Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3927/2022 12.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzilə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, Cavabdeh4 cavabdehlər sırasından çıxarmış, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil2 elektron kabinet vasitəsilə qarşılıqlı iddia ərizəsi verərək, Cavabdeh1 tərəfindən mənzilə çəkilmiş 30.000 manatın İddiaçı alınaraq Cavabdeh1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh1 nümayəndəsi Vəkil2 qeyd edilən qərardaddan şikayət vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2319/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə o təmin edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş, xx.xx.2022-ci il tarixli qərardadı ilə isə hazırki mülki işdən, qarşılıqlı iddia tələbi ayrıca icraata ayrılmışdır. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.2 m2-dən ibarət olan 79 saylı mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Mənzil 1989-cu ildə dövlət tərəfindən ona verilmişdir. Cavabdehlərdən Cavabdeh2 bacısı, Cavabdeh1 bacısının həyat yoldaşı və Cavabdeh3 isə bacısının övladıdır. Cavabdehlər uzun illərdir onun mülkiyyətində olan mənzildə yaşayırlar. Zamanında mənzilə ehtiyacı olmadığı üçün bacısına və onun ailəsinə mənzildə yaşamalarına icazə vermişdir. Lakin, cavabdehlərlə şərt kəsmişdir ki, ev alıb çıxsınlar. İndi isə özünün mənzilə ehtiyacı vardır. Uşaqları ailə həyatı qurmuş, bu barədə cavabdehlərə dəfələrlə mənzildən çıxmalarını tələb etsə də, onlar mənzili tərk etmirlər. Hətta cavabdehlərin onun mənzilinə necə qeydiyyata düşmələri barədə heç bir məlumatı yoxdur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdilər və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 (Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi) izahatında göstərdi ki, o ərizəçinin bacısı olan Cavabdeh2 həyat yoldaşıdır. O, həmçinin digər cavabdehlər əvvəlindən, yəni 1989-cu ildən iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə yaşayırlar. Belə ki, onlar, iddiaçı həyət evində yaşamağa üstünlük verdiyindən sözügedən mənzillə onun torpaq sahəsini dəyişmişlər. Əvvəldən mübahisəli mənzildə onlar yaşamış, iddiaçı isə bir gün də olsun həmin mənzildə yaşamamışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Əlavə olaraq iddiaçının sözügedən torpaq sahəsini ev ilə birlikdə satdığını və onlara da pul vermədiyini bildirdi. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və Cavabdeh1 nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 19 saylı evin, 79 saylı mənzilin mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. - Texniki Pasportdan görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 19 saylı evin, 79 saylı mənzilin in mülkiyyətçisi İddiaçıdur. - Azərbaycan Respublikası DİN-nin ******* №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 19 saylı evin, 79 saylı mənzilində qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 19 saylı Mənzil-Kommunal Səhəsinin 518 nömrəli arayışından görünür ki, cavabdehlər Cavabdeh2 1993-cü ildən, Cavabdeh1 1993-cü ildən və Cavabdeh3 1993-cü ildən Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 19 saylı evin, 79 saylı mənzilində qeydiyyatdadırlar. - Dörd nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 19 saylı Mənzil-Kommunal Səhəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh1 1989cu ildən Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 19 saylı evin, 79 saylı mənzilində ailəsi ilə birlikdə yaşayırlar. - AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 79 saylı mənzil xx.xx.2007-ci il tarixli, 1220 nömrəli arxiv çıxarışı, 19 saylı MİS tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 4847 saylı mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 2 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2010-cu il tarixli, 4Ə1/140 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X1 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7671/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında mənzil üzərində X1 qeydə alınmış mülkiyyət hüququ ləğv edilmiş və İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. - AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəmənin soruğusuna əsasən xx.xx.2022-ci il tarixli məktubla göndərilən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 19 saylı evin, 79 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 161 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. - Həmin məktubla göndərilən xx.xx.1988-ci il tarixli, 31 №-li protokol əsasında verilən orderdən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 19 saylı evin, 79 saylı mənzilinin icarədarı İddiaçıdur. - Həmin orderdən görünür ki, İddiaçı icarədər, İradə Məmmədova - İddiaçı həyat yoldaşı, Ramin Məmmədov və Emin Məmmədov - İddiaçı oğludur. - AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Sumqayıt Regional vəkil bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 01 nömrəli protokoldan çıxarışı əsasında Cavabdeh1 adına Sumqayıt şəhəri, 16-cı mikrorayon ünvanında yerləşən 83a saylı fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2000-ci il tarixli, 3M- 298 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən daşınmaz əmlak üzərində Mir-Sədi-X2 mülkiyyət hüququ qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 19 saylı evin 79 saylı mənzilinin icarədarı xx.xx.1988-ci il tarixli, 31 №-li protokol əsasında verilən orderə əsasən İddiaçı olmuşdur və sözügedən mənzil xx.xx.2007-ci il və xx.xx.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsusdur. Cavabdehlərdən Cavabdeh2 iddiaçının bacısı, Cavabdeh1 bacısının həyat yoldaşı və Cavabdeh3 isə bacısının övladıdır. Cavabdehlər uzun illərdir iddiaçının mülkiyyətində olan mənzildə yaşayırlar. İddiaçı cavabdehlərin mənzildə məskunlaşmalarına icazə vermiş, özü isə orada onlarla heç vaxt birgə yaşamamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli mənzildən istifadə ilə əlaqədar hüquq münasibətləri 1989-cu ildə yaranmış və bu zaman yaşayış sahəsi xüsusi mülkiyyətdə olmamışdır. Bu dövrdə mübahisəli mənzilin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilirdi. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, mübahisəli bu hüquq münasibəti 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı – mənzilin icarədarı, cavabdehlərlə - digər şəxslərlə mübahisəli mənzildə birlikdə yaşayıb ümumi təsərrüfat aparmadıqlarından tərəflər ailə üzvü hesab olunmurlar. Ona görə də cavabdehlər mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarına malik deyildirlər. Cavabdehin həmin mənzildə qeydiyyatda olması bu hissədə iddianın təmini üçün əsas ola bilməz, çünki pasport qeydiyyatı, öz-özlüyündə, cavabdehin həmin mənzildən istifadə hüququnu yaratmamışdır. Odur ki, yaranmayan hüququn itirilməsi (xitam) barədə tələb əsassızdır. İddiaçı sözügedən əmlakın mülkiyyətçisi kimi onun barəsində öz mülahizəsiilə istənilən hərəkətləri etmək, üzərində başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən onu geri tələb etmək hüquqlarına malik olduğundan cavabdehlərin mənzildən çıxarılmalarına dair tələb əsaslıdır. Belə ki, cavabdehlərin mübahisəli mənzildə yaşamalarının hər hansı hüquqi əsası mövcud deyildir.Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərindəki hüquqları mülkiyyət hüquqlarının müdafiəsi kontekstində qorunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 19 saylı evin 79 saylı mənzilindən çıxarılmalıdırlar. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 19 saylı evin 79 saylı mənzilindən çıxarılsınlar. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3927/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3927/2022
12.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver