür ki, cavabdehə bank tərəfindən mərhum X3 29.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. İş materiallarında olan Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin iddiaçının sorğusuna göndərdiyi 13.01.2021-ci il tarixli, 124 nömrəli cavab məktubundan görünür ki, 24.07.2019-cu ildə vəfat etmiş X3 vərəsəsi Cavabdeh X15 X11 verilmişdir. İş materiallarında olan Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 20.08.2020-ci il tarixli, 2944 nömrəli məktubundan görünür ki, 24.07.2019-cu il tarixində vəfat etmiş X3 vərəsəsi qismində Cavabdeh müraciət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 24 iyul 2019-cu il tarixində ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarından müəyyən edilir ki, iddiaçı «xxxx» ASC X5 arasında bağlanmış 29.03.2019-cu il tarixli kredit müqaviləsinə əsasən X4 50 ay müddətinə illik 24 % dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. X5 24.07.2019-cu il tarixdə vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirə bilməmiş, nəticədə 22.01.2021ci il tarixinə iddiaçı «xxxx» Bankı ASC-yə 29.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3785,90 manat əsas borc, 2,58 manat faiz borcu, cəmi 3788,48 manat məbləğində borcu yaranmışdır. Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 20.08.2020-ci il tarixli, 2944 nömrəli məktubundan görünür ki, 24.07.2019-cu il tarixində vəfat etmiş X3 vərəsəsi qismində Cavabdeh müraciət etmiş və miras qalmış əmlaka dair X15 X11 Cavabdeh verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulmasına dair iddiası təmin edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx” ASC-nin xeyrinə 3785,90 (üç min yeddi yüz səksən beş manat doxsan qəpik) manat əsas, 2,58 (iki manat əlli səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 3788,48 (üç min yeddi yüz səksən səkkiz manat qırx səkkiz qəpik) manat məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı, ümumilikdə 3818,88 (üç min səkkiz yüz on səkkiz manat səksən səkkiz qəpik) manat pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar