Məhkəmə qərarları › İş №2(060)-3931/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3931/2023

31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3931/2023 31.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun vəkilləri Vəkil3 və (eyni zamanda nümayəndəsi) Vəkil1, cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhərində Şəhidlər Xiyabanı və İstirahət parkının inşası zamanı Sumqayıt Şəhər icra Hakimiyyətinə ümumi dəyəri 276.000 manatlıq tikinti və dekorasiya materialları vermişdir. İddiaçı bu materialları “Çanakqala" Kafel, Metlax və Keramika mağazasından, Balaxanıda yerləşən daş sexindən və “Sədərək” TM-dən alıb vermişdir. Materiallar bunlardır: 1. Kerma qranit 45x45, 400.00/xx.xx/6400.00; 2. Kermo qranit 45x45, 400.00-xx.xx/6400.00; 3. Кеrmo qranit 45x45, 400.00-xx.xx/6400.00, 4. Kermo qranit 45x45, 400.00-xx.xx/6400.00, cəmi 25600.00 man.; 1.Tamet 20x10 adi-578.00/8.50/4913.00; 2.Tamet 20x10 adi- 578.00/8.50/4913.00; 3.Setka aqlay-80.00/4.00/320.00; 4.Nəqliyyat tamet- 4.00/200.00/800.00; 5. Nəqliyyat setka qazel-1.00/50.00/50.00; 6. Fəhlə tamet avtokar- 1.00/50.00/50.00, cəmi 11046.00 man.; 1.Armatur 12mm tonla (Baku Steel)- 2.20/12xx.xx/2750.00; 2.Armatur 14mm tonla (Baku Steel)-6.40/12xx.xx/8000.00; 3.Armatur 16mm tonla (Baku 5teel)-3.20/12xx.xx/4000.00; 4.Armatur 18mm tonla ( Baku Steel)-2.60/12xx.xx/3250.00; 5. Katinka 8 tonla-2.40/13xx.xx/3120.00; 6. fəhlə- 1.00/20.00/20.00; 7. Nəqliyyat-1.00/160.00/160.00, cəmi 21300.00 man.; 1. Armatur 12 mm tonla-4.70/11xx.xx/5428.00; 2. Armatur 14 mm tonla -7.30/10xx.xx/7738.00; 3. Armatur 16 mm tonla-2.10/10xx.xx/2226.00; 4. Armatur 18 mm tonla - 2.40/10xx.xx/2544.00; 5. Katinka 8-14400.00/0.60/200.00; 6. Məftil yanmış- 80.00/2.50/200.00; 7. Fəhlə-1.00/20.00/20.00; 8.Nəqliyyat-1.00/160.00/160.00, cəmi 26956.50 man.; 1. Mismar 70-25.00/2.40/60.00; 2. Mismar 100-25.00/2.40/60.00; 3. Dupel 100-15.00/5.00/75.00; 4.CilozTUT-1800.00/2.50/4500.00; 5-Ciloz açarı-2.00/80.00/160.00;

6. Taxta 5x10-10.00/4xx.xx/4500.00; 7. Dikt 18mm-147.00/xx.xx/7497.00, cəmi 16852.00 man.; 1.Armatur 18 mm tonla-2.00/11xx.xx/2200.00; 2. Armatur 16 mm tonla- 1.50/11xx.xx/1650.00; 3.Armatur 14 mm tonla-2.40/11xx.xx/2640.00; 4.Armatur 12 mm tonla-2.60/11xx.xx/2860.00; 5. Nəqliyyat-1.00/300.00/300.00, cəmi 9650,00 man. və digər inşaat materialları cəmi 276 000 manat, bu borcdan 40 000 manat ödənilib, yerdə qalan 236 000 manat borclu qalıblar və ödəməkdən yayınırlar. Göstərilənlərə əsasən borclu olduqları 236.000 manat pulun cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı, onun vəkilləri Vəkil3 və (eyni zamanda nümayəndəsi) Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

4. Məhkəmə iclasında cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin Sumqayıt Şəhər İcra Hakimiyyətinə münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunda qeyd edilmişdir ki, Sumqayıt Şəhər icra Hakimiyyətinin Tikinti şöbəsinin rəisi-baş memar vəzifəsində işləyən X2 Cavabdeh2 tərəfindən barəsində rüsvayedici məlumatların yayılacağı hədəsi faktına dair Sumqayıt şəhər prokurorluğundan Baş İdarəyə daxil olmuş material üzrə araşdırma aparılmaqla 27 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Cavabdeh2 bir neçə şəxsdən borc pul və nisyə inşaat malları alaraq borcunu qaytarmaması xüsusatları mülki-hüquqi xarakterli olduğundan, tərəflərə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması barədə izahat verilmişdir. Bundan başqa, araşdırma zamanı Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı ümumilikdə 817000 manatlıq tikinti materialları götürmüş, həmin vəsaitin 650000 manatını ödəmiş, 167000 manatı isə borc qismində qalmışdır.

8. İş materiallarında olan "xxxx" MMC-nin direktoru Cavabdeh2 Sumqayıt Şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhəri Şəhidlər Xiyabanında görülmüş yenidən qurma və abadlıq işlərini tamamlandıqdan sonra ödənilməmiş vəsaitlə əlaqədar aralarında yaranmış anlaşılmazlıq aradan qaldırılmışdır. Ona çatacaq vəsait tam ödənilmişdir, borc qalmamışdır, Şəhidlər Xiyabanına dair iddiası yoxdur və gələcəkdə də olmayacaqdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhərində Şəhidlər Xiyabanının və şəhərin bir neçə küçələrində abadlıq və təmir işlərinin aparılmasına dair açıq tender elan olunmuşdur. İddiaçı Cavabdeh2 sifarişi əsasında tikinti materiallarını ona təhvil vermiş, Cavabdeh2 isə həmin materialların pulunu tam ödəməyərək, iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmişdir. Hazırda İddiaçı tikinti materiallarının məhz Sumqayıt Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında Cavabdeh2 təhvil verdiyini iddia edərək, ödənilməmiş məbləğin hər iki cavabdehlərdən tutulmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Eyni Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

13. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Hazırki işdə tərəflərin izahatından və iş materiallarından aydın olur ki, tərəflər bir-biri ilə tapşırıq müqaviləsi münasibətində olmuşlar.

15. Mülki Məcəllənin 777.1-ci və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər.

16. Göründüyü kimi, tapşırıq müqaviləsində vəkalət alan, konkret müddətə bağlı olmadan və nəticə əldə edilməməsi riskini daşımadan vəkalət verənin mənfəətinə və iradəsinə uyğun bir nəticəyə yönələn iş görməyi öhdəsinə götürür. Bu razılaşma ilə vəkalət alanın vəkalət verən qarşısında maddi və ya hüquqi hərkətlərə dair iş görmə borcu yaranır. Bununla belə, vəkalət alanın işi görülən şəxs qarşısında mənfəətinin olması və çəkdiyi xərclərin əvəzini tələb etməsi istisna edilmir (Mülki Məcəllə, maddə 783.1, 783.2.).

17. Yuxarıda qeyd olunanlardan görünür ki, Cavabdeh2 İddiaçı ümumilikdə 817000 manatlıq tikinti materialları götürdüyünü, həmin vəsaitin 650000 manatının ödədəyini, 167000 manatının isə borc qismində qaldığını Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində etiraf etmiş, habelə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, həmin pulu iddiaçıya geri qaytarmamışdır.

18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi pulun tutulması hissəsində qismən təmin edilməli, ödənilməmiş məbləğ 167.000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə münasibətdə təmin edilməməlidir.

19. İddianın cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə münasibətdə və qalan 69.000 manat hissəsi ilə bağlı isə məhkəməyə qeyd edir ki, iddiaçı cavabdehlərin ona 236.000 manat məbləğində borclu olduqlarını bildirsə də, borcun məhz Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ödənilməli olmasını və həmin məbləğdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yalnız 167.000 manatla bağlı Cavabdeh2 etirafı olmasına dair sübut iş materiallarında öz əksini tapmışdır.

20. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi qaimələrlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin qaimələrin “təhvil aldım” hissələrindəki imzalar cavabdehlərə aid deyildir. Ona görə də həmin qaimələr iş üzrə sübut kimi qəbul edilə bilməz.

21. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

22. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməli və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır.

23. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı tərəfindən üzərinə düşən sübutetmə yükü tələb edilən 236.000 manat pul vəsaitinin cavabdehlərin ona borclu olması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitinin cavabdehlər tərəfindən ödənilməli olduğunu sübut etməsi yükü iddiaçının üzərinə düşür.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər.

25. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

26. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

27. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

28. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

29. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

30. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

31. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

32. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 167.000 (bir yüz altmış yeddi min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə və cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə münasibətdə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 167.000 (bir yüz altmış yeddi min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə və cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar