Məhkəmə qərarları › İş №2(060)-3928/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3928/2023

22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3928/2023 22.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4700 manat və ödənilmiş 67 manat dövlət rüsumu olmaqla, cəmi 4767 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə tanış olduğu Cavabdeh ailə qurmaq, birgə yaşamaq məqsədilə onu aldadaraq xx.xx.2022-ci il tarixdə kəbin kəsdirmək adı ilə məscidə aparmışdır. Lakin, kəbin kağızını tələb etdikdə “sonra verərəm” deyərək kağızı ona verməmişdir. Sonradan məlum olmuşdur ki, bu qurma yalan imiş. Cavabdeh onun etibarından suiistifadə edərək, aldatmaqla ayrı-ayrı vaxtlarda əvvəlcə xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 470 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə 650 manat və əlavə olaraq kartla göndərdiyi digər məbləğlərlə birgə ümumilikdə 4700 manat məbləğində pulu ondan almış və geri qaytarmamışdır. O, dəfələrlə cavabdehdən pulu qaytarmasını tələb etsə də, sonuncu ona hər dəfə başqa vədlər verərək pulu qaytarmaqdan yayınmışdır. Belə olduğu halda xx.xx.2022-ci il tarixdə cavabdeh Saray qəsəbəsində yaşadığı üçün Abşeron rayonu Polis İdarəsinin Saray qəsəbəsində yerləşən polis bölməsinə etdiyi qanunsuz əməlləri ilə bağlı şikayət etmişdir. Lakin, polis bölməsində bu işin mülki xarakterli olduğu ona bildirilərək şikayətə baxılmamışdır. Dekabr ayının sonunda AR DİN-nin 102 polis xidmətinə zəng edərək Cavabdeh borc verdiyini və borcunu qaytarmadığı üçün şikayətçi olduğunu bildirmişdir. Müraciəti Sumqayıt şəhər 4 saylı polis bölməsinə yönləndirilmiş, orada Cavabdeh izahat alınmış və sonuncu öz izahatında ondan borc pul aldığını etiraf etmişdir. Lakin, zaman keçdikcə pulun ona qaytarılması istiqamətində hər hansı bir nəticə əldə edilməmişdir. Cavabdehin ona olan borcu 4700 manat təşkil edir. Ona görə də həmin borcun cavabdehdən alınması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, 5243- 7544-4063-5017 №-li kart ona məxsusdur. Bundan başqa bildirdi ki, cavabdehə 1500 manat əlbəəl, 500 manat leobank və 1500 manat da tamkart vasitəsilə borc pul vermişdir. Həmçinin, 650 manat onun avtomobilinə monitor və çexol alması üçün pul vermişdir. Cavabdeh həmin puldan cəmi 350 manat qaytarmışdır. Qalan borcu ödəyə bilmək üçün bankdan kredit götürmüş və hazırda aylıq 184 manat kredit ödəyir. Çexol və monitoru alarkən 200 manat ilkin ödəniş etmiş, 450 manat isə "xxxx" QSC-dən kredit götürmüşdür. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, 4098-5844-6268-9280 №-li Leo Bank kartı; 4169-7414-6537-5085 №-li Kapital Bank kartı və 5167-5123-4996-8792 №-li Beynəlxalq Bank kartı ona məxsusdur. O, eyni zamanda qeyd etdi ki, iddiaçı ona 1500 manat faizə pul götürərək əlbəəl, 500 manat leokart və 1500 manat da tamkart vasitəsilə borc pul vermişdir. Çexol və monitoru isə ona hədiyyə etmişdir. Həmin puldan 350 manat qaytarmışdır. Avtomobili kreditlə aldığından krediti ödəyə bilmədiyi üçün qaytarmalı olmuş və çexolla monitor avtomobildə qalmışdır. Avtomobili təhvil verməmişdən öncə çexolla monitoru iddiaçıya vermək istəsə də, o, götürməmişdir. Kart hesabına iddiaçının köçürdüyü digər məbləğlər isə gündəlik tələbat malları və ərzaq məhsullarının alınması üçün ona verilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli Sumqayıt Şəhər Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Ehtiram adlı şəxsin əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, iddianı qismən, yəni 3500 manat hissəsində qəbul edir. - Qəbzlərdən görünür ki, cavabdeh ümumi 350 manat ödəniş etmişdir. - xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı satıcı X1 6 ay müddətinə hər ay 75 manat ödəmək şətilə 450 manat məbləğində monitor kamera almışdır. - İddiaçı məxsus Leobank hesabından çıxarışdan görünür ki, cavabdehin kartlarına xx.xx.2022-ci ildə 40 manat; xx.xx.2022-ci ildə 30 manat; 15.112022-ci və xx.xx.2022-ci il tarixlərdə cəmi 10 manat; xx.xx.2022-ci ildə 12 manat; xx.xx.2022-ci ildə 470 manat olmaqla,cəmi 562 manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halı kimi cavabdehin iddiaçıdan 1500 manat əlbəəl, 2000 manat isə bank kartına köçürülmə yolu ilə borc alması müəyyən olundu. Bundan 350 manat pulu cavabdeh iddiaçıya qaytarmışdır. Qeyd olunan halları tərəflər qarşılıqlı etiraf etmişlər. İşin mübahisəli halı iddiaçıya 650 manat müqabilində cavabdehin sonradan qaytaracağı vədi ilə avtomobili üçün monitor kamera aldırması, eləcə də sonuncunun kart hesabına ayrı-ayrı vaxtlarda, ümumilikdə 550 manat pul köçürülməsidir. Həmin halları cavabdeh təkzib etməsə də, monitor kameranın iddiaçı tərəfindən hədiyyə alındığını, kart hesabına köçürülən sözügedən məbləğin isə gündəlik tələbat malları və ərzaq məhsulları almaq üçün verildiyini bildirmiş, lakin bu dəlillərini təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehin sözügedən tələbləri tam və ya qismən təkzib, bunun əksini sübut edə bilməməsini, eləcə də avtomobil üçün alınmış vəsaitə 450 manat pul xərclənməsini nəzərə alaraq, hesab edir ki, Cavabdeh etiraf etdiyi məbləğdən (3500 manat) başqa İddiaçı 1000 manat da (450 manat kamera üçün və 550 manat bank kartına köçürülən pul) pul almışdır. Göründüyü kimi, tərəflər arasında borc münasibələrindən irəli gələn öhdəliyə əsaslanan borclu kreditor hüquq və vəzifələri yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıya ondan aldığı pulun borc verənə qaytarmaq öhdəliyinin daşıyıcısı olduğuna baxmayaraq, bunu yerinə yetirmədiyindən, iddia 4150 manat həcmində əsaslıdır. Belə ki, iddiada tələb olunan 4700 manat pulun 200 manat verilməsi hissəsi iddiaçı tərəfindən sübuta yetirilməmiş, 350 manatı isə cavabdeh geri qaytarmışdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 61.50 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən 3150 manat borc və ödənilmiş 61.50 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4150 manat borc və ödənilmiş 61.50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar